Ölkə ictimaiyyəti dövlət başçısının humanist addımını yüksək dəyərləndirib






Prezident İlham Əliyev mayın 24-də əfv sərəncamı imzalayıb. 634 nəfərin adının daxil edildiyi siyahıda 39 xarici vətəndaşın, o cümlədən 11 Gürcüstan, 5 Çin, 4 Rusiya, 4 İran, 3 Türkiyə, 3 Banqladeş, 2 Türkmənistan, 2 Qazaxıstan, hərəsinə 1-i olmaqla Özbəkistan, Kamerun, Hindistan, Əfqanıstan, Ukrayna vətəndaşlarının və vətəndaşlığı olmayan 3 şəxsin adı da yer alıb. Yerli və xarici hüquq-müdafiə təşkilatlarının siyasi məhbus hesab etdiyi 12 nəfərin adı daxil edilib.
Penitensiar Xidmətin rəis müavini Oqtay Məmmədovun sözlərinə görə, sərəncamın icrası ilə bağlı müvafiq təşkilati tədbirlər görülüb və məhkumların azadlığa buraxılması üçün qruplar təşkil olunub. Əfv olunan məhkumların azadlığa buraxılması yüksək səviyyədə həyata keçirilib. Əfv sərəncamının icrası QHT-lərin, KİV nümayəndələrinin, millət vəkillərinin iştirakı ilə baş tutub.



Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə ölkə başçısının mayın 24-də imzaladığı əfv sərəncamının icrası dünən günorta saatlarında başa çatıb. 607 məhkum azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib. Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad olunub.
Ölkə başçısının 634 nəfərə şamil olunan sərəncamı ictimaiyyət arasında yüksək qiymətləndirilib.

Azərbaycan dövlətinin yeritdiyi siyasətin baş xəttini humanizm siyasəti və sosialyönümlülük təşkil edir

Millət vəkili, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Məlahət İbrahimqızı ölkə Prezidenti cənab İlham İlham Əliyev tərəfindən növbəti dəfə verilən, imzalanan əfv sərəncamını çox yüksək və çox müsbət qiymətləndirib. Onun sözlərinə görə, bu sərəncam alqışlanmalı bir hadisədir.
Ölkə prezidentinin imzaladığı əfv sərəncamı ilə daha 634 məhkumun öz azadlğına qovuşmuş olduğunu xatırladan millət vəkili deyib ki, onlar tək 634 nəfər demək deyil, onların ailə üzvləri, yaxınları, qohum-əqrəbaları da var və bu əfvlə 600-dən çox ailənin, minlərlə Azərbaycan insanının sevincinə sevinc qatılmış oldu: "Bu addım Azərbaycan dövlətinin necə humanist bir dövlət, onun rəhbəri cənab İlham Əliyevin necə humanist bir insan, müdrik dövlət adamı olduğunu bir daha ortaya qoydu. Özü də qeyd edim ki, bu humanist siyasət, əfv siyasəti illərdir həyata keçirilir. 20 ildən artıqdır Əfv Məsələləri Komissiyası fəaliyyət göstərir. Əvvəllər ümummilli liderimiz Heydər Əliyevin dövründə, 2003-cü ildən bu yana isə ölkə Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə əfvlə bağlı çox böyük addımlar atılıb, hər dəfə yüzlərlə insan bağışlanılıb, əfv edilib, azadlığına, ailəsinə qovuşub. Bunlar bir daha onu göstərir ki, Azərbaycan dövlətinin yeritdiyi siyasətin baş xəttini humanizm siyasəti və sosialyönümlülük təşkil edir. Odur ki, mən bir Azərbaycan vətəndaşı, bir millət vəkili, Əfv Məsələləri Komissiyasının bir üzvi kimi həm öz adımdan, həm də məhkumluq həyatı yaşayıb, sonradan əvf olunan insanların, elə bu gün azadlığına qovuşan məhkumların adından ölkə prezidentinə bu nəcib, humanist addımına görə öz dərin minnətdarlığımı və təşəkkürlərimi çatdırıram”.

Bu, indiyə qədər imzalanan sərəncamlar içərisində daha çox məhkumu əhatə edən əfv sərəncamıdır

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev Cümhuriyyətin 100 illiyi ilə əlaqədar imzalanan əfv sərəncamını tarixi hadisə kimi qiymətləndirib: "Cənab prezident Cumhuriyyətimizin 100 illiyi ərəfəsində, bayrama bir neçə gün qalmış yüzlərlə ailəni sevindirdi. Bu, indiyə qədər imzalanan sərəncamlar içərisində daha çox məhkumu əhatə edən əfv sərəncamıdır. Əfv cənab prezidentin mərhəmət, humanizm, humanitar yanaşma prinsiplərinə sadiqliyinin göstəricisidir”. Komissiya üzvü əfvlə bağlı edilən müraciətlərin diqqətlə araşdırıldığını vurğulayıb: "Fevral ayından may ayının birinci yarısına qədər hər həftə Əfv Komissiyasının çoxsaylı iclasları keçirilib. İclaslarda 1500-ə qədər müraciətə baxılıb. Hər bir müraciət araşdırılıb, onlara diqqətlə yanaşılıb. Müraciətlərə baxılarkən dövlətin və cəmiyyətin maraqları, məhkumun maraqları, onların ailə vəziyyəti, şəxsiyyəti, davranışları, etdiyi cinayətə münasibəti, bütün bu kriteriyalar əsas götürülərək ortaq balanslı rəylər qəbul olunub. Daha sonra rəylər cənab preizdentə təqdim edilib. Həmçinin bildirim ki, bu gün imzalanan əfv sərəncamı sayca 64-cüdür”. Ə.Nuriyev əfv olunanlar arasında cəmiyyətdə adları çəkilən, tanınan şəxslərin də olduğunu deyib: "Nardaran hadisələrində iştirak edən 7 nəfəri biz siyahıya saldıq. Şantaj yolu ilə pul almaqda təqsirləndirilən şair Saday Şəkərli və başqalarının da adlarını qeyd etmək olar”.

Bu əfv sərəncamından əfvə düşən yüzlərlə ailə, minlərlə insan sevinəcək

Millət vəkili Musa Quliyev isə hesab edir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı əfv sərəncamı bütün Azərbaycan ictimaiyyətinin ürəyincə olan bir sərəncamdır. Bu sərəncam Azərbaycana barış, humanizm, vətəndaş həmrəyliyi gətirən bir qərardır.
Onun sözlərinə görə, bu əfv sərəncamı ilə cənab Prezident vaxtilə müəyyən cinayətlər törətmiş və öz səhvlərini başa düşmüş insanlara qarşı böyük humanistlik göstərib: "Bundan sonra o insanlar həyatda düz, namuslu yol tutacaqlar və heç bir qeyri-qanuni əmələ yol verməyəcəklər. Eyni zamanda bu sərəncam bir daha Azərbaycan xalqının öz dövlətinə inamını, öz Prezidentinə güvənini artırır. Eyni zamanda Prezidentin öz vətəndaşlarına qayğıkeş münasibətini bir daha ortaya qoyur. Hesab edirəm ki, bu əfv sərəncamından əfvə düşən yüzlərlə ailə, minlərlə insan sevinəcək. Bu da həmin insanları bir daha Azərbaycan dövlətinin ətrafında birləşməyə, cənab İlham Əliyevə sədaqətlə xidmət etməyə sövq edəcək”.

Milli Məclisin deputatı Rauf Əliyev deyib ki, son illər ərzində ölkə Prezidenti cəzasını çəkən məhbuslara qarşı humanizm göstərərək minlərlə insana azadlıq bəxş edib. Ötən gün imzalanan sərəncama əsasən də 634 nəfər əfv edilib.

Bu cür sərəncamların artıq mühüm ümummilli dövlət bayramları ərəfəsində imzalanmasının ənənə halını aldığını deyən deputat söyləyib ki, bu növbəti əfv sərəncamı 28 May Respublika Günü ərəfəsində məhkumların ailələrinə, yaxınlarına, qohumlarına ikiqat sevinc bəxş edib: "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevin Ulu Öndər siyasətinin mərhəmətlilik və humanizm ənənələrinə sadiq qalaraq, cəzadan azad olunacaq şəxslərin cəmiyyətimizə qovuşaraq müstəqil dövlətimizin inkişafı yolunda fəaliyyət göstərəcəklərini nəzərə alaraq imzaladığı növbəti əfv sərəncamı böyük humanist addımdır. Buna görə, Dövlət başçısına dərin minnətdarlıq hisslərimi bildirərək müstəqil Azərbaycan Respublikasının daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində apardığı yorulmaz fəaliyyətində ugurlar arzu edirəm”.

"Mən bu sərəncama görə şəxsən öz adımdan cənab Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm”

Millət vəkili Elman Məmmədov da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalamasını dövlət başçısının növbəti humanist addımı hesab edir. E.Məmmədovun sözlərinə görə, dövlətimizin başçısı bu addımı ilə növbəti dəfə vətəndaşları sevindirdi: "Bu sərəncam bayram ərəfəsində yüzlərlə ailəni bir daha sevindirdi. Mən bu sərəncama görə şəxsən öz adımdan cənab Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Bu, birinci əfv sərəncamı deyil və davamlı olacaq. Dövlət başçısı həmişə olduğu kimi, yenə də humanizm siyasətini davam etdirir”.

REAL sədri İlqar Məmmədovun adı əfv siyahısına düşməyib

İctimai Komitənin koordinatoru, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı da əfv sərəncamını müsbət qiymətləndirib.
Onun sözlərinə görə, əfv siyahısında adı olan 634 nəfər məhkumdan 12 nəfəri hüquq müdafiəçiləri tərəfindən "siyasi məhbus” kimi tanınıb: "Çox ümid edirdik ki, bizim siyahımızdakı cəmiyyəti maraqlandıran digər ictimai şəxslər də əfv olunarlar. Təəssüf ki, bu, baş tutmadı. Lakin onlarla, yüzlərlə insanın azadlığa çıxması, öz ailələrinə qovuşmaları çox müsbət haldır. Biz yenə də öz işimizi davam edəcəyik və digərlərinin də azad olunmasına çalışacağıq”.

S.Bənənyarlı bildirib ki, REAL sədri İlqar Məmmədovun adı əfv siyahısına düşməyib: "Nardaran hadisələrinə görə həbs edilən 7 nəfər - Nadir Babayev, Hilal Cabbarov, Əliağa Qasımov, Ələkbər Qurbanov, Fail və Natiq Şahbazovlar, Məmməd Quliyev buraxılıb. Hicab məsələsinə görə həbs edilənlər David Kərimov, Elşad Rzayev də əfv olunub. AXCP-nin Neftçala Rayon Təşkilatının rəhbəri Elnur Fərəcovun, şair Saday Şəkərlinin və "Cristall Hall”da terror törətməkdə təqsirləndirilən Valeh Abdullayevin adı da əfv siyahısına düşüb”.

Şəymən