Səhiyyə Nazirliyi uşaqların dəyişdirilməsi üçün nəqliyyat vasitəsi ayırıb
Bakıda görünməmiş hadisə baş verib. Bir neçə gün əvvəl dünyaya gələn qız uşağı dünyasını dəyişib. Valideynləri onu basdırmaq üçün rayona aparıb. Ancaq bələk açılan zaman ailə ölmüş oğlan uşağının cəsədi ilə qarşılaşıb. Məlum olub ki, doğuşdan sonra ölən körpələrin meyiti dəyişik düşüb.
Sabirabad rayonunda oktyabr ayının 13-də doğulan qız uşağına həkimlər oksigen çatışmazlığı diaqnozu qoyublar və təcili əməliyyat olunmasını məsləhət biliblər. Valideynləri onu dərhal Bakıya gətirib, 8 gün əvvəl Elmi-Tədqiqat Pediatriya İnstitutunda əməliyyat etdiriblər. Lakin körpə bu gün dünyasını dəyişib. Meyitini Sabirabada aparan yaxınları onu dəfnə hazırlayarkən dəhşətə gəliblər. Meyit oğlan çıxıb.
Uşağın yaxınları indi öz qızlarını axtarırlar. Başqa ailənin oğlan uşağının meyitini isə basdırıb-basdırmayacaqlarını bilmirlər.
İnstitutun Reanimasiya Şöbəsinin müdiri Solmaz Eyvazova cəsədin Salyan rayonundan olan yeni doğulmuş və eyni xəstəlikdən əziyyət çəkən oğlan uşağına məxsus olduğunu deyib. Onun sözlərinə görə, həkimlər qol birkalarını dəyişik saldığından meyitlər səhvən ayrı-ayrı rayonlara gedib. Hadisəni mexaniki səhv adlandıran Solmaz Eyvazova salyanlı valideynlərin hadisədən xəbərsiz olduğunu bildirib. Bu səbəblə də səhvən qız uşağını oğlan adı ilə basdırıblar. Ailəyə xəbər verildikdən sonra onlar qəbri qazıb və uşağı ordan çıxardıblar.
Səhiyyə Nazirliyi uşaqların dəyişdirilməsi üçün nəqliyyat vasitəsi ayırıb. Uşaqların meyitləri Salyan və Sabirabadla dəyişdirildikdən sonra torpağa tapşırılacaq. Qeyd edək ki, bu hadisə cəmiyyətdə müəyyən şübhələrə yol açıb. Görəsən, bu cür anlaşılmazlıqlar tez-tezmi baş verir? Ya da sağ uşaqlar da dəyişik salınırmı?
İlk növbədə sağlam uşaqların dəyişik düşmə ehtimalına toxunan həkim-terapevt Şəmsiyyə Namazova bunun mümkün olmadığını deyib. Onun sözlərinə görə, uşaq anadan olan kimi doğum otağından uşaq palatasına keçilməmiş həmin körpənin çəkisi, ata-anasının adı-soyadı birkalara yazılıb, onların qoluna bağlanır:
"Ölü doğulan, yaxud sonradan dünyasını dəyişən körpələrin isə valideynlərinin adı həmin birkalara yazılıb, ayaq baş barmağına bağlanır. Baş verən bu anlaşılmazlığın mexaniki səhv olduğunu düşünürəm. Ola bilsin ki, burada həkimin heç bir məsuliyyəti yoxdur, uşaqların meyitlərini morqda səhv salıblar. Bilirsiniz ki, dünyasını dəyişən insanlar tibbi ekspertiza üçün morqa göndərilir və həkimin iştirakı ilə onun ölüm tarixi və səbəbləri orda müəyyənləşdirilir. Düşünmürəm ki, xəstəxanalarda bu cür hallar yaşansın. Çünki meyitlərin dəyişik salınması yalnız kütləvi ölüm hallarında baş verə bilir. İki uşağın meyitinin dəyişik düşməsi ancaq mexaniki səhv ola bilər. Hər halda bu məsələ həkim kollegiyasında müzakirəyə çıxarılacaq və hadisənin həkim səhvi ucbatından baş verib-vermədiyi müəyyən olunacaq. Bəlkə də, morqa göndərilənə qədər uşaqların sənədlərində heç bir problem olmayıb, sadəcə meyiti morqda ailələrinə təhvil verən insan fərqinə varmadan uşaqları qarışdırıb. İstənilən halda, hadisənin bilərəkdən edildiyini və ya həkimin səhvi olduğunu zənn etmirəm”.
Şəymən