Obama prezident İlham Əliyevi Vaşinqtona dəvət etdi

Aydın Mirzəzadə: “Bu, Azərbaycanın beynəlxalq aləmdə təhlükəsizliyə verdiyi töhfənin qiymətləndirilməsidir”
Zahid Oruc: “ABŞ və Azərbaycan arasında hazırda körüklənən davakarlığı səngitmək lazımdır”


ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevi 2016-cı ildə Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib. Bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici siyasət şöbəsinin müdiri Novruz Məmmədov özünün tvitter səhifəsində yazıb. Onun sözlərinə görə, dəvət məktubu 3 dekabr 2015-ci ildə göndərilib.

Prezident Obama məktubunda Azərbaycanın qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirdiyini qeyd edib. Xatırladaq ki, sammit yazda keçiriləcək. Bu sammit iki ildən bir keçirilir. Prezident İlham Əliyev bundan əvvəlki üç sammitdən ikisində iştirak edib. Seulda keçirilən zirvə toplantısındakı çıxışında İlham Əliyev Azərbaycanın nüvə təhlükəsizliyi məsələlərinə münasibətini belə açıqlayıb: "Azərbaycan qlobal nüvə təhlükəsizliyinə mühüm əhəmiyyət verir və Beynəlxalq Nüvə Terrorçuluğu Aktlarının Aradan Qaldırılması Konvensiyası və Nüvə Materiallarının Fiziki Qorunması” kimi mühüm beynəlxalq sazişlərə qoşulub.

Azərbaycan nüvə təhlükəsizliyini təmin edən norma və standartların formalaşdırılması işində Beynəlxalq Atom Enerjisi Agentliyinin oynadığı rolu vacib hesab edir. Ölkəmiz nüvə təhlükəsizliyinin müxtəlif aspektləri ilə bağlı Agentliklə uğurlu əməkdaşlıq qurub. Biz mövcud uğurlu əməkdaşlığı 2008-ci ildə təsis etdiyimiz Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi vasitəsilə daha da genişləndirmək əzmindəyik”. Prezident vurğulayıb ki, nüvə silahının yayılma təhlükəsini və coğrafi mövqeyimizi nəzərə alaraq, Azərbaycan ərazisindən nüvə qaçaqmalçılığı üçün tranzit marşrutu kimi istifadə edilməsi hallarının qarşısının alınmasına xüsusi əhəmiyyət verir: "Azərbaycan beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək yüksək standartlara əsaslanan möhkəm qanunverici baza vasitəsilə ixraca nəzarət üçün güclü sistem yaradıb. Bu sistem nüvə qaçaqmalçılığının qarşısının alınmasında özünü etibarlı mexanizm kimi doğruldur. Azərbaycan coğrafi şəraitini və ətraf mühit üçün baş verə biləcək transsərhəd fəsadları nəzərə alaraq, mülki məqsədlər üçün nüvə qurğularının təhlükəsizliyini və etibarlılığını möhkəmləndirmək məqsədilə göstərilən səyləri tam dəstəkləyir”. Göründüyü kimi Azərbaycan dünyanın təhlükəsizliyini təhdid edən istənilən məsələyə qarşı öz mövqeyini açıq şəkildə qoyub. Bütün bunlar öz yerində, lakin Barak Obamanın dəvətində başqa bir mətləb də aşkar oldu: - "sanksiya” iddiaları sadəcə iddia imiş. Rəsmi Bakı ilə Qərb dövlətləri arasında istənilən məsələyə münasibətdə müəyyən fikir ayrılığı yarananda təəssüf ki, bəziləri vəziyyətin daha da mürəkkəbləşməsini arzulayır, hətta istəklərini gerçəklik kimi ictimai rəyə sırımaqdan əl çəkmirdilər. Bu dəvət konqresmen Kris Smit tərəfindən təqdim olunan anti-Azərbaycan xarakterli layihənin tam şəkildə iflası kimi dəyərləndirilə bilər. Həm də bu dəvət sübut etdi ki, iki dövlət biri-birinin müttəfiqidir. Başqa sözlə, rəsmi Vaşinqtonla rəsmi Bakı arasında münasibət heç də yayılan xəbərlər səviyyəsində kəskin deyil, əksinə, daha yaxındır. Yəni vəziyyəti kəskinləşdirmək istəyənlərin niyyəti baş tutmadı.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib ki, Prezident İlham Əliyevin IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilməsi Birləşmiş Ştatlardakı erməni diaspor təşkilatlarının apardığı anti-Azərbaycan kampaniyasına Ağ Ev tərəfindən verilən qəti cavabdır: "Erməni diaspor təşkilatları vaxtaşırı ABŞ-ın Azərbaycana qarşı sanksiya tətbiq etməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun düşməsinə cəhd göstərirdilər. Bununla belə, ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidentini sammitə dəvət etdi. Bu sammit dünyanın nüfuzlu dövlətlərinin rəhbərlərinin təhlükəsizliklə bağlı mövqelərini öyrənən xüsusi əhəmiyyətli bir tədbirə çevrilib. Barak Obama tərəfindən Azərbaycan Prezidentinə dəvət göndərilməsi Azərbaycanın beynəlxalq aləmdə qazandığı dövlətçilik nüfuzundan, onun iqtisadi inkişafına verilən qiymətdən xəbər verir. Bu, Azərbaycanın beynəlxalq aləmdə təhlükəsizliyə verdiyi töhfənin qiymətləndirilməsidir”. A.Mirzəzadənin sözlərinə görə, sammit çərçivəsində bir qayda olaraq ikitərəfli görüşlərin keçirilməsi də artıq ənənəyə çevrilib.

Millət vəkili Zahid Oruc da bildirib ki, Prezidentin Sammitə dəvət edilməsi əhəmiyyətli hadisədir: "Barak Obamanın dəvəti ABŞ-Azərbaycan əlaqələrinin yaxşılaşdırılması üçün yaranmış fürsət kimi dəyərləndirilməlidir. Xüsusilə 2010-cu ildən başlayaraq iki ölkə arasında əlaqələrdə problemlər mövcud olub. Bölgənin enerji ehtiyatlarının Qərbə çıxması, regionda geopolitik düzənin formalaşması ABŞ-ın bu ərazilərdə öz maraqlarını formalaşdırması hesabına baş verdi. Lakin Obama dövründə sanki bu prioritetlərdən geriçəkilmələri müşahidə etdik. 2010-cu ildə İlham Əliyevin Türkiyədə keçirilən Mədəniyyətlərarası Dialoq Forumuna dəvət alması fonunda ciddi problemlərin şahidi olduq. Yəni İsveçrədə məlum protokolları həyata keçirmək, Ermənistanı Rusiyanın təsir dairəsindən azad etmək adı altında ssenari cızıldı. Azərbaycan Prezidenti isə gözləyən təhlükələri nəzərə alıb getmədi. Bu iradə, bu dirəniş ABŞ tərəfinin xoşuna gəlmədi. Ondan sonrakı dövrdə bütün informasiya vasitələri, diplomatik kanallar və başqa siyasi amillər hesabına təzyiqlər başladı. Bununla da münasibətlər daha da pozuldu. Son olaraq məlum sanksiyalar dövriyyəyə çıxarıldı. Sanksiyaların tətbiqi isə nə ABŞ-ın xeyrinədir, nə də Azərbaycana sərf edən amildir”. Deputatın sözlərinə görə, ABŞ və Azərbaycan arasında hazırda körüklənən davakarlığı səngitmək lazımdır: "Bu gün dövriyyədə məlum sənədləri təşviq edənlər var. Həm keçmiş səfirlər, müxtəlif diplomatlar, həm də ABŞ-da yaşayan azərbaycanlılar sanksiyaların Azərbaycana qarşı tətbiqi üçün dəridən-qabıqdan çıxırlar. Belə olan halda səfər zamanı Prezident İlham Əliyevin ABŞ rəhbəri ilə bu məsələləri aydınlaşdırması, dialoq mühitinin bərpa olunması, mövcud problemlərin həllinin tapılması mümkün olacaq. Bu dəvəti mühüm bir imkana çevirərək qarşılıqlı addımların atılacağı səviyyədə dəyərləndirməliyik. Bununla da ABŞ-Azərbaycan münasibətlərinin yeni səhifəsini başlatmaq mümkündür. Əminəm ki, Azərbaycan rəhbərliyi bunu belə də dəyərləndirəcək”.

İsmayıl