Nazirin təklifi bəyənilir:"Vergi dərəcələrinin aşağı salınması effektiv addım olacaq”




Yeni vergilər naziri Mikayıl Cabbarov kiçik və orta sahibkarları sevindirəcək təkliflərlə çıxış edib. O qeyd edib ki, bu il büdcə paketinə bir sıra təkliflər təqdim olunacaq. Onun sözlərinə görə, bunlar artıq aidiyyatı qurumlarla müzakirə edilir: "Təklif edilən dəyişikliklər mikro və kiçik sahibkarlıq subyektlərinin vergi yükünün əhəmiyyətli dərəcədə azaldılmasına yönəldiləcək.

Təşəbbüsü dəyərləndirən İqtisadçı-ekspert Natiq Cəfərli "Sherg.az"a söyləyib ki, bu, çoxdan gözlənilən addım idi:

"Xırda və kiçik sahibkarlara dəstək üçün müxtəlif addımlar atılıb. Amma bu günə qədər ciddi bir effekt görülməyib.Bununda iki səbəbi var. Birinci səbəbi ondan ibarətdir ki, kiçik və orta sahibkarların uzunmüddətli və aşağı faizli kreditlərə çıxış imkanları kifayət qədər məhduddur. İndi bu məsələdə həll olunmalıdır. İkinci səbəb isə vergi yükü və vergi dövriyyəsi ilə bağlı idi. VÖEN-lə çalışan yəni, kiçik sahibkarların ildə 200 min manata qədər məhdudiyyət var idi. 200 min manatı keçərkən əlavə dəyər vergisi ödəməyə məcbur olurdu. 

Bu 200 min manat il ərzində çox az bir məbləğdir. Bu devalvasiyadan əvvəl qoyulmuş qaydadır. İndi bu dövriyyə 500 min manata qədər artırılmalıdır. Hətta düşünürəm ki, dövriyyə bir milyona çatdırılsa, daha yaxşı olar. Beləliklə də kiçik və orta sahibkarlara daha böyük dəstək olar. Bir milyon və 500 minlik dövriyyədən 4faiz illik vergi ödənilməsi daha məntiqlidir. Bunun icra edilməsi kiçik sahibkarlara böyük dəstək olardı. 

Hətta ilkin mərhələdə vergi dərəcələrinidə aşağı salmaq olar. Dövriyyə 500 min və ya bir milyona çatdıqda, ondan 4 deyil, iki və üç faiz vergi tutula bilər. Bu da hamının şəffaf çalışması və iş adamları üçün kifayət qədər böyük imkanların açılması deməkdir. Çox vacib məsələdir. Düşünürəm ki, kiçik və orta sahibkarlara dəstək üçün atılacaq ilkin addım kimi dövriyyənin böyüdülməsi- 200 mindən, 500 minə çatdırılması və onların vergi dərəcələrinin aşağı salınması effektiv addım olacaq”.

Kənan Eynuroğlu