Ölümdən qaçmaq olmaz, elə pulsuzluqdan da...

Vəfat edən şəxsin dəfni üçün məzarlıqlar pulsuz olmalıdır




Bundan sonra dəfn mərasimlərinin keçirilməsi üçün vətəndaşlara maliyyə veriləcək. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Məzar yerləri və məzarlıqlar haqqında” qərar layihəsinin hazırlanmasından danışarkən deyib ki, rəhbərlik etdiyi qurumla, İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə hazırlanan layihədə dəfn mərasimlərinin həyata keçirilməsi üçün insanlara maliyyə vəsaitinin verilməsi nəzərdə tutulub.

"Burada söhbət yardım göstərməkdən gedir. Bu vəsait ehsan vermək üçün deyil, dəfni icra etmək üçün nəzərdə tutulur” - deyən komitə sədri əlavə edib ki, layihədə məzarlıqlarla bağlı bir çox məsələlər öz əksini tapıb.

Layihə haqqında "Şərq”ə danışan ilahiyyatçı-alim Elşad Miri ölü sahibinə pul ödənilməsinin mövcud olduğunu deyib: "Mən bildiyim qədərilə ölü sahibinə maliyyə yardımının edilməsi əvvəldən mövcuddur. Yəni bir insan vəfat etdiyi zaman ölüm kağızı təqdim olunur və müəyyən olunmuş qaydada ona dəfn üçün maliyyə yardımı edilir”.

Bəzi qrupların və ya şəxslərin yaxınını itirmiş insanların vəziyyətindən istifadə edərək onlardan müəyyən miqdarda vəsait mənimsədiyini deyən ekspert bu məsələ ilə bağlı ciddi ölçü götürülməsinin vacibliyini vurğulayıb: "Ölüm elə bir andır ki, yaxınını itirən insanların o zamanda gözünə heç nə görünmür. Ona görə də bəzən düşünmədən hərəkət edərək ondan tələb olunanları verir. İnsanların bu vəziyyətindən istifadə edənlər də kifayət qədərdir. Müxtəlif ölkələrdə bu məsələlərlə məşğul olan, xüsusi torpaq sahələrinə malik bələdiyyələr sayəsində vəfat edənlər heç bir ödənişsiz həmin yerlərdə dəfn olunurlar və sui-istifadə hallarının da qarşısı alınır”.

Elşad Miri onu da qeyd edib ki, islamın qaydalarına uyğun olaraq vəfat edən şəxsin dəfni üçün məzarlıqlar pulsuz olmalıdır. Dini qurumlar bu məsələnin üzərində ciddi dayandığına görə dəfn məsələsində insanların lazımi dəstək alması və sui-istifadə kimi bu məsələlərin aradan qaldırılması üçün lazımi tədbirlər görüləcək.

Aysel Aslan