Ölüm hökmünə dair təklif dəstəkləndi:"...Yaşamaq haqqı əlindən alınmalıdır"
Son zamanlar Azərbaycanda ailə-məişət zəminində baş verən cinayətlərin sayında sürətli artım müşahidə edilir. Xüsusən də ailədə qadınlara qarşı zorakılıq səbəbindən ölüm hallarının sayının çoxalması daha çox narahatlıq doğurur. Demək olar ki, hər gün KİV-də ailədaxili münaqişələr, yaxud məişət zorakılığı ilə bağlı qətl hadisələri, intiharlar barədə həyacan doğuran məlumatlar yayılır. Ailə-məişət zorakılığı ilə bağlı məlumatlar diqqət çəkən kriminal xəbərlərin əksəriyyətini təşkil edir.
Millət vəkili Flora Qasımova deyib ki, ailə- məişət zəminində baş verən qətllərin, zorakılıqların qarşısını almaq üçün ilk növbətə gəncləri maaifləndirmək, mətbuatda sosial roliklər paylaşmaq, maarifləndirici tədbirlərin sayını artırmaq lazımdır.
Millət vəkili Elmira Axundova Ailə-məişət zəmində baş verən qətllərin qarşısnı almaq üçün ölüm hökmünün bərpasını təklif edib
Dəfələrlə bu istiqamətdə mətbuata açıqlama verdiyini qeyd edən xanım millət vəkili bildirib ki, mətbuatda tez-tez ailə-məişət zəminində baş verən cinayətlərlə, qətl hadisələri ilə bağlı yazılar gedir:
"Mətbuata demişəm ki, siz bu hadisələri araşdırın, səbəblərini tapın. Hətta bir dəfə öz yoldaşını uşaqlarının gözü qarşısında öldürən şəxslə də bağlı çıxış etmişəm. Belə hadisələri törədən şəxslərə ölüm cəzası verilməlidir. Hazırda ailə-məişət zəminində baş verən qətl hadisələrinin sayı çoxalıb. Gənclərimiz sanki vəhşiləşirlər.
Ölüm cəzası da aradan qaldırılıb. Bu hadisələri törədənlər fikirləşir ki, öldürərlər, sonra 10-12 il həbs olunarlar, ardınca da azadlığa çıxarlar. Ona görə də təklif edirəm ki, ölüm hökmü bərpa edilsin. Bu hadisələrin artmasına digər səbəbdən biri də gənclərimizin öz yerini tapa bilməməsi ilə bağlıdır. İş yerləri yoxdur, bəziləri işləmək də istəmirlər, iş bacarığı, təhsili yoxdur.
Həyatdan olan narazılığını isə gücsüzdə görürlər. Yəni, öz ailəsinə, yaxınlarına qarşı qəddar olurlar. Cavanlarımız oxumurlar. Heç məktəbi də bitirmirlər. 10-11-ci sinifləri güclə qurtarırlar. İnternetdə lazımsız işlərlə məşğul olurlar”.
Digər millət vəkili Tahir Kərimli də hesab edir ki, ağır cinayətlər törədən, qəsdən başqasının həyatına son qoyan insanların yaşamaq haqqı əlindən alınmalıdır:
"O vaxtı ölüm hökmünə moratorium qoyulması məsələsi gündəmə gələndə rəsmi şəkildə mənə də müraciət olundu. Ali məhkəmənin keçmiş sədri, sabiq millət vəkili və bir hüquqşünas olaraq öz mövqeyimi bildirdim. Qeyd etdim ki ağırlaşdırıcı halda adam öldürməyə görə, ölüm hökmünün saxlanılmasının tərəfdarıyam.
Həm şəriətdə ölüm hökmünün tətbiqi mütləqdir, həm də bəzən elə cəzalar olur ki, onların yaşamağa belə haqları olmadığını düşünürsən. Bəzən deyirlər ki, insanı yaradan Allahdır, canını da O almalıdır. Axı, necə olur canilər Allahın verdiyi canı ala bilir, məhkəmə onların edamı haqqında qərar qəbul edə bilmir? Elmdə tolion prinsipi var:
Bəşəriyyət tarixinin ilk dövrlərində insanların ədalət haqqında təsəvvürləri primitiv olduğundan bir tayfanın bir üzvü digərini öldürdükdə sonsuzluğa qədər çəkən qısqanclıqdan qurtulmaq üçün sadə məntiqi olan Talion prinsipini mühakimədə rəhbər seçirdilər.
Gözə-göz, dişə-diş. Öldürəni öldürmə, yaralayanı yaralama. Həmçinin belə bir yanaşma Mirzə Fətəli Axundovun yaradıcılığında da öz əksini tapıb. Xanın divanxanada şikayətlərə baxarkən dediyi hökm təxmini bu qəbildəndir: "O sənin atının gözünü çıxardıb, get sən də vur onun atının gözünü çıxart!”
T.Kərimlinin sözlərinə görə, insanları xüsusi amansızlıqla qətlə yetirən insanlarla dövlət büdcəsindən vəsait ayırıb onları həbsxanalarda illərlə saxlamaqdansa, ölüm hökmünün bərpa edilməsini doğru hesab edirəm. lakin indiki şəraitdə bunun real olacağına da inanmıram.
Əvvəla, Azərbaycan Avropa Şurasını qarşısında öhdəlik götürüb. Cinayət Məcəlləsinə belə bir maddənin yenidən salınması beynəlxalq ictimaiyyətin ciddi qınağına səbəb olar. Sözsüz ki, Milli Məclisdə ölüm hökmünün bərpası məsələsi gündəmə gətirilsə, lehinə səs verər”.
Ailə- məişət zəminində baş verən qətllərin, zorakılıqların qarşısını almaq üçün ilk növbədə gəncləri maaifləndirmək, mətbuatda sosial roliklər paylaşmaq, maarifləndirici tədbirlərin sayını artırmaq lazımdır kimi təkliflərə gəldikdə isə millət vəkili deyib ki, bu addımlar hər zaman atılmalıdır. Ölüm hökmü olsa da, olmasa da maarifləndirmə əsas şərtdir:
"Son zamanlar televiziyalar, xəbər saytları yayır deyə dəhşətli cinayətlərə qulağımız öyrəşib, bir az adiləşib.
Ali Məhkəmənin sədri olduğum vaxtı ilə elə bir cinayət işinə baxmışam ki, hələ də utandığımdan həmin cinayətin təfərrüatlarını heç kimə deyə bilmirəm. O cür insanları ölümdən başqa nə ilə cəzalandırmaq olar?
Şəymən