
Nəvai Mətin: "DÜNYANI SƏNƏT XİLAS EDƏCƏK!"

Son zamanlar dünyada sənətə qarşı bir laqeydliyin olduğu heç kəs üçün sirr deyil. Dünyamız elə bir qarmaqarışıq hal alıb ki, kimin əli kimin cibində olduğu bəlli deyil. Əslində heç indiki reallıqda bəşəriyyətin bu gərgin situasiyalardan yaxa qurtaracağı da real görünmür. Ancaq Uluslararası Aktivist Sənətçilər Birliyinin Azərbaycan üzrə təmsilçisi, Rəsm Komitənin başqanı Nəvai Mətin dünyanı sənətin xilas edəcəyinə inanır.
Təmsil olunduğu təşkilatın sevgi və barış elçilərindən ibarət olduğunu vurğulayan M.Nəvai deyib ki, UASB-nin missiyası sənətə qarşı laqeydliyi aradan qaldırmaqdan ibarətdir.
Qeyd edək ki, UASB bir təşkilat olaraq 2000-ci ildə Türkiyədə yaranıb. UASB-nin əsas məqsədi dünyada sülhü tərənnüm etmək, insanlara sənəti sevdirmək, irqindən, dinindən fərqi olmadan insanlara sevgi, məhəbbət və barış aşılamaqdır. Bu birliyin digər ictimai birliklərdən fərqi ondadır ki, burada tək rəssamlar deyil, müxtəlif sənət adamları birləşib. İstər rəssam olsun, istər şair, fotoqraf, musiqiçi fərqi yoxdur. Yetər ki, sülhü sevsin, barışı sevsin. Artıq dünyanın 25-dən çox ölkəsində birliyimizin təmsilçiləri var. 2012-ci ildən UASB-nin Azərbaycanda təmsilçiliyi yaranıb.
- Dünyanı sənətin xilas edəcəyini düşünürsünüz. Amma günümüzdə sənət bu iqtidara sahib görünmür. Sizcə, bir çoxlarının dəyər vermədiyi sənət dünyamızı necə xilas edə bilər?
- Tamamilə, haqlısınız. Doğrudur, bugünkü savaşların, müharibələrin, qarşıdurmaların kökü mədəniyyətsizliyə bağlıdır. Bütün bunlar birbaşa mədəniyyətsizliyin nəticəsidir. Çünki incəsənətlə məşğul olan adam heç vaxt savaş haqqında fikirləşməz, pislik düşünməz, hətta onun beynində bu cür fikirlər dolaşmaz. Sənətkar ancaq yaxşı şeylər haqqında düşünür və düşündüklərini yaradır. İncəsənətdən uzaq düşmək tək fərdin yox, ümumilikdə cəmiyyətin problemidi. Mədəniyyətin məhv olması mollanın oğurluğa getməsi kimi bir şeydi. Yəqin ki, Molla Nəsrəddinin "Səsi sabah çıxacaq” məsəlini hər kəs bilir. Bax, mədəniyyətimizdə də vəziyyət bu cürdür. Kültürün məhv olmasının bu gün yox, sabah səsi çıxacaq hadisədi. Təəssüflər olsun ki, hətta alimlərimiz, ziyalılarımızda belə sənətə maraq azalıb. Amma bu tək Azərbaycana aid deyil, bütün dünyada eyni proses getməkdədi. Sənəti insanlara uşaq vaxtından, məktəb yaşlarından, ailədən aşılanmalıdı. İnanın, bu çox ciddi, hətta bəşəriyyətin məhvinə gətirəcək məsələdi. Ona görə UASB-nin sloqanlarının biri də "Barışa qanad olaq”dır. Bəli, barışa qanad olaq, sənətə qanad olaq, sevgiyə qanad olaq ki, bəlkə dünyanı xilas eləmək mümkün ola. Bunun üçün də bir az diqqət tələb edən sənət adamlarını qorumaq lazımdı, onlara diqqəti artırmaq lazımdı. Təəssüflər olsun ki, bugünkü robotlaşma sistemində sənətçi üçün rahat yaşamaq çox çətindi. Əvvəllər bir yol polisi maşını saxlayırdı, biləndə ki, sənət adamıdı, hörmətlə yola salırdı. Amma bu gün artıq qəbzlər evə gəlir. Paho, nə yaman iş olub: "Sürəti saatda 12 kilometr artırmısan, gəl cəriməni ödə”. Ayıbdı vallah. Təsəvvür edin, boya almağa imkanı olmayan rəssam bir də cəriməni necə ödəyəcəyini fikirləşməlidi. Beynində sənət, önündə isə ödəyə bilmədiyi qəbz. Bu robotlaşmanın nəticəsi isə sənətin məhvinə aparan yollardan ən sadəsidi. Bütün bu çətinliklərə, məcburiyyətlərə baxmayaraq yenə də dünyanı qurtaracaq yeganə yolun heç bir din, dil, irq tanımayan sənət yolu olduğuna inanıram.
- Bütün maneələrə rəğmən bəşəriyyətin sənət yolu ilə xilasına inanırsınız. Eləysə, ilk öncə sənətin özünü xilas etmək lazımdır. Sənətin özünü necə xilas edək ki, o da dünyamızı xilas edə bilsin?
- Sənətin bəşəriyyəti xilas etməsi üçün əvvəlcə bəşər övladı sənətə diqqətini artırmalıdır. Hər kəs özünə sual verməlidi: Mən bu yolda nə etmişəm? Sonuncu dəfə hansı tamaşaya getmişəm, evimdə bir rəssamın əl işi varmı, tanıdığım incəsənət adamı varmı? Bəşər övladı sənətçini xilas etməklə əslində özünü xilas edir. Əgər bunu anlamasa, duymasa, elə məhv olub gedəcək. Bir həqiqəti hər kəs anlamalıdı: DÜNYANI SƏNƏT XİLAS EDƏCƏK!
- UASB bu istiqamətdə hansı işləri görür. Birliyinizin hazırkı fəaliyyət istiqaməti nədən ibarətdir?
- Uluslararası Aktivist Sənətçilər Birliyi yarandığı gündən fəaliyyət istiqaməti bəlli olan bir birlikdi. Heç bir siyasi hərəkata qatılmadan ancaq dünyada sülhü, barışı və sevgini təbliğ etməklə məşğuldu. Türkiyənin İzmir şəhərində şair Ümid Yaşar İşıqxanın rəhbərlik etdiyi bu birlik 15 ilə yaxın fəaliyyət müddətində bir çox genişmiqyaslı, mədəni kütləvi tədbirlərə imza atıb, günü bu gün də atmaqdadır. 30-a qədər ölkədə təmsilçiliyi olan UASB-nin 2012-ci ildən Azərbaycanda da təmsilçiliyi yaranıb. Fəaliyyətə başladığımız gündən biz də birliyin ideyalarına sadiq qalaraq bu hərəkata qoşulduq. Azərbaycandan iki nəfərin üzvlüyü ilə fəaliyyətə başlasaq da, bu gün sıralarımız günü-gündən çoxalmaqdadı. Bunun səbəbi də birliyin kağız üzərində qalaraq, qrant almaq üçün yaranmış təşkilatlardan fərqli olmağımızdadır. Biz adımıza uyğun daim hərəkətdəyik, daim aktivik. Bu aktivlik təbii ki, sənətçilərin diqqətini çəkir və bizə olan marağı günü-gündən artırır. Artıq bizim 60-dan çox üzvümüz var.
- Layihələriniz hansı mövzuları əhatə edir və hansı tədbirlər həyata keçirmisiniz?
- İndiyə kimi müxtəlif mədəni tədbirlərə imza atmışıq. Bakıda təşkil etdiyimiz sərgilər, ədəbi məclislər, eləcə də Türkiyənin müxtəlif bölgələrində keçirilən tədbirlərdə Azərbaycan sənətçilərinin iştirakını təmin etmək, Azərbaycan incəsənətini dünya incəsənəti ilə birləşdirməyə səy göstərmək, 2014-cü ildə Bakıda şair Akif Səmədin 55 illik yubileyinin keçirilməsi və bu kimi bir çox tədbirlərə imza atmışıq. Keçirdiyimiz bütün tədbirlər birliyin rəhbərliyi tərəfindən qiymətləndirilib, hətta digər təmsilçiliklərə örnək olaraq qeyd olunub. Mövzumuz, yolumuz, istiqamətimiz yuxarıda qeyd elədiyim kimi bəllidi. Sülh, barış, sevgi... "YURDUMUZU QARIŞ-QARIŞ GƏZƏK” dedik və bu yola çıxdıq. Xəzər sahilində, İsmayıllıda, Xızıda, Göygöldə, Qubada olduq. Məqsədimiz nədi? Təbii ki, sənəti yaymaq, təbliğ etmək, kəndlinin yanında olmaq, yerlərdə sənətə sevgi hissini aşılamaq. Və bir də yurdumuzu tanımaq, tanıtmaq, sərgilərdə, festivallarda çəkdiyimiz rəsmləri nümayiş eləmək. Bilirsiniz ki, bölgələrə diqqət həm də respublika rəhbərliyinin diqqət mərkəzində olan məsələdi. Onu da deyim ki, səfərlərimiz öz bəhrəsini verməkdədi. Xalqın arasında kifayət qədər diqqət cəlb eləmişik. Hara getsək hörmətlə, sevgiylə qarşılanırıq, dəvətlər alırıq. Bir çox bölgələri gəzdik, rəsmlər çəkdik. Son səfərimiz Qobustana olub. Orda da diqqət gördük, sevgiylə qarşılandıq. Elə buradan muzey rəhbərliyinə təşəkkürümü bildirirəm. Kəndlərdə adamlar öz evlərini, bağçalarını bizim üzümüzə açırlar. Sevgi görürük, hörmət görürük. Dekabr ayının ilk günü Sumqayıt şəhərinə dəvətimiz var. Orada yaşayan sənət adamları ilə və ictimaiyyətlə görüşə dəvət almışıq. Aktivliyi ilə seçilən Sumqayıt Rəsm Qalereyasının müdiri Ellada xanımdan bu dəvət gəlib və təbii ki, bu da bizim fəaliyyətimizə göstərilən diqqətdi, dəyərdi. Sumqayıt şəhərində də rəsm çəkmək planımız var. Harda, nə vaxt tədbirimizin baş tutacağına da orda qərar veriləcək.
Şəymən