"Oxu" gözəl işdir

Komitənin gördüyü işlər təqdir olunur
Maarifçilik yayan sənədli filmlərin çəkilməsi dini radikalizmin qarşısını alacaq, gənclərin düzgün tərbiyəsində böyük rol oynayacaq

Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini radikalizm əleyhinə hazırladığı "Oxu" sənədli filmi gənclər üçün nümayiş olunub və filmin müzakirəsi keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, komitəsi tərəfindən dini radikalizm əleyhinə müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri sənədli filmlərin hazırlanması və onların ictimaiyyətə təqdim olunmasıdır: "İndiyədək dini radikalizmlə bağlı müxtəlif adlarda sənədli filmlər çəkilib və ictimaiyyətə təqdim olunub. Yeni sənədli filmimiz isə "Oxu"dur. Məlumdur ki, "Qurani-Kərim"də ilk hökm oxu ilə başlayır. Bu filmdə də dini radikalizm və onun mahiyyəti ifşa olunur. Burada, eyni zamanda Azərbaycanda dini radikalizm əleyhinə görülən işlər öz əksini tapıb".

M.Qurbanlı vurğulayıb ki, filmin əsas məqsədi radikal dini qrupları faktiki materiallarla göstərmək və ictimaiyyətə təqdim etməkdir.

Komitə sədri əlavə edib ki, bu il Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə bir neçə layihələr həyata keçiriləcək. Bunlara kiçik həcmli video-çarxların, sənədli filmlərin hazırlanması da daxildir.

Bu cür sənədli filmlərin dini maarifçilik baxımından böyük əhəmiyyət daşıdığını deyən ilahiyyatçı Hacı Atif İsmayılov «Şərq»ə açıqlamasında komitənin fəaliyyətinin təqdirəlayiq olduğunu bildirdi:

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi son zamanlar bir sıra mütərəqqi addımlar atır. Komitə nəzdində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondu da dini maarifçiliyin sürətlənməsi istiqamətində məqsədyönlü iş aparır. Bu fəaliyyətlərinə görə onlara təşəkkür edirik. Hesab edirəm ki, təqdim olunan «Oxu» sənədli filminin gənclərin maariflənməsində böyük rolu olacaq. Gənclərin qeyri-ənənəvi dinlərə və təriqətlərə qoşulmasının kökündə ilk növbədə islamı tanımamaları, dinimizin ehkamlarını bilməmələri dayanır. İnsan nə qədər ki, məlumatsızdır, bilgisizdir, onu aldatmaq, doğru yoldan döndərmək bir o qədər asandır. 

Amma insan biliklərə sahib olduqca, dinini, dəyərlərini tanıdıqca və bunların bəşəri mahiyyət daşıdığını, insanlara yalnız xeyirxahlıq, mərhəmət bəxş etdiyini gördükcə, radikallıqdan da uzaqlaşır və anlayışlı, imanlı bir şəxs halına gəlir. Dini maarifçilik düzgün istiqamətdə aparılarsa, gənclərimiz radikal dini qruplaşmalara meyl etməzlər. 

Düşünürəm ki, maarifçilik yayan sənədli filmlərin çəkilməsi bu mənada dini radikalizmin qarşısını alacaq, gənclərin düzgün tərbiyəsində böyük rol oynayacaq. Bütün bunlar milli-mənəvi dəyərlərimizin qorunması yönündə atılan addımlardır və biz bu addımları dəstəkləyirik.

H.A.İsmayılov maarifçilik qəbildən olan filmlərin geniş auditoriyaya çatdırılmasının vacibliyini də vurğuladı:

- «Oxu» sənədli filmi Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında nümayiş edilib. Onu bir qrup gənc izləyib. Əgər istəyiriksə, dini maariflənmə daha geniş auditoriyanı əhatə etsin, o zaman bu cür sənədli filmlər və gələcəkdə hazırlanacaq video-çarxların telekanallarda yayımlanması vacibdir. Bu cür sənədli filmlər efirlərdə yayımlanmalıdır ki, onu geniş ictimaiyyət, daha geniş kütlə izləsin. Dini maarifçilik təkcə gənclər üçün deyil, yaşlılar, orta nəslin nümayəndələri üçün də lazımdır.

 70 il sovet imperiyasının tərkibində olduğumuz zamanlarda dini dəyərlərimiz kölgədə qalıb. O zamanın gəncləri, indi yaşlı insanlardır. Onların da maariflənməyə ehtiyacı var. Belə filmlər efirdə mütləq nümayiş olunmalıdır ki, əksəriyyət izləsin. Belədə daha böyük nəticə əldə edə bilərik.

Məlahət Rzayeva