Obama da Türkiyəyə gəlir

“G 20”-nin çağırışları bu dəfə Antalyadan eşidiləcək




ABŞ Prezidenti Barak Obama Türkiyəyə gəlir. Məlumata görə, o, noyabrın 14-də Türkiyənin Antaliya şəhərində baş tutacaq G 20 sammitinə qatılacaq. Ağ Evdən yayılan açıqlamada, B.Obamanın 14-22 noyabrda Türkiyə, Filippin və Malayziyaya səfər edəcəyi bildirilir.

Səfərin gizlinlərini "Şərq”ə şərh edən politoloq Hikmət Babaoğlu söyləyib ki, Rusiyanın Suriyaya müdaxiləsindən sonra Yaxın və Orta Şərqdə yeni münasibətlər sistemi formalaşmağa başladı. Ekspertin sözlərinə görə, G 20 sammitinin keçirilməsi də məhz bu ərəfədə baş tutur: "Hesab edirəm ki, ABŞ Prezidentinin Türkiyəyə və eyni zamanda bir neçə Yaxın Şərq ölkəsinə səfəri əvvəlcədən planlaşdırılıb. Amma şübhəsiz ki, Prezidentlər burada görüşəcəklərsə, Yaxın Şərq və ya Suriyada baş verən hadisələr müzakirə olunacaq. Suriya böhranını sadəcə bir hadisə kimi qiymətləndirmək olmaz. Gözümüzün qabağında II Dünya müharibəsindən sonra Yaxın Şərq çoğrafiyası yenidən dizayn edilir. Burada hegemon dövlətlərin maraqları toqquşur. Əlbəttə, bu məsələlər ətrafında danışıqlar aparıla bilər. Amma G 20 sammiti Yaxın Şərqdəki problemləri həll edəcək gücdə deyil. Ona görə də düşünürəm ki, bu görüşün faydası olmayacaq”.

Ankara-Vaşinqton münasibətlərinə gəlincə, ekspert diqqətə çatdırıb ki, bu əlaqələrin çox dərin kökləri var: "Münasibətlərdə hansısa hadisələrlə bağlı kardinal dəyişikliklərin olması çətin görünür. ABŞ-Türkiyə münasibətləri həm NATO blokunda, həm də ikitərəfli münasibətlər çərçivəsində özünə xüsusi yer tutub. Rusiya ilə münasibətlərin istiləşməsi və ya soyuqlaşması ABŞ ilə Türkiyə arasındakı əlaqələrin zəifləməsinə səbəb olmayacaq. Hesab edirəm ki, G 20 zirvə görüşündən Yaxın Şərqdəki problemlərin qısa müddət ərzində həll edilməsi ilə bağlı bir çağırış belə səslənərsə, bunu dünya diplomatiyasının nailiyyəti kimi qəbul etmək olar. Çünki orada vəziyyət çox gərgindir. Hər gün insanlar məhv olur. Gözümüzün qabağında dövlətlər çökür. Real yanaşsaq, belə çağırış gözləmirəm. Çünki hazırda Yaxın Şərqin problemi aparıcı ölkələrin xarici siyasətinin prioriteti deyil. Ona görə də görüşdən rasional nəticə gözləmirəm”.

Ayyət Əhməd