O, ana deyil...

Körpəsinin cəsədini zibilliyə atan qadın ən ağır cəzaya layiqdir



Bakıda valideynin körpəsinin cəsədini zibilliyə atması ictimaiyyət arasında hiddət doğurdu. Sosial şəbəkələrdə aparılan müzakirələrə qoşulan insanlar həmin ananı şiddətlə qınayaraq bunu vəhşilik hesab etdiklərini söylədilər.

Hüquqşünaslar isə ananın övladına qarşı bu əməlini cinayət sayırlar. Məsələni hüquqi baxımdan şərh edən hüquqşünas İradə Cavadova "Şərq”ə bildirib ki, ana Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət məsuliyyəti daşıyır: "CM-nın qəsdən adam öldürmə maddəsi ilə 3 ilədək həbs oluna bilər”.

İ.Cavadova anaya yüngül cəza verilməsinin tərəfdarı deyil: "Çünki burada xüsusi amansızlıq və qəddarlıq əməlləri var. Körpənin cəsədini zibilliyə atması bunu deməyə əsas verir”.

Hüquq müdafiəçisi belə bir hadisənin olmasına da təəssüfləndiyini söyləyib: "Bu gözlənilməyən dəhşətli bir cinayət hadisəsidir”.

Məlumat üçün bildirək ki, hadisə Səbail rayonu 20-ci sahə, Arif İsmayılov küçəsində baş verib. Həmin küçədə zibil qutularından birində yeni doğulmuş oğlan uşağının meyiti tapılıb. İlkin baxış zamanı yeni doğulmuş oğlan uşağının üzərində zorakılıq əlaməti aşkarlanmayıb. Lakin daxili müayinə nəticəsində körpənin qəsdən öldürülməsinə xas əlamətlər üzə çıxıb.

Araşdırmalar zamanı məlum olub ki, ölən körpə 21 yaşlı Gülnarə Nəriman qızı Əzimovanındır. Keçirilən əməliyyat zamanı qadın saxlanılıb. O, ilkin ifadəsində uşağın ölü doğulduğunu bildirsə də, sonradan oğlunun doğuşdan sonra vəfat etdiyini təsdiq edib. O əlavə edib ki, imkanı olmadığı üçün körpəsini dəfn edə bilməyib və torbaya qoyaraq zibil qutusuna atıb. Faktla bağlı araşdırmalar aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq cinayət işinin başlanması istisna deyil.

Vüqar Şahinoğlu