İstiqlalçı deputatların pensiya məsələlərinə mütləq baxılmalıdır
Oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyinin bərpa edilməsinin 24 ili tamam oldu. Hər il olduğu kimi, budəfəki müstəqillik günü ilə paralel istiqlalçı deputatlar məsələsi, daha doğrusu, sabiq deputatların təqaüd almaq problemi yenidən gündəmə gəldi. Xatırladaq ki, 1991-ci il martın 7-də Ali Sovetdə SSRİ-nin saxlanması ilə bağlı keçirilən referendumda 43 deputat təklifin əleyhinə səs verib. Azərbaycanın müstəqilliyinə səs vermiş 43 deputatdan çoxları dünyasını dəyişsə də, yaşayan sabiq millət vəkilləri hələ də təqaüd almaq uğrunda "mübarizə” aparırlar.
Uzun illər statuslarının bərpa olunmasına çalışan sabiq deputatlar işin ictimai tərəfini apardıqdan sonra yerli məhkəmələrə də müraciət ediblər. İstiqlalçı deputatlardan sabiq təhsil naziri Firudin Cəlilov, eləcə də Məryəm Həsənova və professor Hacıbaba Əzimov statuslarını bərpa etmək məqsədilə məhkəmələrdə iddia qaldırıb. Ancaq keçmiş vəkillərin cəhdi heç bir nəticə verməyib. Xatırladaq ki, pensiya məsələsi "Deputatların statusu haqqında” qanunla müəyyən olunub. Qanunda göstərilib ki, təqaüd 1995-ci ildə Azərbaycanın Konstitusiyası qəbul edildikdən sonra seçilmiş deputatlara şamil olunur.
Məsələ ilə bağlı danışan istiqlalçı deputat, professor Hacıbaba Əzimov deyib ki, milli müstəqillik Azərbaycan xalqının ağır, lakin şərəfli mübarizəsi nəticəsində əldə edilib: "Müstəqillik əldə etmək bizə asan başa gəlməyib. Bu yolda xalqımız çoxsaylı şəhidlər verib. Ona görə də 18 oktyabr tarixi elə-belə, sıradan bir tarix deyil. 18 oktyabrda "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul ediləndən sonra dünya Azərbaycanı sivil, müstəqil dövlət kimi tanıyıb. Ancaq təəssüflər olsun ki, müstəqillik uğrunda mübarizədə böyük cəfa çəkmiş, əziyyətlərə dözmüş, öz həyatlarını risk altına qoymuş insanlara, istiqlalçı deputatlara lazımi qiymət verilmədi. Halbuki, onlar Azərbaycanın müstəqilliyinə səs verməklə faktiki olaraq özlərinin, yaxınlarının həyatlarını təhlükə altına qoydular. Çünki SSR-i dağılmasaydı, bu insanların ən ağır şəkildə cəzalandırılacağı gün kimi aydın idi”.
Digər istiqlalçı-deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimlinin sözlərinə görə, istiqlalçı deputatların pensiya məsələlərinə mütləq baxılmalıdır: "Müstəqillik aktına imza atanlara, eləcə də Milli Məclisin qurucularına pensiya verilməsi ilə bağlı müvafiq orqanlara dəfələrlə müraciət olunub. Ancaq müraciətlər kağız üzərində qalıb. İstiqlalçı deputatların sayı xeyli azalıb, çoxları dünyasını dəyişib. Onları da qoca vaxtlarında sevindirmək lazımdır. İstiqlalçı deputatların da digər vəkillər kimi təqaüd almağa haqqı var. Bu məsələ həllini taparsa, ədalət bərqərar olar”.
Sabiq təhsil naziri Firudin Cəlilov "istiqlalçı deputatlar”a olan münasibətdən narazılıq edib: "Bu insanlar özlərini, karyeralarını, ailələrini xalqın azadlığa çıxması yolunda qurban veriblər. Qorxuya baxmayaraq, ümummilli mənafe naminə riskə gediblər. İstiqlal uğrunda mübarizə aparan deputatlar digər postsovet ölkələrində də var və onlara təqaüd verilir. Ancaq bizlərin qanuni təqaüdü verilmir. Deyirlər ki, "siz deputat olmamısız”. Bəs biz deputat olmamışıqsa, dövlətin müstəqillik aktını, atributlarını kim hazırlayıb? Bizdən sonrakı deputatlara yüksək təqaüd verirlər, biz isə ortada qalmışıq”.
Məsələyə münasibət bildirən ADP sədri Sərdar Cəlaloğlu deyib ki, istiqlalçı və ya qeyri-istiqlalçı deputat olmasından asılı olmayaraq, bütün millət vəkillərinə pensiya verilməlidir: "Qanunun ümumiləşdirici xüsusiyyəti var. Qanun heç vaxt xüsusiləşdirilə bilməz. Söhbət hansısa təminatdan gedirsə, təbii ki, müstəqil Azərbaycan dövləti yaranandan sonra parlamentdə təmsil olunan insanlar eyni hüquqa malikdirlər və qanuni hüquq və imtiyazlardan yararlanmalıdır. Lap həmin insanlar istiqlalçı deyil, kommunist olsalar belə, onlara təqaüd verilməlidir. Qanunun ağırlaşdırıcı halları geriyə şamil olunmur. Amma yüngülləşdirici halları geriyə şamil olunur. Bu baxımdan deputatlara təminatın verilməsi yüngülləşdirici hal olduğu üçün geriyə şamil olunmalıdır. Cəmi 15-20 nəfər istiqlalçı deputat var. Onları təqaüddən məhrum etmək doğru deyil”.
İsmayıl