Oğlanla qızın yeri səhv düşəcək

Nizami Cəfərov: “Qıza oğlan, oğlana qız adının verilməsini təsdiq edən qurumlar cəzalanmalıdır”
Elşad Miri: “İlk dəfə eşidirəm ki, oğlana Zəhra, qıza Məhəmməd, Həsən adı qoyulur”



Son beş ildə Azərbaycanda xeyli sayda yeni doğulan qıza oğlan, oğlanlara isə qız adı qoyulub. Ədliyyə Nazirliyinin açıqladığı rəsmi məlumata görə, 23 qıza Məhəmməd, 86 oğlana Zəhra, 8 qadına Həsən adı, iki qız uşağına isə Həsənağa adı verilib. Eləcə də, 7 kişiyə Aygün, 25 qadına isə Nurlan adı qoyulub. Amma Nizami, Füzuli, Nəsimi və Məhsəti kimi şair adları heç bir uşağa "layiq” görülməyib.

Məsələni dəyərləndirən Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov bildirib ki, oğlanlara qız, qızlara oğlan adı qoymaq biabırçılıqdır: "Elə adlar var ki, onları həm oğlana, həm qıza qoymaq olur. Məsələn, Arzu, Pərvin. Amma oğlana Sevinc, Zəhra, qıza Məhəmməd, Həsən adı qoyula bilməz. Bu, mümkün olan bir şey deyil. Ümumiyyətlə, belə bir ənənə yoxdur. Düzdür, bir vaxtlar uşağın sağ qalması üçün ona erməni, xristian adları qoyulub. Amma bunlar da gülünc, mənasız şeylərdir”. Deputat hesab edir ki, qıza oğlan və oğlana qız adının qoyulması həmin insanların gələcəkdə gülünc obyektinə çevrilməsinə səbəb olacaq: "Zəhra adı verilən oğlan, Məhəmməd adı verilən qız böyüyəndə mütləq adını dəyişdirəcək. Həmin insanlar utandıqlarından bu adı daşıya bilməzlər”. N.Cəfərov vurğulayıb ki, qanunvericilikdə yeni doğulan uşaqlara hansı adların qoyulması ilə bağlı siyahı var. Odur ki, qıza oğlan, oğlana qız adının verilməsini təsdiq edən qurumlar cəzalanmalıdır: "Ola bilər ki, valideynin başı xarab olsun. Amma adı təsdiqləyən VAQ-lar belə şeylərə imkan verməməlidir. Uşağına ad qoymağı valideyn təklif edir, dövlət orqanı isə onu təsdiq edir. Dövlət orqanı valideynin arzusunu müəyyən həddə qədər nəzərə alır. O yerdə ki, adət-ənənə, qanun, prinsip pozulur, orada belə gülünc adları təsdiq etmək olmaz. Qıza oğlan adı, oğlana qız adının qoyulması qanunvericiliklə qadağandır”.

Dini adlarla bağlı məsələyə münasibət bildirən ilahiyyatçı-alim Elşad Miri də deyib ki, islam dinində Peyğəmbərimizin tövsiyəsi var. Peyğəmbərimiz buyurur ki, uşaqlarınıza gözəl adlar verin, çünki insanlar bütün həyatı boyu o adlarla çağırılacaq: "Valideynlər öz düşüncələrinə uyğun olaraq adı elə seçirlər ki, uşaqlar böyüyəndə psixoloji travma kimi bundan əziyyət çəkirlər. Tarixdə qıza Məhəmməd adı qoymaq faktı yoxdur. İlk dəfə eşidirəm ki, oğlana Zəhra, qıza Məhəmməd, Həsən adı qoyulur. Bu qədər tarixi mənbə oxumuşam, xarici ölkələrdə olmuşam, amma belə fakta heç yerdə rast gəlməmişəm. Peyğəmbərimiz nəvələrinə "gözəl” anlamına gələn Həsən, Hüseyn, oğluna İbrahim adı qoyub. Peyğəmbərliyindən əvvəl isə övladlarına Fatimə, Ruqiyyə, Ümgülsüm, Zeynəb kimi ərəblərdə bilinən məşhur adları verib. Amma qıza oğlan adı, oğlana qız adı qoyulması absurddur. Bu məsələdə valideynlər diqqətli olmalıdır. Uşaqlara elə adlar qoyulmalıdır ki, sabah uşaqlar məktəbdə, ictimaiyyət içində lağ obyekti olmasınlar. Bəziləri fərqlənmək üçün müxtəlif adlar qoyur. Adam var, hansısa bir ispan futbol komandasına pərəstiş edir deyə Raul adını öz oğluna qoyur. Bəziləri də var ki, Helen kimi tanınır, amma sonradan öyrənirsən ki, adı Helen yox, Xədicə imiş”. İlahiyyatçının sözlərinə görə, oğlana qız adı qoymaq çox ciddi məsələdir: "Bəzi cinsi azlıq nümayəndələri var ki, kişi adının sonluğuna "ışka-mışka” əlavə edirlər. Bundan çəkinməyi tövsiyə edirəm. Həqiqətən bu məsələlərdə ailədəki, nəsildəki ağsaqqallara, ağbirçəklərə qulaq asaraq uşağa ad qoymaq daha düzgün olardı. Məsələn, özümdən misal verim. Övladlarım dünyaya gələndə valideynlərimə yaxınlaşıb dedim ki, ata, icazə verirsənsə, uşaqlarıma seçdiyim adları qoyum. Soruşdu nə ad qoymaq istəyirsən. Dedim Məryəm. Bəyəndi. Məryəm, İsa peyğəmbərin anası, "Qurani-Kərim”də adıçəkilən yeganə qadındır. Digər qızıma isə "Dədə-Qorqud”dan Selcan adını qoydum. Oğluma yenə də məşhur peyğəmbər adı olan Yəhya adını verdim. Çalışdım ki, həm dinimizə, həm də adətimizə uyğun olsun. Yoxsa adam var fikirləşir ki, oğlum olacaq, adını Ramil qoyacam, amma qızı olur deyə Ramilə qoyur”.

İsmayıl