Nəinki at, heç gül-çiçək də olmaz

Palataya heyvan gətirmək anti-gigiyenik, şou xarakterli addımdır
O klinika tibbi qayda- qanunları ayaqlar altına aldı



Son günlər "Həyat” fondunun rəhbəri Hacı Nuran Hüseynovda ağciyər xərçəngi tapıldığı və vəziyyətinin ağır olduğu xəbəri gündəmin əsas müzakirə predmetinə çevrilib. Daha əvvəl də xərçəng xəstəliyindən əziyyət çəkən və Almaniyada ağır müalicə kursları keçdikdən sonra sağalıb, vətənə dönən Hacı Nuranda yenidən xərçəng tapıldığı xəbəri insanlarda müəyyən təəssüf doğursa da, müalicə aldığı özəl xəstəxanada aparıcının palatasına poni aparılması ictimai qınağa səbəb olub.

Sosial şəbəkələrdə bu məsələni geniş müzakirə mövzusuna çevirən istifadəçilər haqlı olaraq Hacı Nuranın xəstəliyinin arxasında reklam faktoru olduğunu iddia edib. Necə olur ki, əyinə təmiz xalat, ayağa baxıl geyinilib girilən, dezinfeksiya, nəzarət rejimində olan palataya at gətirib, at da bu otağı tövlə hesab edib peyinlə batırıb?

Məhz bu kimi səbəblərdən aparıcının müalicə aldığı forma və şərait insanlarda onun həqiqətən də xəstə olduğuna dair şübhələr yaradıb. Hacı Nuranın bu addımının "müalicə aldığı” "Ege Hospital”ın piar kampaniyası olduğu iddia edilir.

Əslində, bu iddiaları gücləndirəcək məqamlar da az deyil.

Bir halda ki, Hacı Nuranda ağciyər şişi aşkarlanıb, o zaman niyə həkimləri onun palatasına at gətirməyə icazə versin ki?

Axı ağciyər xərçənginə tutulmuş şəxsin qorunmalı olduğu əsas təhlükədən birincisi tozdursa, ikincisi də tükdür. Belə çıxır ki, xəstəxana səriştəsizlik gösətərərək xəstəsinin ölümünü sürətləndirir? Yaxud da aparıcı xərçəng xəstəsi falan deyil. Sosial şəbəkələrdə yayılan videolar, məşhurların xəstə ziyarəti, palatanı gül-çiçək yağışına qərq etməsi də adıçəkilən xəstəxananın reklamına hesablanmış ucuz piar kampaniyasıdır?

Hospitalın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Türkan Məmmədli Hacı Nuranın istəyi ilə poninin xəstəxanaya gətirildiyini bildirib.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Səfayə Əhmədova məsələ ilə bağlı açıqlama verib ki, tibb müəssisəsinə at da daxil olmaqla hər hansı heyvanın gətirilməsi gigiyenik cəhətdən düzgün deyil: "Lakin burada özəl klinikadan söhbət gedir və Səhiyyə Nazirliyi bu məsələni yalnız şikayət olduğu halda araşdırır. Hazırkı durumda nazirliyin məsələ ilə bağlı hər hansı göstəriş verməsi gözlənilən deyil. Belə hallarda tibb müəssisəsi özü məsuliyyətli olmalı, gigiyenik və epidemioloji normaları gözləməlidir”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə Sherg.az-a deyib ki, Hacı Nuranın müalicə aldığı klinikaya, xüsusi olaraq, onun yatdığı palataya heyvan gətirilməsi Azərbaycan reallığında maddi imkanlar, müxtəlif münasibətlər sisteminin qanunlardan üstün olduğunu göstərir.

Onun fikrincə, qaydalar və qanun qoyulduqda, bəzi müəssisələr bunu sıravi vətəndaşlara tətbiq edirlər: "Ancaq "yetimi” döyürlər. Qanunlar olduqda kimə ürəkləri istəyir, onlara güzəşt edirlər. Kiminsə istəyi ilə xəstəxanaya heyvan gətirilməsi necə ola bilər? Axı xəstəxananın daxili gigiyena, nizam-intizam qaydaları var. Azərbaycanda dünyada analoqu olmayan hadisələr baş verir.
Hacı Nuranın palatasına heyvan gətirilməsi anti-gigiyenik, şou xarakterli addımlardır. Heç bir qayda-qanuna, səhiyyə normalarına aid olmayan bu hadisəni qınayıram. Yenə deyirəm, bu, cəmiyyətin reallığının göstəricisidir”.

Sosioloq Lalə Mehralı isə qəzetimizə açıqlamasında o kadrlarda şoudan başqa heç nə görmədiyini deyib: "Biz görmüşük ki, xərçəng xəstəsini xəstəxana şəraitində hər şeydən təcrid edərək müalicə edirlər, miktoblardan, viruslardan, ətraf mühitdən, təmasdan qoruyur və çəkindirirlər. Xəstəxanaya at gətirmək, neçənci mərtəbəyədək çıxarmaq, xəstənin otağına salmaq, təmasına icazə vermək bir tibb ocağı üçün qeyri-peşəkar olduqları mənasını verir. Peşəkar həkim və personal buna icazə verməməlidir. Xəstəxananın nizamnaməsində də qeyd olunur, ev heyvanlarının girişi qadağandır. İt-pişik bir yana, birbaşa poni gətirmək bu qaydaları çeynəmək deməkdir.

Kadrlardan gördük, poni bağırsağını da xəstənin otağında boşaldır. Mən şəxsən dəhşətə gəldim. Elə ağır xəstəlikdən yatan bir xəstədirsə, bütün bunlardan narahat olmalı idi. Amma mən orda vəziyyətindən razı bir adam və onun ətrafında toplaşan adamlar gördüm. 

Halbuki onkoloji xəstəlikdən yatan adamın otağına nəinki at, heç gül-çiçək də qoymaq olmaz. Amma o palata botanika bağından daha zəngin idi.

Mən o insanın xəstə olub-olmadığı barədə heç nə deyə bilmərəm, çünki xəstəliyi barədə çox yazıldı, müalicə edildi. Həmkarıq, Allahdan şəfa diləyirəm, amma şəfa tapmaq üçün sağlamlığına və gigiyenasına diqqət etməlidir. Başa düşürəm, sevənlərinin diqqətidir, amma gərək tibb işçilərinin düşüncəsizliyini qınayar, icazə verməzdi palataya daxil olmasına”.

Şəymən