"Neft hasilatı ilə bağlı tarixi rekord ola bilər" - Qiymət ucuzlaşacaq ?

"Bazarlarda neftə olan tələbat artığına görə, təklif də yüksəlir”.
Bunu "Sherg.az”a neftin dünya bazarlarındakı qiyməti barədə danışarkən Neft Araşdırmaları Fondunun rəhbəri İlham Şaban deyib. 
Onun sözlərinə görə, dünyada gündəlik neft hasilatı 98,5 milyard bareli keçib:
"Güman edilir ki, gələn ilin birinci rübündə gündəlik hasilat 100 barelə çatdırılsın. Beləliklə tarixi rekord ola bilər. ABŞ-da və bir sıra OPEK ölkələrində hasilatın artırılması müşahidə edilir. Məsələn, Qazaxıstan, İraq, İran son illər hasilatı artıran ölkələr sırasındadır. İraq faktiki olaraq, hasilat rekordunu yeniləməyi düşünür.
Dünyada hasilatla bərabər, neftə tələbat da yüksəlir. Müqayisə üçün deyim ki, 2014-cü ildə Azərbaycana 100 min avtomobil idxal edilirdi. Bununla əlaqədar benzinin qiyməti kəskin şəkildə artdı. İndi isə hər il ölkəyə təxminən 10 min avtomobil idxal olunur. Nəticədə yanacağa tələbat da artır. Tək ölkəmizdə deyil, bütün dünyada iqtisadiyyat inkişaf etdikcə enerjiyə tələbat artır”.
İ.Şaban neftin qiymətinin stabil saxlanmasına təsir edən iqtisadi faktorları da sadalayıb:
"2014-ci ildə neftin orta qiyməti 103 dollar olmuşdu. Sonrada qiymət 55 dollara qədər aşağı düşdü. 2018-ci ildə neftin orta qiyməti təxminən 70 dollar olarsa, bu göstərici 2015-ci ildəki 65 dollara bərabərdir. Müqayisə apardıqda, inflyasiyanı, valyuta dəyərlərini nəzərə alsaq, hazırkı göstərici 2014-cü ilin sonunda müşahidə olunan qiymətlərin ekvivalentidir. Ona görə, təxmini 4-5 il sonra neftin qiyməti 100 dollara çatsa, bu göstərici 2013-2014-cü illərin 80 dollarına bərabər olacaq”.
Qeyd edək ki, Azərbaycan nefti bahalaşıb. "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 1,42 dollar və ya 1,78 faiz artaraq 81,32 dollar təşkil edib.
Aysel Aslan