Nazirlikdən Binəqədidəki yanğına reaksiya: "Cavabdeh şəxslərin məsuliyyətə cəlb olunması..."






"Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində işlənmiş avtomobil şinlərinin yanması nəticəsində atmosferə atılan tullantıların yaratdığı çirklənmə səviyyəsini müəyyən etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri tərəfindən sözügedən ərazinin atmosfer havasından nümunələr götürülüb, fiziki kimyəvi analizlər aparılıb”.

Bu barədə "Sherg.az”a nazirliyin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

O bildirib ki, analizlərin nəticələrinə görə, atmosferə atılan tullantılar nəticəsində müxtəlif mənşəli karbohidrogen birləşmələri, dəm qazı, kükürd oksidləri kimi zərərli maddələrin miqdarı dəfələrlə artıb:

"Faktla bağlı əməkdaşlarımız tərəfindən protokol tərtib edilib. Hazırda ətraf mühitə dəymiş ziyanla əlaqədar iddia və cərimə qərarının qəbul edilməsi istiqamətində tədbirlər görülür. Cavabdeh şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində işlər aparılır. Araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, 3 iyun 2018-ci il tarixində Binəqədi rayonu, 7-ci mikrorayon, keçmiş ağac emalı zavodunun həyətində işlənmiş rezin şinlərin naməlum səbəbdən yanması nəticəsində havaya qatı tüstü yayılıb.



Aysel Aslan