YAP cəzalandırdı, Elza Seyidcahan hirsini mətbuata tökdü
Milli Məclisə keçirilmiş 1 noyabr seçkiləri zamanı hakim Yeni Azərbaycan Partiyasının (YAP) bəzi üzvləri özbaşına deputatlığa namizədliklərini irəli sürdü. Həmin ərəfədə hakim partiyadan bununla bağlı ölçü götürüləcəyi bildirilmişdi. Lakin seçkilər bitsə də, məsələ ilə bağlı partiyanın mövqeyi ictimaiyyətə açıqlanmayıb.
Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev açıqlamasında artıq özbaşına namizədliklərini irəli sürmüş şəxslər barədə ölçü götürüldüyünü deyib. "Yeni Azərbaycan Partiyası tərəfindən dəfələrlə xəbərdarlıq edilib ki, partiyanın mövqeyi olmadan sərbəst şəkildə seçkilərə qatılıb deputatlığa namizəd kimi iştirak edən partiya üzvlərinə qarşı ölçülər götürüləcək. Bildiyiniz kimi, xəbərdarlıqdan sonra müstəqil şəkildə namizədliyini irəli sürmüş partiya üzvlərinin əksəriyyəti öz namizədliyini geri götürdü. Sadəcə, 10 nəfər partiyanın qərarının əksinə olaraq seçki marafonunda iştirakını davam etdirdi. Düzdür, özbaşına namizədliyini irəli sürənlərin birmənalı olaraq partiyadan kənarlaşdırılacağını deməmişdik. Bizim qərarımız bu idi ki, onların hər birinin məsələsi qeydiyyatda olduqları rayon təşkilatında müzakirə olunacaq, partiya nizamnaməsinə uyğun olaraq ölçülər götürüləcək”.
Hüseyn Paşayevin sözlərinə görə, həmin şəxslərə qarşı müxtəlif cəza növü tətbiq edilib. "Bu, partiya sıralarından xaricolma da ola bilər, töhmət də. Digər cəza növü ilə də əvəzlənə bilər. Artıq bu addımlar atılıb. Rayon təşkilatlarında deputatlığa namizədliyini vermiş həmin şəxslərin məsələsinə baxılıb”.
Hakim partiyanın sözçüsü, Əməkdar artist Elza Seyidcahanın partiyadan kənarlaşdırılması məsələsinə də aydınlıq gətirib. "Elza Seyidcahan YAP-ın Nərimanov rayonunda qeydiyyatdadır. Həmin rayon təşkilatında Elza xanımın iştirakı ilə fərdi qaydada söhbət aparılıb. Elza xanım haqqında da cəza növü tətbiq edilib. Bu, partiya sıralarından qovulma deyil. Digər cəza növü tətbiq olunub”.
Məsələ ilə bağlı Elza Seyidcahanın münasibətini öyrənməyə çalışdıq. Deputat olmaq iddiasında olmaq istəyən xanım, nədənsə, sualımızı eşidən kimi əsəbi halda "Mən indi yol gedirəm. Heç nədən xəbərim yoxdu” deyə mətbuatdan gileylənməyə başladı: "Niyə mətbuat mənim yaradıcılığıma diqqət göstərmir ki? Mən Ankaradan gəlmişəm, böyük işlər görürəm. Bundan yazmırsız. Niyə məni siyasətə çəkirsiz ki? Mənə siyasətlə bağlı sual verməyinizin məqsədi nədir? Məni siyasətə qatmayın” cavab verərək mətbuatı günahkar çıxarmağa çalışdı. Elza Seyidcahana sual ünvanladıq ki, "Elza xanım, siz deputatlığa namzədliyinizi verəndə, mandat üçün dəridən-qabıqdan çıxıb, hətta etirazınızı yürüş etməklə göstərməyə çalışanda, Milli Məclisdə oturmağa iddialı olanda, siyasətə qoşulmurduz ki?”. Elza xanım telefonu üzümüzə bağladı. Görən, mətbuat Əməkdar artistdən xahiş etmişdi ki, siyasətə qarışsın?
Hörmətli Elza xanım, siz seçkilərə qatılanda, "haqqımı tələb edirəm, mən seçkilərdə qalibəm” deyəndə görən mətbuat sizi siyasətə qatmışdı? Elza Seyidcahan məgər siz deputat olmaq eşqinə düşəndə bilmirdiz ki, siyasətə qoşulursuz? Namizədliyinizi rəsmən təsdiq edəndə necə, Milli Məclisdə mahnı oxumağa gedəcəyinizi düşünürdüz, ya siyasətçi olaraq fəaliyyət göstərəcəkdiz? Əslində nə yaxşı ki, siz bu mübarizədə qalib ola bilmədiniz. Yoxsa, vay olardı bu millətin halına. Hərdəmxəyal insanların, səhnə ilə, şou-bizneslə siyasi tribunanın yerini səhv salanların Milli Məclisdə nə işi var axı? Yaxşı ki, Allahın bu millətə yazığı gəlib. Buna sevinmək lazımdı ancaq. Hörmətli Elza xanım, mətbuat nə cərimə batalyonudur, nə də futbol meydançasıdır ki, boş qapı görən kimi çatan qol vursun. Kimin hardasa axsaq yeri varsa, sonda mətbuatı günahlandırmasın.
Tahirə