“Öldürmə” aksiyası davam edir

“İl ərzində Gürcüstanda siyasi elita dəyişəcək”




İyunun 10-da Gürcüstan parlamentinin qarşısında yenidən mitinq keçirilməyə başlanıb. "Öldürmə” devizi altında keçirilən aksiyada hökumətin istefası tələb olunub.
Mitinqdə iştirak etmək üçün Qori və Rustavi şəhərlərindən, azərbaycanlıların yığcam yaşadıqları Marneuli, Bolnisi, Qardabani, Tsalka, Kaspi rayonlarından da xeyli adam gəlib. Mitinqdə Gürcüstanın "Vahid Milli Hərəkat”, "Demokratik Gürcüstan”, "Avropa Gürcüstanı” və digər siyasi partiyaların nümayəndələri də qatılıblar. Etiraz aksiyasına Gürcüstanın regionlarından da insanlar dəstək veriblər. Mərkəzi yolların bağlandığı mitinqdə 10 mindən çox adam iştirak edib. Bir sıra politoloqlara görə, Gürcüstanda baş verənlər genişmiqyaslı aksiyalara çevrilərsə, hökumət istefa vermək məcburiyyətində qalacaq.

Mövzunu "Şərq”ə dəyərləndirən siyasi elmlər namizədi, politoloq Zaur Məmmədov bildirib ki, Gürcüstanda mitinqlər yerli məhkəmənin cinayət hadisəsi ilə bağlı verdiyi hökmə, hüquq-mühafizə orqanlarında cərəyan edən özbaşınalıqlara qarşı başlayıb. Lakin daha sonra aksiyalar siyasiləşərək miqyası genişlənib: 

"Əslində söhbət konkret olaraq hökumətin istefasından gedir. Gürcü xalqı meydanlara yaxın toplumdur. Xalq bütün sahələrdə vəziyyətin dəyişməsinin tərəfdarıdır. Açığı, ölkədəki sosial-iqtisadi vəziyyət meydanlara təsir edən əsas amildir. Əgər Gürcüstanın iqtisadi göstəriciləri ürəkaçan olsaydı, çox az sayda kütlənin küçələrə çıxmasının şahidi olardıq. Şübhəsiz ki, mitinqləri idarə edən, hakimiyyətə gəlmək istəyən müəyyən qüvvələr var. İl ərzində Gürcustanda siyasi elitanın dəyişəcəyini istisna etmirəm. Proseslər bunu göstərir”.

İsmayıl