"Növbəti oyunumuzu İspaniya komandasına qarşı keçirəcəyik. Elə də asan olmayacaq"

Tatyana Slojenitsinaya açıqlamasında bildirib ki, əsas hədəfləri qızıl medal qazanmaqdır




"Bakı-2015" Avropa Oyunlarında basketbolun 3x3 növü üzrə
qadınlardan ibarət basketbol yığmamız 1/4 finala vəsiqə qazanıb. Komandamız bu mərhələdə İspaniya ilə üz-üzə gələcək. Komandamız Litva üzərindəki qalibiyyətdən sonra əsas heyətlə birlikdə mətbuat konfransı keçirib. Millimizin baş məşqçisi Tatyana Slojenitsinaya açıqlamasında bildirib ki, əsas hədəfləri qızıl medal  qazanmaqdır: "Çətin oyun oldu. Lakin biz qalib gəlməyə çalışdıq. Azarkeşlər tərəfindən bizə böyük dəstək oldu. Ona görə də nəyin bahasına olursa-olsun qalib gəlməli idik. Çox sevinirəm ki, buna nail olduq. Növbəti oyunumuzu İspaniya komandasına qarşı keçirəcəyik. Elə də asan olmayacaq. Çalışacayıq ki, bu oyunda da qalib gələk”.
Komandamızın 7 nömrəli üzvü  Tatyana Deniskina oyuna taktiki cəhətdən yaxşı hazırlaşdıqlarını söyləyib: "Qarşımıza qoyulan tapşırıqları düzgün yerinə yetirdik və nəticədə qalib gəldik. Çalışacayıq ki, növbəti oyunlarda da qalib gələrək azarkeşlərimizi sevindirək”.
Yığmamızın milliləşdirilmiş 15 nömrəli formasının sahibi Renara Hayes isə dünənki oyunlardan daha yaxşı çıxış etdiklərini deyib: "Çətinliklər olsa da, hər kəs özünəməxsus oyunu ilə seçildi. İspaniya ilə oyundan çəkinmirik. Bizim bir çox taktikalarımız var. Çalışacayıq ki, İspaniya ilə oyunda da yaxşı oyun göstərək və qalib gələk”.
Qeyd edək ki, qalib gələn basketbolçu qızlar bu oyuna qədər İsveçrə, Hollandiya və Almaniya üzərində qələbə qazanıblar.

Vüqar Şahinoğlu