Netin bahalaşdıran amillər hansılardır ? - Ekspert sadaladı





"Neftin bazar qiymətindəki artımının iqtisadi və siyasi səbəbləri var”.

Bu barədə "Sherg.az”a iqtisadçı, ekspert Vüqar Bayramov bildirib. 

O qeyd edib ki, neftə tələbatın yüksəlməsi, xüsusilə Çinin neft istehlakının artması dünya bazarlarında neftin qiymətinə təsir edir:

"Həmçinin, OPEC tərəfindən neft hasilatının məhdudlaşdırılması ilə bağlı razılaşma da qiymətlərin tənzimlənməsinə gətirib çıxarır:

"Siyasi cəhətdən, neftin qiymətinə ən çox təsir edən faktor İran ətrafındakı gərginlik, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların genişləndirilməsidir. Bu məsələlər psixoloji baxımdan, bazar qiymətlərinin formalaşmasında öz sözünü deyir”.

Hazırda "Brent" markalı neftin qiymətinin 80 dollara yaxın olduğunu xatırladan ekspert vurğulayıb ki, nəticədə Azərbaycan nefti psixoloji həddi – 80 dolları keçib:

"Qiymətlərin yüksəlməsi Azərbaycana daxil olan gəlirin həcminin artmasına səbəb olacaq. Bu isə dövlət yığımlarının, strateji valyuta ehtiyatlarının artması baxımından vacibdir. Gəlirlərin yüksəlməsi islahatlar üçün də maliyyə bazası formalaşdırmalıdır”.

Qeyd edək ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,09 dollar və ya 0,13 faiz artaraq 71,58 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,17 dollar ya 0,21 faiz artaraq 79,47 dollar təşkil edib. Azərbaycanın dünya bazarına çıxardığı "Azeri LT CIF" markalı xam neftin isə 1 barelinin qiyməti 2,21 dollar və yaxud 2,8 faiz artıb. Beləliklə, "Azeri LT CIF" markalı neftin qiyməti 81,03 dollar/barelə bərabər olub.

Aysel Aslan