“Həqiqətən də bugün prezident seçkiləri keçirilərsə, Prezident İlham Əliyevin qələbəsi şəksizdir. Çünki Azərbaycan xalqı öz inkişafını və gələcəyini həmin siyasətdə görür”
Ölkə başçısı İlham Əliyevin 1 illik prezident fəaliyyətini qiymətləndirmək üçün Fransanın "Opinion Way" şirkəti tərəfindən sorğu təşkil olunub. Şirkətin açıqladığı rəqəmlərə görə, respondentlərin 85 faizi ümumilikdə prezidentin fəaliyyətini müsbət dəyərləndirib. Respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi qiymətləndirib. Onların fikrinə görə, dünyada və bölgədə yaşanan çoxsaylı mənfi proseslərdən asılı olmayaraq, Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib. Xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb. Əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülüb. Ölkədə etnik, dini və ictimai-siyasi zəmində sabitlik hökm sürüb, ictimaiyyətdə narahatlıq doğuran ciddi hallar müşahidə edilməyib.
Bütün bunlar ölkədaxili vəziyyəti və Azərbaycan Prezidentinin fəaliyyətini yüksək qiymətləndirməyi təmin edən amillər olub. Məhz elə bunun nəticəsidir ki, sorğunun "Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz” sualına respondentlərin 85,1 faizi bütövlükdə müsbət cavab verib. Prezidentin Azərbaycanda həyata keçirdiyi sosial-iqtisadi fəaliyyəti və bu sahədə son ildə aparılan islahatları isə sorğuda iştirak edənlərin 90,5 faizi bütövlükdə müsbət dəyərləndirib. Vurğulanıb ki, bugün seçki keçirilsə əhalinin 85 faizdən çoxu növbəti dəfə dövlət başçısı İlham Əliyevə etimad göstərəcək.
Sorğunun nəticələrini "Sherg.az”a dəyərləndirən millət vəkili, AMEA-nın müxbir üzvü Musa Qasımlı deyib ki, keçirilən rəy sorğusu Azərbaycanın ictimai fikrini tam gerçəkliyi ilə əks etdirir:
"Bugün cənab Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasətin Azərbaycanda alternativi yoxdur. Onunla rəqabət apara biləcək ikinci bir siyasi xadim görünmür. Rəy sorğusunun nəticələri ölkə daxilində və beynəlxalq həyatda yürüdülən siyasətlə bilavasitə bağlıdır. Daxildə yürüdülən siyasət ölkənin müasirləşməsi, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, bərabər imkanların yaradılması və ölkənin sürətli inkişafını nəzərdə tutur. Bütün bunların hamısı sabitlik nəticəsində əldə olunub. Azərbaycan xalqı da sabitliyə və yürüdülən bu siyasətə həmişə tərəfdardır və açıq şəkildə həmin yürüdülən siyasəti və o siyasəti müəyyənləşdirən və həyata keçirən şəxsi müdafiə edir. O şəxs də cənab Prezidentimizdir”.
Deputat vurğulayıb ki, beynəlxalq siyasət məsələsində cənab Prezidentimiz qonşularla mehriban münasibətlərin yaradılmasına nail olub:
"Çoxtərəfli əməkdaşlıqla uğurlar qazanılıb. Azərbaycan dövlətinin beynəlxalq mövqeləri möhkəmlənib və Avropa, dünya siyasətində rolu artıb. Bütün bunların nəticəsində rəyi soruşulanlar birmənalı olaraq cənab Prezidentə özlərinin müsbət münasibətini ifadə ediblər. Hesab edirəm ki, həqiqətən də bugün prezident seçkiləri keçirilərsə, cənab Prezidentimiz İlham Əliyevin qələbəsi şəksizdir. Çünki Azərbaycan xalqı öz inkişafını və gələcəyini həmin siyasətdə görür”.
İsmayıl