Onlar seçki mədəniyyəti gətirdilər

Aysel Əlizadə, Əhməd Şahidov, İlhamiyyə Rza və Mehriban Zeynalovanın seçicilərlə təmasları yarışı xeyli canlandırıb




Noyabrın 1-də Azərbaycanda Milli Məclisə növbəti seçkilər keçiriləcək. 125 deputat mandatı uğrunda 2 ay bundan əvvəl başlamış seçki marafonu artıq sona yetmək üzrədir. Oktyabrın 9-dan etibarən təbliğat-təşviqat kampaniyasını həyata keçirən 700-dən artıq namizəd seçicilərin ürəyini fəth etməyə, etimad qazanmağa çalışırlar. Amma deputatlığa namizədlərin təbliğat prosesi eyni formada getmir. Marafonda rəqiblərinin zəif olduğunu düşünərək güclü təbliğat aparmayan namizədlərlə yanaşı, seçilib-seçilməyəcəyinə məhəl qoymadan canfəşanlıqla təşviqatını sürdürənlər də var. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, builki seçkidə əvvəlkilərə nisbətən daha çox namizəd qeydə alınıb. Bu hal təbliğat-təşviqat kampaniyasının daha canlı və miqyaslı keçməsinə şərait yaradır.

Hər bir namizəd öz təbliğatını qurur, əhali ilə işləyir və seçicilərə vədlər verirlər. Eyni zamanda siyasi qurumlar da kütləvi tədbirlər, mitinqlər keçirirlər.

Bütün bunlar seçkiqabağı atmosferin canlı və sürətli cərəyan etdiyinin göstəricisidir. Müşahidələr isə deməyə əsas verir ki, fəal seçki təbliğatı aparan namizədlərin arasında gənclər üstünlük təşkil edir. Dörd əllə təbliğata sarılan, seçicilərlə yaxın ünsiyyətə önəm verən gənc namizədlər apardıqları seçki təbliğatı ilə prosesə aktivlik qatır, sözün əsl mənasında seçki mədəniyyəti nümayiş etdirirlər. Həmin namizədlərin səmimi təbliğat kampaniyaları əhalinin passivliyini də aradan qaldırır, insanları səsverməyə sövq edir.

"Səs verin, səsiniz olum” şüarı ilə aktiv seçki təbliğatı aparan gənclərdən biri də tanınmış yazar Aysel Əlizadədir. 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd A.Əlizadə də hər fürsətdə seçicilərlə bir araya gəlməyə üstünlük verir. Xanım namizəd deyir ki, səs verməklə seçici tək özünün yox, həm də ölkəsinin taleyinə biganə olmadığını göstərir: "Bu, təkcə siyasi məsələ deyil. Çünki hamımızı narahat edən işsizlik, evsizlik və başqa sahələrdəki problemlərin həllini tənzimləyən bütün qanunlar vətəndaşlarımızın səsi ilə formalaşacaq Milli Məclisdə qəbul olunur”. Seçicilərdən birinin "millət vəkili seçiləcəyiniz təqdirdə sizinlə necə əlaqə saxlayacağıq” sualına isə Aysel Əlizadə belə cavab verib: "Mən heç yerə qaçmağa, köçməyə hazırlaşmıram. Seçkidə qalib gəlsəm, Milli Məclisdə sizə işləyəcəyəm, telefon nömrələrimizi, ünvanımızı bilirsiniz, özüm də bu dairədə yaşayıram. Üstəlik, seçki qərargahımızda çalışan komanda sonra da fəaliyyətinə davam edəcək”. Ardıcıl görüşlər zamanı seçicilər xanım namizədin bu çətin marafona qoşulmasını təqdir etdiklərini söyləyib və onun mübarizəsini dəyərləndirdiklərini deyiblər. Onlar bildiriblər ki, Aysel Əlizadənin qələbəsinə inanırlar: "Bizim namizədimizin qalib gəlməsi həm də ona görə vacibdir ki, cəmiyyətdə ədalətə inam bərpa olunsun, ümidsizlik və gərəksizlik sindromu aradan qalxsın”. Öz növbəsində Aysel Əlizadə də seçicilərinə təşəkkürünü bildirib: "Mən həmişə auditoriya ilə işləmişəm. Televiziyada tamaşaçım, ədəbiyyatda oxucumla olmuşam. İndi də seçicilərimləyəm. Bundan sonra da bütün gücüm və potensialımla cəmiyyətimin maariflənməsi və ölkəmin dünyanın ən güclü, ən sivil dövlətlərindən birinə çevrilməsi istiqamətində bir qatqımın olmasına çalışacağam. Mən Azərbaycana Nobel gətirmək istəyirəm, bunu əvvəllər də müsahibələrimdə demişəm”.

Təbliğat-təşviqat prosesi başlayandan bugünə kimi nümunəvi davranış və aktivlik nümayiş etdirən namizədlərdən biri 112 Saylı Qax Seçki Dairəsindən deputatlığa iddialı olan Əhməd Şahidovdur. Namizədlər arasında aparılan virtual rəy sorğusuna görə, Ə.Şahidov rəqiblərini böyük fərqlə geridə qoyub. Gənc namizədi irəli çəkən əsas amil isə onun insanlarla sıx ünsiyyətdə olmasıdır. Seçicinin ayağına gedən Ə.Şahidov ötən gün Qum kəndində olarkən 90 yaşlı ağbirçək Raziyyət nənəyə baş çəkib. Səmimi şəraitdə keçən görüş zamanı nənə ilə deputatlığa namizəd arasında maraqlı dialoq yaşanıb. Ə.Şahidova xeyir-dua verən Raziyyət nənə Qum kəndində sadəcə bir xeyir-şər evinin inşa edilməsinə ehtiyac olduğunu deyib. Hər gün onlarla seçicisi ilə görüşən Ə.Şahidov Qax rayonu İbaxlı kənd sakinləri ilə də bir araya gəlib. Daha sonra Əmbərçayda köməksiz ailələri ziyarət edib. Anadangəlmə qüsurlu doğulmuş azyaşlı uşaqları olan ailələrə baş çəkən deputatlığa namizəd onların sosial təminatı ilə maraqlanıb, əlil uşaqların müalicəsi və qayğıları ilə yaxından tanış olub. İlk olaraq, müəllim ailəsinə üz tutan Ə.Şahidov iki fiziki qüsurlu övladı olan ananın qayğılarını dinləyib. 16 yaşlı oğlunun ağır xəstə olduğunu bildirən ana təcili olaraq, bir əlil arabasına ehtiyacı olduğunu bildirib. Daha sonra digər ailəni ziyarət edən Ə.Şahidov 11 yaşlı oğlan uşağının xəstəliyi ilə maraqlanıb, imkansızlıq ucbatından ailənin öz övladını müalicə etdirə bilmədiyini öyrənib.

Seçicilərlə daim görüşən, fəal təbliğat aparan namizədlər sırasında tanınmış telejurnalist, "Sizinləyəm” şüarı ilə seçkiyə qoşulan İlhamiyyə Rzanın adı var. Xanım namizəd aktivliyin mühüm olduğunu deyir. Hətta təklif edir ki, öz seçiciləri ilə görüşməyən deputatları mandatından məhrum etmək lazımdır: "Əgər parlamentdə təmsil olunsam, mən də belə bir təklif edəcəyəm. Lal, susqun və əməlsiz deputatlara "yox” demək lazımdır. Bu gün aktiv olan namizədlər sabah parlamentdə də danışacaqlar”.

"Xalqa xidmət üçün” şüarı ilə təbliğat aparan tanınmış hüquq müdafiəçisi Mehriban Zeynalova da xüsusi aktivlik və yeniliyi ilə digər namizədlərdən seçilir.

Hər gününü seçicilər arasında keçirən Mehriban Zeynalovanın sözlərinə görə, təbliğat-təşviqat kampaniyası başlayan müddətdən bəri 11 min ailəni ziyarət edib: "Demək olar ki, hər evi gəzmişik, hər bir ailəni öz evində, küçəsində ziyarət etmişik. Maraqlıdır ki, seçicilər ilk dəfədir
ki, namizədin onların ayağına gəldiyini görüb təəccüblənirlər. Onlar üçün bu, bəlkə də ilk idi. Namizəd onların evinə gəlir, hansısa yalançı vədlər vermir, görə biləcəyi işlərdən danışır və birgə bütün problemlərin həllinə nail olacaqlarına əmin edir”. M.Zeynalova bildirir ki, onun seçiciləri sadə xalq olacaq: "Hər görüşdə rəhbərlik etdiyim "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdiririk. Bütün seçicilərimlə qürur duyuram. Sadə seçici, sadə insan. Onlarla çox xoşdur, çünki səmimi və safdırlar. Yeri gəlmişkən, bir məqamı da deyim. Seçicilərim öz səslərini qorumaq üçün mənə bir təklif verdilər. Dedilər ki, səs verdikdən sonra anketin şəklini çəkib votsapa göndərəcəyik. Bax, seçici aktivliyi budur, buna biz nail olduq. Hətta bir dəyərli dostum kampaniyamıza belə ad verdi: "səssiz güc”.

İsmayıl