O gün uzaqda deyil

Azərbaycan ordusunun döyüş hazırlığı, şəxsi heyətin nizam-intizamı, sosial-məişət şəraiti, təminat və təchizatı
Güclü ordu dövlətin və onun xalqının təhlükəsizliyinin əsas təməl prinsiplərindən biridir. Torpaqlarımızın işğal altında qaldığı bir vaxtda Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daim artırılması qarşıda dayanan mühüm vəzifədir. Çünki illərdir Azərbaycan Ermənistanın hərbi təcavüzü ilə üz-üzədir.
Bu dövrdə respublikamızın 20 faizə qədər ərazisi işğal olunub, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Dünyanın əksər beynəlxalq təşkilatlarının müvafiq sənədlərində işğalçı qoşunların Azərbaycanın bütün istila edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilsə də, separatçı ölkə buna məhəl qoymur. 1994-cü ildən başlayaraq aparılan sülh danışıqlarına gəlincə, bütün həll variantları yenə də Ermənistanın destruktiv mövqeyi ucbatından alınmır.
Döyüş qabiliyyətinin artırılması mühüm vəzifədir
Ancaq sülh danışıqlarının nəticəsiz qaldığı, Ermənistanın təxribatlarının davam etdiyi şəraitdə Azərbaycanın münaqişənin hərb yolu ilə həllini nəzərdən keçirməsi qaçılmazdır. Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan öz çirkin mövqeyindən geri çəkilməyəcəyi halda Azərbaycan müharibə variantına gedə bilər.
Müharibə variantında kimin qalib gələcəyini bütün dünya bilir. Təkcə ordumuzun 2016-cı ildəki aprel zəfərini misal gətirmək yetərlidir. Reallıq ondan ibarətdir ki, Azərbaycanın inkişafı və artan maliyyə imkanları Silahlı Qüvvələrimizin də müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində mühüm rol oynayıb. Hazırda Cənubi Qafqazın ən böyük gücünə malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığı, şəxsi heyətin nizam-intizamı, sosial-məişət şəraiti, təminat və təchizatına görə, MDB məkanında ön sıralarda dayanır.
Həm texniki təchizat, həm də döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasında qərarlaşan Azərbaycan ordusu istənilən hərbi vəzifəni icra etməyə qadirdir. Bu faktı beynəlxalq analitik mərkəzlərin mütəmadi açıqladıqları reytinq siyahıları da təsdiqləyir.
İşğal edilmiş torpaqlarda istənilən hədəfi məhv edə bilərik
Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərini ordumuzun keçirdiyi təntənəli hərbi paradlarda, genişmiqyaslı təlimlərdə görüb. Hər kəs Azərbaycanın mükəmməl hərbi gücə malik olduğuna şahidlik edib. Təsdiq olunub ki, Azərbaycan Ordusu arsenalını ən modern silah və digər hərbi texnika ilə zənginləşdirir. Qürurverici məqam odur ki, hazırda dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar Azərbaycanda var.
Şəxsi heyətin nizam-intizamı, sosial-məişət şəraiti, təminat və təchizatı...
Azərbaycanı dünya birliyində layiq olduğu yerə gətirən amillər sırasında Silahlı Qüvvələrin döyüş qabiliyyəti, texniki təchizatı, zabit kadrlarının hazırlıq səviyyəsi, əsgərlərin mənəvi-psixoloji durumu mühüm yer tutur.
Ordu quruculuğu istiqamətində işlər ardıcıl surətdə aparılmaqla yanaşı, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. Təsadüfi deyil ki, Azərbaycanın bölgədə ən yüksək mövqelərə malik ölkə olmasını şərtləndirən əsas amillər sabitlik, dinamik iqtisadi inkişaf və güclü ordudur. Ordu quruculuğu istiqamətində həyata keçirilən layihələr arasında yeni hərbi hissələrin inşası, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulması, cəbhə bölgəsində zabitlər üçün yaşayış komplekslərinin tikintisi mühüm yer tutur. Bütün bu prosesləri Ali Baş Komandan İlham Əliyev daim diqqət mərkəzində saxlayır.
Həqiqətən, bu gün Azərbaycan ordusu Ali Baş Komandanın əmri ilə istənilən an düşmənə sarsıdıcı zərbə vurmaqla torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Azərbaycanda ordu-rəhbər birliyi, ordu-xalq birliyi özünün yüksək səviyyədə vəhdətini tapıb. Ordumuzun aprel zəfəri bu vəhdətin təsdiqi oldu. Reallıq isə ondan ibarətdir ki, Azərbaycan ordusu vəzifəsini layiqincə yerinə yetirməyə hər an hazırdır. Son dövrlərin hərbi uğurları da xəbər verir ki, ərazi bütövlüyümüzün bərpa ediləcəyi gün uzaqda deyil.
Vahid komandanlıq və əmri icra etmə bacarığı...
Döyüş tapşırıqlarını yerinə yetirərkən sol gözü və sağ ayağını itirən, kəşfiyyatçı baş leytenant Kamil Musavi qeyd edib ki, hazırda ordumuzun döyüş hazırlığı çox yüksək səviyyədədir: 
"Təlimlər, silahlanmamız, əsgər və zabitlərimizin aprel döyüşlərində göstərdiyi rəşadətlər ordumuzun döyüş hazırlığının yüksək səviyyəyə çatdırılmasının əyani sübutudur. Ordumuzun nizam-intizamı göz önündədir. Bir haşiyə çıxım: mən uşaq olanda hərbi xidməti başa vurub ailəsinə dönən qohum-qonşular orduda özbaşınalıqdan, "dedofşina”dan danışırdılar. Amma hazırda demək olar ki, bu "dedofşina” məsələsi tamamilə aradan qaldırılıb. Azərbaycan ordusunda vahid komandanlıq və əmrə tabe olma bacarığı var. Əsgərlər və zabitlərin şüurlu şəkildə formalaşması prosesi gedir”.
Ali Baş Komandan və nazirin cəbhə səfərləri...
K.Musavi hesab edir ki, Ali Baş Komandan İlham Əliyevin və müdafiə naziri Zakir Həsənovun cəbhə bölgəsinə səfərləri, səngərdə əsgərlərlə görüşləri ordumuzda döyüş hazırlığının daha da yüksəlməsinə xidmət edir:
"Cənab Z.Həsənovun şəxsi heyətin içində olması, əsgər və zabitlərdə ruh yüksəkliyi yaradır. Bu, döyüş əhvah-ruhiyyəsinə müsbət təsir göstərən ən mühüm amillərdəndir. Nazirin səngərdə əsgərlərin yanında olması, əsgərlərlə eyni masa ətrafında oturub çörək kəsməsi, təlimlərdə iştirakı əsgər və zabitlərdə inam yaradır. Onları nizam-intizama dəvət edir. Əsgər öz komandiri, nazir və Ali Baş Komandanının daim onun yanında olduğunu görür. Belə olan halda əsgər daha çox şücaətlər göstərməyə can atır və təlimdə tər töküb özünü realizə edir. Çünki o bilir ki, nazir və Ali Baş Komandan hər an gəlib onları yoxlaya bilər. Çalışır ki, həmişə intizamlı olsun. Yəni bir növ özlərini daha yaxşı formalaşdırırlar. Nazir və Ali Baş Komandanın cəbhə səfərləri və əsgərin yanında olmaları çox təqdirəlayiq haldır”.
Təlimdə çox tər tökən, döyüşdə az qan tökər
Qazi ordumuzda mütəmadi olaraq keçirilən genişmiqyaslı hərbi təlimlərə də diqqət çəkib. O qeyd edib ki, təlimdə çox tər tökən, döyüşdə az qan tökər:
"Bu təlimlər şərtdir. Şəxsi heyətin döyüşə alışması üçün bu cür təlimlərin keçirilməsi arzuolunan haldır. Təlim üçün də olsa, mərmilər atılır. Yəni artıq vərdiş yaradır. Bu təlimlər əsgərləri psixoloji olaraq döyüşə hazırlayır. Həm də əsgərlər təlim zamanı döyüşdə şəxsi heyətlə qarşılıqlı əlaqələri öyrənirlər. Kimlərin hansı işi görməli olduğunu bilirlər. Təlim döyüşün bir növüdür və bu, şərtdir. Təlim hər dəfə keçirilməlidir, keçirilir də. Ona görə də Azərbaycan ordusunun döyüş əhval-ruhiyyəsi, bacarıq və potensialı güclənir”.
Düşmən sənə 1 güllə atırsa, sən ona 10 güllə at
Yaralı zabitin sözlərinə görə, Azərbaycan ordusunun sosial məişət şəraiti, təminat və təchizatı yüksək səviyyədədir:
"Canlı şahidi olduğum məqamları ərz etməyi xoşlayan adamam. Baxın, 1991-1992-ci illərdə döyüşən insanlarımızın məişət şəraitindən, təminat və təchizatın çox aşağı səviyyədə və yaxud da heç olmamasından gileyləndiklərinin şahidi olmuşam. Onların heç bir təminat və təchizatı olmayıb. Həmin illərdə döyüşən qazilərimiz danışanda şahidi oluruq ki, nə texnika, nə yemək, nə də geyim təminatları olub. Amma hazırda orduda vahid geyim, vahid komandanlıq yüksək səviyyəli təminat və təchizat mövcuddur. Cəbhədə heç kimə "güllə atma, gülləmiz yoxdur” demirlər. Əksinə, deyirlər ki, düşmən sənə 1 güllə atırsa, sən ona 10-nu at. Ondan sonra yemək təminatı yaxşı vəziyyətdədir. Elə bölmələrimiz var ki, qar yağan zaman ora gediş-gəliş kəsilir. Hətta onlar 6 ay-1 il ərzində öncədən ərzaqla təmin olunurlar. Ön xətdəki postlarda şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılması üçün bütün şərait var. Onların hamamlanması, paltar və yataq dəstlərinin yuyulub, ütülənməsi və s. məsələlər təşkil olunur. Əvvəllər isə əsgərlərin paltar və yataq dəstləri yığılıb taborlara daşınırdı, taborda yuyulduqdan sonra postlara göndərilirdi. Amma indi postların özündə bütün şərait qurulub”.
Aprel döyüşü itmiş inamı bərpa etdi
K.Musavi diqqətə çatdırıb ki, hazırda hər bir əsgər, zabit və qaziyə çox böyük qayğı göstərilir:
"Baxın, Aprel döyüşü Azərbaycan xalqının itmiş inamını bərpa etdi. Torpaqlarımızın müəyyən bir qismini düşməndən azad etdik. Aprel hadisələri qeyd olunmaya bilməzdi. Bu bir tarixi hadisə oldu. Azərbaycan öz doğma torpaqlarının bir parçasını düşməndən azad etdi. Ona görə, biz bu qələbəni yüksək səviyyədə qeyd edirik. Bununla yanaşı, biz ilindən asılı olmayaraq vətən üçün canından keçənləri unutmuruq. Bu günə qədər vətən üçün canını fəda edən, şəhidlik zirvəsinə ucalan, bədəninin müəyyən hissəsini itirənlərin heç birini unutmuruq. Aprel döyüşlərindən sonra da qazilərə diqqət, qayğı artmaqdadır.
Onlar tədbirlərə dəvət olunurlar, gənclərlə görüşlər keçirirlər və gənclərə vətənpərvərlik hissini aşılayırlar. Dövlətin də nəvazişi göz önündədir”.
Heydər Əliyev Fondu qazilərə ən müasir protez əl və ayaqlar qoydurub
Müsahibimiz onu da əlavə edib ki, bu yaxınlarda Heydər Əliyev Fondu 10-dan çox qaziyə daha müasir protez ayaq qoyub:
"O qazilərdən biri də mənəm. Qolu olmayan qazilərimizə Yaponiyadan ən müasir qollar gətirilir. Bizə də ayaqlar gətirilib. İstəyirik ki, bu diqqət daimi olsun və eyni zamanda Azərbaycan üçün canını fəda edən hər kəsə göstərilsin. Ehtiyatda xeyli yoldaşlar var ki, onlara da əl və ayaqlar qoyulacaq. Bir sözlə, orduya, əsgərə, zabitə çox böyük diqqət var”.
Maddi-texniki baza daim güclənməkdədir
Qarabağ qazisi, xüsusi təyinatlı hərbçi, ehtiyatda olan gizir Natiq Mehdiyev vurğulayıb ki, Azərbaycan ordusu NATO standartlarına keçid və döyüş qabiliyyətinin qabaqcıl təcrübəyə müvafiq olaraq yüksəldilməsi sahəsində də mühüm uğurlara imza atıb:
"Kursant və zabit heyətinin dünyanın ən qabaqcıl hərbi təhsil müəssisələrində hərb sənətinin sirlərinə yiyələnməsi ordumuzun peşəkarlıq səviyyəsinin yüksəlməsində öz töhfəsini verməkdədir. Ölkənin müdafiə sənayesinin istehsalı olan və xaricdən idxal olunan müasir silah-sursat və hərbi texnika hesabına Azərbaycan ordusunun maddi-texniki bazası daim güclənməkdədir. Ermənistandan fərqli olaraq, Azərbaycan Silahlı Qüvvələri maddi təminatını öz potensialı hesabına ödəyir”.
N.Mehdiyev bildirib ki, Silahlı Qüvvələrin texniki təchizatı baxımından bu gün ölkəmiz Ermənistanı bütün parametrlərdə çox üstələyir:
"Təkcə bir faktı qeyd etmək kifayətdir ki, iki il əvvəl ordunun istifadəsinə 1 milyard ABŞ dollarından artıq silah və texnika verilib. Bütün bunların fonunda Azərbaycan əsgərinin yüksək mənəvi hazırlığı, döyüş ruhu, zəbt olunmuş ərazilərdən düşməni hər an geriyə oturtmaq üçün qisas hissi ilə alışıb yanması işğalçı Ermənistanı getdikcə daha çox qorxudur. 2016-cı ilin aprel ayında Azərbaycan Ordusu düşmənin növbəti təxribatına layiqli cavab verdi, bir sıra mühüm strateji əhəmiyyətli mövqelər, ilk növbədə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin yaxınlığında yerləşən Lələtəpə yüksəkliyi tamamilə Azərbaycanın nəzarətinə keçdi”.
Ayyət Əhməd
Yazı "Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş "Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsinə təqdim edilir”