Nuriyyə Əhmədovanın oğlu “Şərq”ə danışdı

“Çox vaxt atamla bir yerdə yaşayıram, bu qədər tez anasız qalacağımı düşünmürdüm”
“Nə bacıları, nə də bir kimsə anamın ürəyini partlatmayıb. Sadəcə, Nahidə xanımla Maya xalanın arasında şəxsi inciklik var deyə belə deyir”



Ötən gün mərhum Xalq artisti Nuriyyə Əhmədovanın ölümünün 40-cı günü idi. Həyatının faciəsini yaşayan, sağlığında bir çox əziyyətlər görən, evi olmadan dünyasını dəyişən Xalq artisti oktyabrın 10-da xəstəxanada ürək tutmasından vəfat edib.

Nuriyyə Əhmədovanın ömrünün son illərində evində qaldığı rəfiqəsi, Əməkdar artist Nahidə Orucovanın onun ölümü və çəkdiyi əziyyətlərlə bağlı açıqlaması mətbuatın diqqətindən də qaçmadı. Onun sözlərinə görə, bacı və qardaşlarının Nuriyyəyə sahib çıxmamaları, onu qapılarda saxlamaları aktrisaya mənəvi zərbə vurub: "Nuriyyənin bacısı onun ürəyini partlatdı. Onu qapılarda qoydu, bacı bacını qapılarda qoymaz. Nuriyyə xanım bəlkə də hələ yaşayardı. Amma bacısının bu münasibəti, onu qapılarda qoyması Nuriyyənin ürəyini partlatdı. Nuriyyənin axırına belə şeylər çıxdı. Bu gün Nuriyyənin 40 mərasimidir. Mən 40 gün susmuşam, amma istəyirəm ki, indi danışım. Nuriyyə xanım mənim evimdə qalırdı, ona sığınacaq vermişdim. Onun bacılarının, qardaşlarının etmədiklərini onun üçün etdim. Onun iki bacısı, iki qardaşı var. Necə oldu ki, Nuriyyə və nəvəsi üçün heç birinin evində yer olmadı? O, ancaq mənim evimdə rahatlıq tapırdı. Özü də deyirdi ki, Nahidə, mən ancaq sənin evində rahatlıq tapıram. Bütün sənət adamları da bunu bilirdilər. Ona zəng çatmayanda mənə zəng vurub Nuriyyəni soruşurdular. Biz bir evdə mehriban yaşamışıq. Nə tapmışıqsa, onu yemişik”.

Mərhum sənətçi Nuriyyə Əhmədova ilə həyatda yaxın olan, son günlərində sənətçini tək qoymayan telejurnalist İradə İsakın Nahidə Orucovanın iddialarına cavabı da maraqlı oldu: "Nuriyyə xanım şəxsi həyatından danışmağı sevməzdi. O mənimlə nə qədər gözəl münasibətdə olsa da, onunla bağlı veriliş hazırlayarkən də aktrisa heç vaxt ailəsindən danışmadı. Hətta həyat yoldaşından ayrılması barədə də çoxları bilmirdilər. O bu barədə danışmaq istəmirdi. Elə bacıları barədə də heç vaxt mənə gileyini eşitməmişəm. Əksinə, onların Nuriyyə xanıma sevgisinin, diqqətinin şahidi olmuşam. Ola bilər ki, Nahidə xanımın Nuriyyə xanımın bacılarından biri ilə şəxsi incikliyi olub. Onu deyə bilmərəm. Ancaq mən onun bacılarının aktrisaya hörmətsizliyini görməmişəm. O, ən yaxın dostlarına belə danışmazdı ailəsindən. Hətta Elxan Qasımova mən onların boşanması barədə deyəndə təəccübləndi. Onun bacılarına böyük hörməti var idi. Çox yaxşı hörmət edirdilər ona. Mərdəkanda olan bacısını çox istəyirdi. Nahidə ilə Nuriyyə xanımın arasında şəxsi inciklik var deyə, bəlkə belə bir açıqlama verib. Mən bacıların Nuriyyə xanıma hörmətsizliyinin şahidi olmamışdım”.

Nuriyyə xanımın oğlu olaraq tanıtdığı, əslində qızının yadigarı, nəvəsi olan Faiqin bu gün harda olduğu ilə maraqlandıq. Nuriyyə Əhmədovanın oğlu Faiqlə həmsöhbət olduq. Maraqlandıq ki, dolanışığı necədi, evsiz olduğu halda harda yaşayır? Bəlkə anasının ölümündən sonra onun ev probleminə diqqət yetirən olar. Xalq artisti Nuriyyə Əhmədovanın oğlu Faiq "Şərq”ə açıqlamasında dolanışığından danışdı: "Guya, dolanışığım barədə danışsam, nə dəyişər ki? Ya da evsiz olduğumu desəm, bir təsiri olacaqmı? Anam sağ olanda evsizliyini bilirdilər, nə oldu ki, o, dünyasını dəyişəndən sonra nə dəyişsin? Sağ olanda anamın qədrini bildilər ki, indi nəsə olsun? Yenə deyirəm, həyatdı, bəlkə nə isə dəyişər? Amma ola bilər, ev prblemim həllini tapar. Amma istəməzdim bu barədə danışım. Çünki anam o ağrısı ilə dünyasını dəyişdi. Onun da normal evdə yaşamaq arzusu var idi. Yenə deyirəm e həyatdı, bəlkə də nə isə dəyişə bilər. Amma ümidim itib”.

Nuriyyə xanımın oğlu bizimlə söhbəti zamanı onu da qeyd etdi ki, hazırda oxuyur, ali məktəbə daxil olmağa hazırlaşır: "Hazırda çox vaxt atamla bir yerdə yaşayıram. Çətin də olsa, birtəhər dolanırıq. Təbii ki, anamsız həyat mənim üçün çətindi. Həyat məni həmişə çətinliyə, sınağa çəkmişdi. Amma bu sınaq ən ağırı oldu. Nə bilim. Düzü, bu barədə danışmaq da mənə çox ağırdı. Xəstə olduğunu bilirdim, amma bu qədər tez anasız qalacağımı düşünmürdüm. Təbii ki, maddi sıxıntılarım da var. Mənəvi çətinliklər onsuz da göz qabağındadı”.

Faiqlə söhbət zamanı xalası barədə Nahidə Orucovanın söylədiklərinə münasibətini öyrənməyə çalışdıq. Faiq, "Xalamgilin evinə də gedirəm. Tez-tez getməsəm də, arada nəsə onlara lazımdısa, gedirəm. Nahidə Orucova anamın çox yaxın rəfiqəsi olub. Ona böyük hörməti olub. Ancaq xalalarımla elə ciddi anamın soyuqluğu olmayıb. Ola bilər Nahidə xanımla Maya xalam arasında inciklik yaşanıb, ona görə belə deyir. Yəni anam xəstəliyi, həyatın ona verdiyi acılara görə dərddən çəkib. Amma nə bacıları, nə də bir kimsə anamın ürəyini partlatmayıb. Sadəcə, Nahidə xanımla Maya xalanın arasında şəxsi inciklik var deyə belə deyir. Xalalarımla münasibətimiz normaldı. Olanda, kömək də edirlər. Amma onların maddi durumları da o qədər yaxşı deyil. Onların özlərinə kömək lazımdı”.

Xalq artistinin oğlu anasını itirdikdən sonra atasının yanında qaldığını, onunla münasibətinin yaxşı olduğunu da dilə gətirdi: "Atamla münasibətimiz yaxşıdı. Amma kaş anam sağ olaydı. Ona bu gün daha çox ehtiyacım olduğunu hiss edirəm”.

Tahirə