Ona güzəşt düşmür

TQDK-dan bonus istəyən gəncin istəyi havada qalacaq



Sosial mediada hazırladığı animasiyalarla məşhurlaşan Əli Əhmədov adlı abituriyent TQDK-dan xahiş videosu hazırlayıb.

11-ci sinifdə təhsil aldığını qeyd edən Əli animator (çizgi filmi çəkən) olmaq istəyir, amma bizdə belə fakültə olmadığını təəssüflə vurğulayan gənc əvvəlcə kompüter mühəndisliyi oxuyub, animasiyanı özü öyrənmək qərarına gəlib: "TQDK-dan xahişim var: Olarmı ki, 1-ci və 2-ci qruplarda riyaziyyat suallarını asanlaşdırasız və ya ingilis dilində 25 suala cavab yazsam, 30-ca bal bonus verəsiz?”

"Əlinin videomüraciətin sonunda qeyd etdiyi uşaqlar bizim gələcəyimizdir, onları ruhdan salmaq olmaz” müraciətinə qatılan təhsil eksperti Məlahət Mürşüdlü deyib ki, Əli və onun kimi istedadlı gənclərə öz məqsədlərinə çatmaları üçün şərait yaradılmalı, yeri gələndə də müəyyən güzəştlər edilməlidir: "TQDK zaman-zaman qəbul imtahanları zamanı incəsənət və idman sahələrində fərqlənən abituriyentlərə müəyyən güzəştlər edib. Hesab edirəm ki, bu gəncin müraciətinə də müsbət cavab vermək olar. Bu elə bir ciddi problem yaratmaz. Ola bilsin ki, bu cür gənclər yenə də var. Onların hər birinin müraciətinin dəyərləndirilməsinin tərəfdarıyam. Amma həmin gəncin imtahan suallarını asanlaşdırmaq və ya ingilis dilində 25 suala cavab yazsa, 30 bal bonus bal verilməsi ilə bağlı istəkləri mümkün deyil. Sadəcə olaraq, TQDK fənn olimpiadalarının qalibləri, idman sahəsində uğur əldə edən və incəsənət sahəsində yüksək nailiyyətlər əldə edən gənclər kimi bu cür xüsusi istedadı olan gəncləri də müvafiq ixtisaslar üzrə imtahansız yerləşdirə bilər. Yaxud da onlar üçün ayrıca yoxlama xarakterli imtahanlar keçirib, güzəşt etmək olar”.

Şəymən