O evdə yaşamırlar...

10 gündən sonra qaçqınlara verilən evlər geri alına bilər
Millət vəkili Elman Məmmədov “Qaçqınkom”u müdafiə edir, Akif Nağı isə əksini düşünür


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq edib. "Dövlətqaçqınkom”un mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanda qaçqın və məcburi köçkünlərə daimi yüksək diqqət və qayğı göstərilir.

Lakin çox təəssüflər olsun ki, bəzi məcburi köçkünlər bu cür diqqət və qayğıdan sui-istifadə edirlər. Xüsusən belə hallar yeni salınmış qəsəbələrə köçürülmə zamanı daha çox özünü göstərir.

"Qaçqınkom”dan bildirilib ki, bəzi məcburi köçkünlər əvvəllər köçürmə obyektlərində yaşadıqlarını və orada müvəqqəti qeydiyyatda olduqlarını bəhanə edərək, yuxarı instansiyalara mütəmadi müraciət edərək onlara yeni mənzillərin verilməsini təkidlə tələb ediblər: "Bir müddət keçdikdən sonra onların həmin mənzillərdən istifadə etmədikləri, mənzillərin boş qaldığı müəyyən edilib. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq həmin məcburi köçkünlər mənzilləri geri təhvil vermir, yaxud istifadəni təmin etmirlər. "Dövlətqaçqınkom” bu qəbildən olan məcburi köçkünlərə bir daha xəbərdarlıq edir ki, 10 gün müddətində həmin mənzillərdə yaşayışı təmin etməsələr və yaxud təhvil verməsələr, onlara yemək xərci müavinətləri, kommunal xidmətlərə (elektrik enerjisi, qaz, su) görə ödənişlər müvəqqəti dayandırılacaq və mənzillərdə yaşayış bərpa edildikdən və ya təhvil verildikdən sonra ödənişlər bərpa ediləcək”. Xocalıdan olan millət vəkili Elman Məmmədov məsələnin ciddi şəkildə araşdırılmasına ehtiyac duyub. Onun sözlərinə görə, başqa yerdə evi olduğu üçün "Dövlətqaçqınkom”un verdiyi evlərdə qalmayan məcburi köçkünlər həmin evləri qaytarmalıdır ki, evsiz köçkünlərə verilsin: "Bütün bu məsələlər "Qaçqınkom”un birbaşa səlahiyyətinə aiddir. Heç şübhəsiz ki, Komitə bu açıqlamaları əlindəki faktlara əsaslanaraq verir. Digər tərəfdən də məcburi köçkünlərin evə ehtiyacı varsa, ona verilən evə köçməlidir. Köçmürsə, deməli, burada müəyyən səbəblər var və bu məsələ araşdırılmalıdır. Hesab edirəm ki, məcburi köçkünlər üçün tikilən mənzillər boş qalmamalıdır. Əgər hansısa məcburi köçkünün evə ehtiyacı yoxdursa, həmin mənzil geri qaytarılaraq ehtiyacı olan köçkünlərə verilməlidir. "Qaçqınkom” bu məsələdə tamamilə haqlıdır ki, məcburi köçkünlərin dövlətin onlara göstərdiyi diqqət və qayğıdan sui-istifadəsinin qarşısı alınmalıdır. Əgər hansısa məcburi köçkün bu qayğıdan sui-istifadə edərək özünə ev alıbsa, həmin ev daha çox ehtiyacı olan başqa bir ailəyə verilməlidir. Amma bəzi hallarda olur ki, məcburi köçkünlər müəyyən səbəblərdən onlara verilən evlərdə yaşamır və şəhərdə kirayə qalır. Araşdırma zamanı bunlara da diqqət yetirmək lazımdır. Ancaq istənilən halda ev verilən məcburi köçkün həmin mənzilə köçməlidir”.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə Komitəni məsələyə obyektiv yanaşmağa çağırıb: "Qaçqın və məcburi köçkünlər üçün Respublikanın müvafiq ərazilərində tikilən mənzillərdən hansısa bir müddət boş qalarsa, "Qaçqınkom” həmin evləri onların əlindən alır. Bu cür faktlarla bağlı məcburi köçkünlər tərəfindən bizə çoxsaylı müraciətlər edilib.

Təbii ki, burada hansı tərəfin haqlı və ya haqsız olduğunu araşdırmaq bizim təşkilatın imkanları çərçivəsində deyil. Amma hər halda belə bir problem var və biz bu məsələnin tezliklə öz həllini tapacağına ümid edirik”.

A.Nağının sözlərinə görə, məcburi köçkünlərə verilən evlərin boş qalması faktoruna birtərəfli yanaşmaq düzgün deyil: "Qaçqınkom” məcburi köçkünlərin köçürmə obyektlərində yaşadıqlarını və orada müvəqqəti qeydiyyatda olduqlarını bəhanə edərək yeni mənzillərə sahib olduqlarını və indi də həmin mənzillərdə yaşayış olmadığını bəyan edir. Ancaq mənim fikrimcə, mənzillərin boş qalmasının tək səbəbi həmin məcburi köçkünlərin əlavə evlərinin olması ilə bağlı deyil. Bəzən insanlar obyektiv səbəblərdən onlara verilən evlərdə yaşamırlar. Təsəvvür edək ki, Ağdam- Bərdə-Tərtər 4 yolunda tikilən binadan hansısa məcburi köçkünə ev veriblər. Amma rayonda dolanışıq üçün şərait olmadığından həmin insanlar müəyyən müddətdə işləmək üçün paytaxta yüz tuturlar və burada kirayədə qalırlar. Belə çıxır ki, onların evində yaşayış yoxdur deyə "Qaçqınkom” həmin mənzili onların əlindən almalıdır? Əlbəttə ki, yox. Həmin evlər məcburi köçkünlərə dövlət tərəfindən verilib və onların haqqıdır. Həmin evdə birdəfəlik məskunlaşacaqlar, fasilələrlə qalacaqlar, bu artıq onların öz işidir. Dövlətin verdiyi evdə yaşamır deyə məcburi köçkünlərə vaxt qoymaq, onları yemək xərci müavinətləri, kommunal xidmətlərlə hədələmək haqlarını pozmaqdır”. Məcburi köçkünlərə qarşı bu cür təzyiq formalarını yolverilməz hesab edən QAT sədrinin sözlərinə görə, məcburi köçkün olmayan birinin dövlətin verdiyi evi kirayə verərək başqa bir rayonda məskunlaşmasına şərait yaradılırsa, köçkünlərə niyə belə qadağalar qoyulmalıdır?

Şəymən