Novruz Məmmədov: "Azərbaycan Prezidentinin Cinə dövlət səfəri tarixi mahiyyət daşıyır"
"Azərbaycan prezidenti İlham Əliyevin Çinə səfəri məzmun, forma və statusuna görə tarixi səfər oldu”. Bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov keçirdiyi mətbuat konfransında deyib. N.Məmmədov bildirib ki, dünyada, regionda gedən proseslər fonunda Azərbaycan Prezidentinin Çinə dövlət səfəri çox mühüm bir hadisədir:
"Hər şeydən əvvəl vurğulamaq istəyirəm ki, bu səfər tarixi mahiyyət daşıyır. Ümumiyyətlə, son vaxtlar dünyada, o cümlədən regionda gedən prosesləri nəzərə alsaq, təhlil etsək, bu proseslərin fonunda, müstəvisində Azərbaycan Prezidentinin Cin Xalq Respublikasına dövlət səfəri çox mühümdür. Birincisi, dövlətlərin hər birində ildə 2-3 səfərə bəzən dövlət səfəri statusu verilir. Ola bilər ki, il ərzində 10-15 səfər olsun, amma ikisinə dövlət səfəri statusu verilir. Hiss olunurdu ki, Çin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verir, ölkəmizin beynəlxalq aləmdə oynadığı rolu, geosiyasi əhəmiyyətini bilir. Çin kimi dövlətin prezident İlham Əliyevin səfərinə belə bir status verməsi xüsusi münasibətin göstəricidir. Doğrudan da səfərin özü, səfər zamanı aparılan danışıqlar, görüşlər, müzakirələr, fikir mübadiləsi, burada imzalanan sənədlər çox əhəmiyyətlidir. Görüş çərçivəsində 10 sənəd imzalandı, bu sənədlərin ən mühümü Azərbaycan Prezidenti ilə Cin Xalq Respublikasının Sədri arasında Birgə Bəyannamə oldu”.
Aparat rəsmisin sözlərinə görə, görüşlərdə elə bir sahə olmayıb ki, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi barədə söhbət getməsin.
Azərbaycanla Çin arasında qədimdən əlaqələr olub
N.Məmmədov əlavə edib ki, bu gün dünyada baş verən hadisələrin, proseslərin fonunda iki ölkənin dövlət başçılarının görüşüb fikir mübadiləsi aparması, müəyyən sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi və genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır: "Həm Çin Xalq Respublikası, həm də Azərbaycan Respublikası son 10 ildən artıq müddətdə sabit və təhlükəsiz şəraitdə davamlı və uğurlu inkişafı təmin edən dövlətlərdir. Baxmayaraq ki, Azərbaycan kiçik dövlətdir, Çin isə dünyanın ən qüdrətli dövlətlərindən biridir. Biz bir-birimizə qarşılıqlı hörmət etmək, qarşılıqlı maraqları qorumaq, faydalı əməkdaşlıq etmək niyyətindəyik. Bu işlərimizə heç nə mane ola bilməz. Buna görə də bütün sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi, bununla bağlı səy göstərilməsində qətiyyətin, iradənin ortada olması çox böyük əhəmiyyət daşıyır. Hətta orada ÇXR-in Sədri belə bir fikir səsləndirdi ki, Azərbaycanla Çin arasında qədimdən əlaqələr olub. Bu əlaqələr xalqlarımız arasında da çox qədimdən olub. Onu isə Azərbaycan Prezidenti ilə şəxsi dostluq əlaqələri birləşdirir”. Aparat rəsmisinin sözlərinə görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər bir çox sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı çox faydalı, mövqelərin üst-üstə düşdüyü bir söhbət alındı və razılaşmalar əldə edildi: "Eyni zamanda beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq xüsusi qeyd olundu. Bu ilin birinci yarısında biz Şanxay Əməkdaşlıq Təşkilatına Dialoq üzrə tərəfdaş olmuşuq. Hətta bizim Prezident orada iştirak etməsə də, onlar bizi buraya qəbul ediblər. Eyni zamanda maliyyə-bank sahəsində əməkdaşlığın xüsusi yeri qeyd olundu”. N.Məmmədov vurğulayıb ki, Çin Xalq Respublikasının rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun, ədalətli həlli məsələsinə çox qətiyyətli dəstəyini göstərdi və bundan sonra da bu mövqedə olacaqlarını qeyd etdilər: "Həmçinin, Azərbaycan tərəfi "Vahid Çin” prinsipində öz konkret mövqeyini həmişə bildirəcəyini bəyan etdi. Bu isə bütün sahələrdə bizim aramızda tam anlaşma olduğunu göstərir. Bunun çox böyük əhəmiyyəti var. Bütün bunlar iki ölkə arasında imzalanmış sənəddə də qeyd olundu”.
"Bir çox dövlət başçıları Azərbaycanı qısqanır”
Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov deyib ki, Ermənistan artıq çökməkdədir və arxalandığı divarlar da çürüyə-çürüyə gedir: "Ermənistan Dağlıq Qarabağı öz gücünə saxlamır. İmkan olsa, 3 aya bu məsələyə nöqtə qoymaq olar. Görün, müsəlman dövlətlərinin başına hansı hadisələr gəlir? Ona görə də 2015-ci ili Dağlıq Qarabağ münaqişəsi üçün itirilmiş saymaq olmaz”.
N.Məmmədov qeyd edib ki, geosiyasi ekspertlərin gəldiyi qənaətə görə, Azərbaycanın yerləşdiyi bölgə Balkanlardan sonra ən həssas regiondur: "Gələcəkdə də ən həssas regionlardan biri Orta Asiya olacaq. Bunu da mən deyirəm. Azərbaycanın maraqlarını qorumaq qeyri-adi bacarıq və qüdrətə malik olan siyasi xadimin işidir. Bunu ümummilli lider Heydər Əliyev bacarıb və bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycanı bir çox dövlətlərin başçılarının qısqandığını eşitmişəm. Hətta İsveçrə nümayəndələrindən eşitmişəm ki, Azərbaycan belə getsə, İsveçrəni ötəcək. Qarabağ da bizimdir və bizim olacaq”.
"Prezidentlərin görüşü bu ay olacaq”
Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib ki, həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışırlar: "Yəqin ki, bu ay ərzində görüş olacaq”. Görüşünün dəqiq vaxtının hələ məlum olmadığını söyləyən N. Məmmədov deyib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquqa əsaslanmırlar: "Bu da həmin dövlətlərin münaqişənin həllinə ciddi, ədalətli yanaşmadıqlarını göstərir. Qərb ölkələri və digər dövlətlər bir dəfə deməyiblər ki, Azərbaycan bir milyon qaçqın və məcburi köçkünü necə yerləşdirəcək, yaşadacaq? Amma indi 500-600 min qaçqının qarşısında bütün Avropa bilmir ki, nə etsin. Qərb dövlətləri və digər dövlətlər bir dəfə də demirlər ki, qaçqın və məcburi köçkünlərin fundamental hüquqları pozulub”.
"Ceyms Uorlik səhv hərəkət edib”
Novruz Məmmədov bəyan edib ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik qondarma "Dağlıq Qarabağ Respublikası”nın qondarma "xarici işlər naziri” ilə başqa yerdə də görüşə bilərdi: "Ancaq hər dəfə onlara viza verirlər, ABŞ-da marafon təşkil edirlər. Bu da Azərbaycanda ABŞ-a qarşı müəyyən mövqe formalaşdırır. ABŞ, Qərb nümayəndələri münaqişənin həlli ilə bağlı beynəlxalq hüququ qabartmırlar. Əlbəttə, Ceyms Uorlik düzgün etməyib. Biz dünyada gedən proseslərin mahiyyətini bilirik və getdiyimiz yol uğurlu yoldur. Ermənistan isə daim uduza-uduza gedir, onun söykəndiyi divarlar da uzun müddət davam gətirməyəcək”.
İsmayıl