Ordumuz təkcə silahlarla təchiz edilmir: "Eyni zamanda bu silahları işlədə bilən şəxsi heyət də formalaşdırılır" - AKTUAL

"Qısa zamanda Azərbaycanda hüquqi və demokratik dövlət qurulub. Müasir dövlətin tələblərindən biri də güclü ordu yaratmaq və həmin ordunu modern silahlarla təchiz etməkdir”.
Bunu "Sherg.az”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.
Deputat bəyan edib ki, Azərbaycan Silahlı Qüvvələrinin günün tələblərinə cavab verməsi həm dövlətin mövcudluğu, həm də ərazi bütövlüyünün qorunub saxlanması üçün ən mühüm şərtdir: 
"Nəzərdən qaçırmayaq, bugün Azərbaycanla Ermənistan müharibə vəziyyətindədir. Ermənistan təcavüzkar siyasət yeridərək uzun illərdir torpaqlarımızı işğalda saxlayır. İşğalın dayandırılması Azərbaycan dövlətinin qarşısında duran bir nömrəli məsələdir. Bu baxımdan Azərbaycanda Silahlı Qüvvələrin formalaşdırılmasına və yeni hərbi texnikalarla təmin olunmasına böyük diqqət yetirilir. Ordumuz təkcə silahlarla təchiz edilmir, eyni zamanda bu silahları işlədə bilən şəxsi heyət də formalaşdırılır. Bu silahların praktikada tətbiqi üçün təlim məşqləri keçirilir. Bugün Silahlı Qüvvələrimiz müasir dövrün tələblərinə tam cavab verir. Beynəlxalq reytinqlərdə də Azəbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasında göstərilir. Görülən işlər xarici peşəkar qurumlar tərəfindən də yüksək qiymətləndirilir”.
Deputat bildirib ki, ordu quruculuğu daim cənab Prezidentin diqqətindədir: 
"Həm silahla təchizat, həm hərbi bazanın möhkəmlənməsi, həm də hərbi qulluqçuların sosial vəziyyətinin daim yaxşılaşdırılması ən ümdə məsələlərdir”.
Qeyd edək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbçilər və onların ailə üzvləri ilə görüşündə bir sıra məqamlara toxunub. Dövlət başçısı deyib ki, bu il imzalanmış bir çox önəmli kontraktların icrası nəticəsində Azərbaycana ən müasir silahlar və texnika gətiriləcək: "Bu gün mövcud olan texnika və silahlar imkan verir ki, biz işğalçıların istənilən hərbi hədəfini yüksək dəqiqlik və böyük dağıdıcı qüvvə ilə darmadağın edə bilək. Əlbəttə, hər bir ölkənin, o cümlədən müharibə şəraitində yaşayan ölkələrin gücünü, ilk növbədə, onun hərbi qüdrəti müəyyən edir”.
İsmayıl