Atəşkəs rejimi kəskin şəkildə niyə pozulur?
Zahid Oruc: “Ermənistan Azərbaycanın anti-Rusiya cəbhəsində yer aldığı, Türkiyəni açıqca müdafiə etdiyini beynəlxalq müstəvidə qabartmağa çalışır”
Azərbaycanla Ermənistanın təmas xəttində gərginlik yenidən artıb. Milli ordumuz şəhid verib. Bir nəfər hərbi qulluqçumuz isə yaralanıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, noyabrın 30-da qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər İsmayılov Elşən Aydın oğlu şəhid olub.
Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra təltif edilməsi üçün "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalına təqdim olunub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir! Qeyd edək ki, erməni silahlı bölmələri ilə döyüşdə Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq
həqiqi hərbi xidmət hərbi qulluqçusu Nəsibov Bəhruz Sahib oğlu sol qolundan yüngül yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı əsgər tibb müəssisəsinə təxliyə edilib, sağlamlığına heç bir təhlükə yoxdur və həkimlərin nəzarəti altındadır.
Müdafiə Nazirliyi bildirib ki, qoşunların təmas xəttində vəziyyətin növbəti dəfə gərginləşdirilməsinə görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür, bu qanlı provakasiya nəticəsiz qalmayacaq və düşmənə vurulacaq zərbə sarsıdıcı olacaq. Ordumuz isə bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını qətiyyətlə almağa hazırdır. Nazirliyin məlumatında o da qeyd olunub ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 100 dəfə pozub. Ermənistanın İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskevan və Dovex kəndlərində yerləşən mövqelərdən Azərbaycan Respublikası Qazax rayonunun Qızılhacılı, Quşçu Ayrım və Kəmərli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Müəyyən fasilələrlə uzun zamandır cəbhə xəttində ciddi gərginlik yaşandığını vurğulayan Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc atəşkəs rejiminin yenidən kəskin şəkildə pozulmasının regionda baş verən proseslərlə birbaşa əlaqəsi olduğunu düşünür: "Ermənistan administrasiyasının sərəncamında olan media qurumları fəal şəkildə Azərbaycanın anti-Rusiya cəbhəsində yer aldığı, Türkiyəni açıqca müdafiə etdiyini beynəlxalq müstəvidə qabartmağa çalışır. Zamanında Bozqurdların səngərdə Azərbaycan tərəfindən iştirak etdiyini vurğulamaqla Türkiyənin Qarabağ münaqişəsində fəal rol oynadığını göstərməyə çalışır. Şübhəsiz ki, məqsəd Rusiya-Türkiyə arasındakı siyasi qarşıdurmadan öz xeyrinə bəhrələnməkdən ibarətdir. Azərbaycanda hansısa beynəlxalq tədbirlər, idman yarışları keçirilən zaman ermənilərin tankı-topu işə düşür. Bu isə o deməkdir ki, Dağlıq Qarabağ cəbhəsində atəşkəs səngərdə dayanan komandirlərin yox, siyasi rəhbərliyin göstərişi ilə həyata keçirilir. Ermənistanda hərbi sistem və siyasi idarəetmə orqanları arasında ciddi problem olsa da, dediklərimiz də faktdır”.
Z.Orucun sözlərinə görə, nə qədər ki Rusiya və Türkiyə arasında gərginlik davam edəcək, Ermənistan Rusiyanın bu istiqamətdəki rolunu artırmağa çalışacaq. Ermənistan guya ilk baxışda Türkiyə əleyhinə, lakin gücü çatmadığından Azərbaycanın ziyanına addımlar atır. Bu mənada hərbi qüvvələrimiz maksimum dərəcədə ehtiyatlı olmalıdırlar”.
Cəbhədəki gərginliyin Azərbaycan və Ermənistan prezidentlərinin dekabra planlaşdırılan görüşü ilə bağlılığına gəldikdə isə millət vəkili deyib ki, Ermənistan tərəfi xeyli müddət fasilə verilmiş görüş zamanı masa arxasında daha üstün vəziyyətdə olmağa çalışır: "Bu dövr ərzində onların mövqelərinə çox ciddi zərbələr vurulub. Azərbaycan tərəfi bunu heç gizlətmir də”.
Şəymən