Arzu: “Mən borcumu yerinə yetirib onun oğluna zəng vurdum”
Mənə vəsiyyət etmişdi ki, nişan üzüyümü öləndə əlimdən çıxarma. Bilirəm ki, müsəlman qaydasına ziddir. Amma qoymadım üzüyü barmağından çıxarsınlar. Onu nişan üzüyü ilə dəfn etdilər.
(Əvvəli bu tarixdə)- sherg.az / 2015-03-19 00:06:12
- Bəli, əvvəllər Hacını ələ almaq daha asan idi. Mən onun həyatına gələndən sonra o dəyişdi. Hətta Kübra xanım da zarafatla deyirdi ki, Arzudan sonra Hacı 360 dərəcə dəyişdi. Mən göydə tuturdum ki, kim nə istəyir, kim Hacıya nəyə görə yaxınlaşır. Ona görə məndən çəkinirdilər bəziləri. Mən Hacını daha başqa prinsiplərlə yaşamağa məcbur etdim.
Hətta deyirdilər ki, teatrda Hacının gözüdü Arzu xanım. Siz orda baş verən hər addımdan xəbərdar idiz...
- Bəli. Əvvəlki Hacı sadə idi. Mən onun teatrda gözü idim. Görə bilmədiyini göstərirdim ona. Əsas odu ki, Hacıbaba bu gün də anılır, sevilir.
- Yaş onun üçün kompleks yaradırdı?
- Hacının ruhu cavan idi. Özünü gənc hiss edirdi. Deyirdi, "Arzu, vallah, elə bilirəm, sən mənim yaşıdımsan. Yəqin, mənim yaşımı düz yazmayıblar. Eh, Sona xanım bir gün deyir, güllər açanda, bir gün deyir solanda, bir gün deyir qar yağanda... Heç özü də bilmir məni nə vaxt doğub”. Arxivi araşdırtdı. Demə, onun təvəllüd tarixi 1932-ci ilin 12 iyunu yox, 9 iyulu imiş. Vaxtından ay yarım qabaq dünyaya gələn Şölə ilə atasının arasında illəri nəzərə almasaq, altı saat fərq oldu. Hamısı qismət imiş.
Bilmədim, bu dərd haradan gəlib tapdı bizi. Əvvəl Hacının bir az ayağı, beli ağrıdı. Ciddi bir şey görmürdük. Bir ay evdə müalicə olundu. Çox həkim gəlib-getdi. Bir az müalicəsi də düz getmədi. On iki barmaq bağırsağının qanaxması ilə Onkoloji Xəstəxanaya apardıq. Orada iki-üç gün qaldı. Şöləni atasının yanına apardım. Onu heç vaxt belə vəziyyətdə görməmişdi. Qapıda dayandı. Hacı dedi: "Atan üç gündən sonra evə gələcək. Sən daha bura gəlmə, qızım”. Şölənin gözləri doldu. Hacı mənə dedi ki, daha uşağı bura gətirmə.
Mənə heç vaxt ölümü barədə danışmazdı. Bilirdi onu dəlicəsinə sevirəm. Sonadək Hacı öləcəyini bilmədi. Elə şərait yaradırdım, xəstəliyi barədə öyrənməsin. Onun yaşamaq eşqi böyük idi. Ölümündən altı saat öncəsini telefona çəkdim. Danışıb-gülürdü. Qanaxmanı gec bildik. Bəlkə vaxtında bilsəydik... Görünür, yazısı belə imiş. Xəstəxanada ona yaxşı baxırdılar. Hər cür şərait yaradılmışdı. Hacının yanından ayrılmırdım. Əlimi əlindən çəkən kimi çağırırdı: "Arzu, Arzu”. Əvvəllər də belə idi. Maşında yol gedəndə də əlimi buraxmırdı. Xəstəxanada mənə dedi, Arzu, məni sevdiyini bilirdim, amma bu qədər sevdiyini heç ağlıma gətirməzdim.
...Hacı canüstəydi. Ona əziz olduğunu deyə bilmərəm, ancaq taleyi bağlı olan bir neçə nəfərin adını çəkdim, soruşdum, onları çağırım gəlsinlər? Birinin adını eşidəndə dedi: "Mənim ölümümü tezləşdirmək istəyirsən?”. Mən borcumu yerinə yetirib onun oğluna zəng vurdum. Saşa onsuz da bizimlə əlaqə saxlayırdı. Ona xəbər vermişdim. Hacı oğlunun bura gəlməsinə ehtiyac duymurdu. Sağalacağına ümidliydi. Artıq tələffüzü itir, zəifləyirdi. Otaqdan çıxdım. Saşaya zəng edib dedim: "Dəstəyi verirəm atana. Onun son saatları, bəlkə son dəqiqələridir. Yaxşı nə sözün varsa, de. Cavab verə bilməsə də, səni eşidir”. Bilmirəm o, atasına nə dedi. Hacı artıq danışmırdı. Ona son anlarınadək deyirdim: "Səni sevirəm, hər şey yaxşı olacaq. Sağalacaqsan”.
- Son sözü nə oldu Hacının?
- (Ağlayır. Sakitcə göz yaşını gizlətmək istəyir). Son sözləri bu oldu: "Balam yetim qaldı”. Yenə ürək-dirək verdim: "Niyə yetim qalır? Sənin kimi atası, mənim kimi anası var”. Hacının gözləri örtüldü. Yalvardım ona: "Məni sevirsənsə, gözlərini aç”. Son dəfə gözlərinə baxmaq istədim. Güclə gözlərini açdı, mənə baxdı. Bu onun həm mənə, həm də bu dünyaya son baxışı oldu. Yəqin əksimi gözlərində apardı. Onun əlini əlimdə saxladım, tam soyuyanadək buraxmadım. Mənə vəsiyyət etmişdi ki, nişan üzüyümü öləndə əlimdən çıxarma. Bilirəm ki, müsəlman qaydasına ziddir. Amma qoymadım üzüyü barmağından çıxarsınlar. Onu nişan üzüyü ilə dəfn etdilər.
Hacıbabasız illər...
- Yoxluğu yəqin ki, çətindi?
- Hacısız həyatım başladı. Onun gəlişi mənim üçün məktəb idi, gedişi daha böyük dərs oldu. Hacıya, ailəsinə qarşı yaxşı çıxanlar çox oldu. Pislər də oldu. Düz deyirmişlər, həyat səhnədir. Çoxunun həyatda artist olduğunu gördüm. Hacıdan sonra həyatımın ən ağır günləri, qadın xoşbəxtliyindən uzaq taleyim başladı. Bir ana kimi çətin günlərimə salam verdim. Bilirsiz, atasız övlad tərbiyə etmək çox çətindi. O, uşaq olanda atasından hər gün qayğı görürdü. Düzdü, Şölə atasız qalanda 2 yaşı vardı. Amma o, ana qədər ata qayğısı hiss etmişdi. O bu qayğıdan məhrum oldu. Hər ata da onun kimi qayğıkeş deyil. Hacı evdən çıxanda da, evə gələndə də pis səslənməsin, mənimlə də, qızımla da öpüşürdü, qucaqlaşırdı. Bu, sevgidən yaranırdı. O mənim başımın tacı idi. Hacıdan sonra bir il bizim qapı döyüləndə qızım deyirdi ki, "Papa prişol”- Atam gəldi. Bu çox çətin hissdi. Qayğı görən ailə başsız qalanda çətin olur. Bilirsiz, adicə evdə harasa xarab olurdusa, usta çağırırdım. Amma hiss edirdim ki, mənim arxamda bir sahibim, bir kişi var. Yanımda bağlı qapıları açan, bir sözü yetərli olan kişi var idi.
- Həqiqətənmi bu, qadın üçün önəmlidir?
- Çox önəmlidir. Həyat yoldaşın olanda gücsüz görünmürsən. Mən Hacıdan sonra bir qadın olaraq da, bir ana kimi də yetim qaldım (Qəhərlənir. Bir anlıq susur. Göz yaşlarını gizlətməyi belə bacarmır). İstədiyin kimi atasız övlad böyütmək çox çətindi. Yəni nəzarətsiz, sadəcə böyütmək xatirinə uşaq tərbiyə etməkdən söhbət getmir. Mən bu cəmiyyət üçün şəxsiyyət böyüdürəm. Həm də Hacıbaba Bağırovun soyadını daşıyan övlad böyütmək məsuliyyəti üstümdə var. Bax, bu çətindi. Onun-bunun paltarında övlad böyütmək olar. Bu çətin deyil. Qınamıram da belələrini. Amma bu, mənim həyat prinsiplərimə ziddir. Mən övladımı həm də ona görə gec dünyaya gətirdim ki, o, dünyaya gələndə normal şəraitdə böyüsün.
- Yarada bildiniz o şəraiti?
- Vallah, bəzi atalılıra baxanda yaratmışam.
- Şölə ilə söhbətləriniz olur atası ilə bağlı?
- Təbii. Mən ona hər zaman deyirəm ki, sən hər zaman atanın soyadını daşıdığını nəzərə almalısan. Onun adına layiq övlad olmalısan. Bir də mən özüm də onu dərk edirəm ki, mən cəmiyyət üçün böyüdürəm övladımı. Elə tərbiyə verməliyəm ki, cəmiyyətə, xalqa xeyir verən bir vətəndaş olsun. Mənimçün uşağın tərbiyəsi çox önəmlidir. Analara baxıram, deyirlər ki, uşaqdı da, nə olsun "2” alıb, ya uşaqdı da, dalaşıb da. Qətiyyən mən bu prinsiplə yaşayan ana deyiləm. Onun tərbiyəsi mənim üçün önəmlidir. Hacıdan sonra mən həyatımı qızıma həsr etmişəm. Onu musiqiyə, rəqsə aparmışam. Rəssamlıqla məşğul olur. Dərslərini əla oxuyur.
- Şölə atasının portretini necə, çəkibmi?
- Çəkib. İstəyirsiz sizə də göstərək (Xalq artistinin qızının əlində olan portretin müəllifi elə Şölənin özüdür). Mənim işim ancaq Şölənin məktəbi, kursları və s. Mən ona özümü həsr etmişəm. Çox dar bir dost çərçivəm var. Onlarla da görüşəndə uşaqlarımız yanımızda olur.
- Söhbətimizi Xalq artistinin yadigarı olan qızı Şölə ilə davam etməyə çalışdım. Kiçik yaşlı qızın atası ilə bağlı fikirlərini öyrənməyə cəhd etdim. Əslində bir az çətin idi. 2 yaşında atasını itirən bu balaca qızla söhbətə başlamaq bir qədər ağır oldu. Amma deyəsən, az da olsa söhbətimiz alındı.
- Şölə, qızım, necəsən?
- Çox sağ olun.
- Atanı xatırlayırsan?
- Xatırlayıram. Atam məni çox sevirdi, çoxlu hədiyyə alırdı.
- Necə müraciət edirdi sənə, necə səslənirdi?
- Məni Totu kimi çağırırdı. Bir də Masulya deyirdi.
- Məktəbdə, məktəb dostların bilir ki, sən Hacıbaba Bağırovun qızısan. Necə münasibət göstərirlər?
- Normal qəbul edirlər.
- Məsuliyyət hiss edirsən ki, onun qızısan?
- Bəli. Anam da mənə həmişə deyir ki, sən onun adına layiq övlad olmalısan.
- Atanın portretini çəkmisən deyəsən?
- Çəkmişəm. Yadımda necə qalıbsa, şəkillərinə baxıb portretini çəkməyə çalışdım. Bu mənim üçün ən qiymətli əl işimdi. Çünki atamı hiss edərək onu yaratmışam.
- Nə vaxtsa sərginin olmasını istəyirsən?
- Sərgilərdə bir neçə dəfə çəkdiyim əl işlərim nümayiş olunub. Ancaq anamın da ən böyük arzusu odur ki, öz şəxsi sərgimi təşkil etsin. Buna hazırlaşıram.
- Darıxırsan atan üçün?
- Atam yanımda olsaydı, onunla hər sözümü bölüşərdim. Atamla bağlı xatirələrim də azdı əslində. Ancaq videolarına baxıram, mənimlə necə oynayıb, mənə necə naz edib. Buna ehtiyac duyuram.
(Arzu xanım bu məqamda müdaxilə edərək). Əvvəllər baxa bilmirdik o videolara. Qızım dərhal ağlayırdı. Hətta Şölə bilmirdi atası dünyasını dəyişib. O vaxtlar gedib atasının pensiyasını çıxarırdıq bankomatdan. İlk pensiyamız 47 manat olub. Sonra artdı. O pensiyanı almağa gedəndə deyirdim ki, bu, papanın zəhmətidir. Sənin üçün işləyib, göndərib. Pulu alıb çıxırdıq, gedirdik uşaq dükanına. Pulu qəpiyinə qədər xərcləyirdik. O pulların çoxuna oyuncaq alırdıq. O bu gün də kukla görəndə sevinir.
İlk vaxtlar daha çətin idi. Daha çox ağır gəlirdi. Hacıdan qızına adı, soyadı, bir də xatirələri qaldı. O görüntülərə baxıb Hacını xatırlayırıq. Hərdən qoyub izləyirik. Ana-bala xatırlayırıq. Allah ona rəhmət etsin. Həqiqətən Hacıbaba Bağırov gözəl insan, mükəmməl həyat yoldaşı, qayğıkeş ata idi.
Tahirə Məmmədqızı