Nəticələr seçkidən 1 saat sonra açıqlanacaq

“ELS” 118 seçki dairəsində, 1180 məntəqədə “exit-poll” aparacaq




"ELS” Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyi noyabrın 1-də 118 seçki dairəsi, 1180 məntəqədə "exit-poll” tədqiqatı aparacaq. Bu barədə təşkilatın direktoru İradə Yaqubova bildirib. Onun sözlərinə görə, Mərkəz 2008-ci ildən 2013-cü ilə qədər bütün seçkilərdə "exit-poll” tədqiqatını həyata keçirib:

"Bu müddətdə Mərkəz təcrübəsini artırıb. Hər dəfə də nəticələr seçkilər bitdikdən sonra 1 saat ərzində ictimaiyyətə çatdırılıb. Toplanmış anketlərin işlənilməsi nəticəsində praktiki vəsaitlər nəşr edilib”. İ.Yaqubova deyib ki, 1 noyabr parlament seçkilərində keçiriləcək "exit-poll” 2010-cu ildə keçirdikləri "exit-poll”dan seçim və sayına görə fərqlənmir: "Hər seçki dairəsində ortalama 10 məntəqə götürməklə 1180 seçki məntəqəsində "exit-poll” tədqiqatı aparılacaq. Seçimə düşən hər bir seçki məntəqəsində iki intervüyerimiz "exit-poll” tədqiqatını aparır. Orta hesabla hər 3-4 seçki məntəqəsinə 1 supervayzer, yəni intervüyerlərin işinə nəzarət edən şəxs təhkim olunur. "ELS” Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyinin 1180 seçki məntəqəsində "exit-poll” keçirəcəyini nəzərə alsaq, ümumilikdə 2360 intervüyer, təxminən 200 nəfərə yaxın da supervayzer prosesə cəlb olunub. Seçki günündən təxminən 3 ay öncədən biz ilk növbədə intervüyer və supervayzerlərin seçimini aparırıq. Artıq bütün Azərbaycan üzrə təlimləri başa çatdırmışıq. Təlimlərdə seçki günü "exit-poll” tədqiqatını hansı formada aparmaları və s. 
məsələlər izah olunub. Həm intervüyer və supervayzerlərin seçim mərhələsində, həm də onlara təlimlərin keçirilməsi prosesində hər hansı çətinliklə üzləşməmişik. Çünki bu günə qədər keçirilən bütün "exit-poll”larda iştirak edən şəxslərin əksəriyyəti yenidən bizimlə işləmək istədiklərini bildiriblər”. İ.Yaqubovanın sözlərinə görə, prosesdə 2600 kadr iştirak edəcək. Onların arasında xeyli sayda könüllü də var. Təşkilat rəhbəri, həmçinin "exit-poll” keçirilməsinin prosedurları haqqında da geniş məlumat verib. O deyib ki, "exit-poll”un nəticələri seçki günü 20:00-dək elan olunacaq.

İsmayıl