“Odundağ” yüksəkliyi düşmənin mövqeyini müşahidə etmək üçün çox əhəmiyyətlidir






Azərbaycan ordusu Ermənistanla sərhəddə yeni strateji yüksəkliyi ələ keçirib. Qazax rayonu ilə Ermənistanın Noyamberyan rayonu arasında yerləşən "Odundağ” yüksəkliyi artıq ordumuzun nəzarətindədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həqiqətən həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib”.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı "Odundağ” yüksəkliyinin ələ keçirilməsini Ordumuzun ciddi nailiyyəti kimi qiymətləndirib və bu postun möhkəmləndirilməsinin ətraf ərazilərin müdafiəsi üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb: "Bu çox sevindirici bir xəbərdir. Strateji yüksəkliyin ələ keçirilməsi, ordumuzun mövqelərini gücləndirməsi baxımından olduqca əhəmiyyətlidir. Milli ordumuzun Ermənistan Silahlı Qüvvələri üzərində əldə etdiyi hər bir qələbə bizim üçün qürurvericidir və təbii olaraq bu uğuru hər birimiz sevinclə qarşılayırıq. Qarabağ Azadlıq Təşkilatı 20 ildir bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsinin hərbdən başqa yolu yoxdur. Bütün bu addımlar isə bizi qələbəyə hər gün bir az daha yaxınlaşdırır.

QAT sədrinin sözlərinə görə, "Odundağ” yüksəkliyinin ələ keçirilməsi Azərbaycan ordusunun gücünün, hər an torpaqlarımızı müharibə yolu ilə işğaldan azad etməyə qadir olduğunun göstəricisidir: "Yüksəklik düşmənin mövqelərini, yerdəyişmələrini müşahidə eləmək üçün çox əhəmiyyətlidir. Müdafiə Nazirliyinin açıqlamasında da deyildiyi kimi, "Odundağ” yüksəkliyi strateji ərazidir. Bu gün yüksəkliyi azad edən ordunun daha da irəli getməsinə heç bir şübhə ola bilməz”.

Şəymən