Mərhum prezidentin qızı Lola Kərimova, Baş nazir Şövkət Mirziyayev və yaxud naməlum fiqur prezident seçilə bilər
Özbəkistanda öncə varis elan olunmayıb
İslam Kərimovun ölümündən sonra hakimiyyət uğrunda ciddi qarşıdurmalar yaşana bilər
Mərhum prezidentin qızı Lola Kərimova, Baş nazir Şövkət Mirziyayev və yaxud naməlum fiqur prezident seçilə bilər
Mərhum prezidentin qızı Lola Kərimova, Baş nazir Şövkət Mirziyayev və yaxud naməlum fiqur prezident seçilə bilər
1989-cu ildən Özbəkistana rəhbərlik edən İslam Kərimov 78 yaşında dünyasını dəyişdi. Mərhum prezident Səmərqənddə tarixi "Şahi-Zində” qəbiristanlığında dəfn olundu. İslam Kərimovu son mənzilə şəhər sakinləri, tanınmış siyasətçilər və xarici ölkələrin nümayəndələri yola saldılar. Prezidentin dəfn mərasimində 17 dövlətin nüməyəndəsi iştirak edib. Xatırladaq ki, İslam Kərimov Olimpiya çempionlarının şərəfinə keçirilən tədbirdə huşunu itirib xəstəxanaya yerləşdirilmişdi. Sonradan vəziyyəti gərginləşərək reanimasiya şöbəsinə yerləşdirilən prezident dünyanın müxtəlif ölkələrindən gətirilən həkimlərin səylərinə baxmayaraq, həyatını itirmişdi..
"Mən çatanda İslam Kərimov ölmüşdü...”
Finlandiyadan olan məşhur cərrah Yuha Hernesniemi Özbəkistanın mərhum eks-prezidenti İslam Kərimovun müalicəsi üçün xaricdən təcili çağırılan həkimlərdən biri olub. Cərrah açıqlamasında İslam Kərimovun insult keçirəndən sonrakı vəziyyətindən danışıb. Bildirib ki, o, Daşkəndə çatanda pasiyent artıq keçinmişdi: "Əməliyyatın heç bir mənası yox idi və mən müalicənin
davam etdirilməsinin mənasız olduğunu bildirdim. Pasiyent faktiki olaraq ölmüşdü, bu, beyin ölümü idi. Həkim-mütəxəssislər qrupu öz rəylərini bildirdilər, bundan sonra hakimiyyətdə oyun başladı”. Oyun deyəndə cərrah beyin ölümü keçirmiş pasiyentin süni tənəffüs aparatına qoşulmasını və ölümünün bir müddət elan edilməməsini nəzərdə tutur. Belə praktikadan İsrailin keçmiş baş naziri Ariel Şarona və ispan diktatoru Fransisko Frankoya münasibətdə istifadə olunub.
Gülnarə Kərimova atasının dəfn mərasiminə gəlməyib
Özbəkistan Prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova atasının dəfn mərasimində iştirak etməyib. Kərimovun ikinci qızı 38 yaşlı Lola isə Səmərqənddəki dəfn mərasiminə qatılıb. Məlumata görə, G.Kərimova faktiki olaraq ev dustağıdır və internetə çıxışı yoxdur. Onunla birgə qızı İman yaşayır, oğlu İslam isə hazırda Londondadır.
Özbəkistanı kimlər idarə edəcək?
Prezident İslam Kərimovun vəfatından sonra hakimiyyətə kimin gələcəyi ən çox müzakirə olunan mövzulardandır. 2 qızı və 1 oğlu olan mərhum prezidentin "taxtına” kimin keçəcəyi isə hələ ki, sual olaraq qalır. Bir neçə il əvvələ qədər Kərimovun "varisi” olaraq böyük qızı Gülnarənin adı çəkilsə də, çılpaq fotoları və korrupsiya qalmaqalları Gülnarənin bu şansını əlindən alıb. 78 yaşında ölən İslam Kərimov iki dəfə evlənib. İlk evliliyindən Rüstəm adlı oğlu olsa da, onun adı heç vaxt mətbuatda hallanmayıb. Özbəkistan mediası da, məhz bu səbəbdən "varis” olaraq hər zaman ikinci evliliyindən - Tatyana Kərimovadan olan qızlarının adını çəkib. Bir vaxtlar Özbəkistanın ən varlı qadını olan və liderlik xüsusiyyətləri ilə seçilən 44 yaşlı Gülnarə atasının yerinə əsl namizəd hesab edilirdi. Onun bu yolda tək rəqibi isə özü ilə müqayisədə daha düzgün ailə həyatına sahib bacısı Lola idi. 38 yaşlı və 3 uşaq anası olan Lola Kərimova yerli mətbuatda hər zaman yaxşı ailə başçısı və xeyriyyəçi kimi təqdim edilib. Mətbuatdan uzaq gəzən Lola bacısı Gülnarə ilə 15 ildir danışmadığını açıqlayıb. UNESCO-nun Özbəkistan səfiri olan Lola ambisiyaları olmadığını desə də, xeyriyyə dərnəkləri ilə böyük bacısına qarşı hər zaman alternativ olmağa çalışıb. Cenevrədə yaşayan Lola 2010-cu ildə burada özünə aldığı 46 milyon dollarlıq lüks villa ilə gündəmə gəlib.
Prezident postu uğrunda mübarizə başlayır...
Gülnarə Kərimovanın hökmranlığı 2013-cü ildə Özbəkistan Gizli Xidmət rəisi Rüstəm İnoyatovun Prezident Kərimova təqdim etdiyi sənədlərlə başa çatıb. Həmin sənədlərdə Gülnarənin çılpaq fotoları və rüşvətxorluğuna dair faktlar yer alıb. Yerli mediada fotoları görən zaman bərk əsəbiləşən Kərimov külqabını tullayıb və qızını döyüb. Kərimovun hirsi bununla da soyumayıb. O, qızını ev həbsinə məhkum edib. Mətbuata düşən açıqlamasında Gülnarə "qızıma və mənə qarşı itdən betər davranırlar” sözlərini işlədib. Bütün sərvəti əlindən alınan Gülnarənin dostları da həbsə atılıb. Bu azmış kimi ABŞ və Hollandiya da Gülnarəyə aid bütün sərvəti dondurub. Hazırda Özbəkistanda "varis” olaraq görülən ən güclü namizədin Lola Kərimova olduğu bildirilsə də, o, siyasi ambisiyalarının olmadığını dəfələrlə açıqlayıb. Lakin yaxın günlərdə onların prezident postu üstündə mübarizə aparacaqları istisna edilmir.
Ekspertlər varislərin "çəkisini” tutuşdururlar
Orta Asiya üzrə ekspert Arkadi Dubnov isə feysbuk profilində yazıb ki, Özbəkistan rəsmi iyerarxiyasında Daşkənd "taxtı”nı tutmağa ən şansı olan Özbəkistanın 59 yaşlı baş naziri, hökumətə 2003-cü ildən başçılıq edən Şövkət Mirziyayevdir: "Mirziyayevin prezident ailəsinə və həmçinin Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) qüdrətli şefi Rüstəm İnoyatova
yaxınlığı onun şansını artırır. Amma real namizəd Mirziyayev olsa da, çox güman ki, Rusiyanın təsirindən yayınmaq mümkün olmayacaq. Lakin bu, heç də Özbəkistanın KTMT-yə girməsi və yaxud Avrasiya İqtisadi Birliyinə daxil olması anlamına gəlmir. Özbəkistan elitasının yeni nəslinin Qərbə meyli qətiyyən istisna olunmur.
"Siyasi büro əvvəllər gözə dəyməyən naməlum bir fiquru seçəcək”
Rusiya Milli Strategiya İnstitutunun direktoru Yuri Solozobov xatırladıb ki, Özbəkistanda İslam Kərimovla artıq dördüncü dəfə "vidalaşırlar”. Lakin Nazirlər Kabineti Prezidentin böhranlı durumunu ilk dəfə etiraf edir. Onun fikrincə, Özbəkistanın siyasi elitası təmərküzləşib və keçid dövrünə hazırdır: "Respublika senatının rəhbəri prezident seçkiləri keçirilənə qədər üçaylıq müddətə varis olacaq. Bu postu hazırda Niqmatilla Yuldaşev tutur, lakin ekspertlər onu güclü fiqur kimi qəbul etmirlər”. Solozobovun fikrincə, Moskva varisin seçilməyinə qarışmadan təmkinli və gözləmə mövqeyi tutmalı, lakin eyni zamanda Özbəkistanın Rusiya ilə siyasi və iqtisadi inteqrasiyasının bütün mənfəətlərini səsləndirməyə davam etməlidir. Ekspert Dubnovdan fərqli olaraq, Baş nazir Şövkət Mirziyayevi Rusiyayönlü yox, Çinyönlü siyasətçi sayır. Buna baxmayaraq, Solozobov düşünmür ki, parlaq siyasətçilərdən hansısa və yaxud ekspertlərin səsləndirdiyi kimi, Özbəkistanın güc qurumu təmsilçilərindən kimsə Kərimovun varisi ola bilər? "Əksinə, Özbəkistan siyasi bürosu əvvəllər gözə dəyməyən və naməlum bir fiquru seçəcək”.
Kərimovdan sonrakı Özbəkistan...
Politoloq Sülhəddin Əkbər deyib ki, Özbəkistandakı indiki vəziyyətə görə konkret ehtimal irəli sürmək çətindir: "Rusiya Özbəkistanda sabitliyin pozulmaması üçün hərəkətə keçib. Çünki bu cür rejimlərdə dövlət başçılarının dəyişməsi narahatlıq yaradır. Belə vəziyyət müvəqqəti olsa da, ictimai sabitliyə öz təsirini göstərir. Özbəkistanda əsas proses hakimiyyətin kimə ötürülməsindən asılı olacaq. Əgər rejim olduğu kimi saxlanarsa və yalnız varis dəyişərsə, ictimai sabitliyi qorumaq mümkün olacaq. Amma indi bəlli olur ki, Özbəkistanda öncədən varis elan olunmayıb. Buna görə də müəyyən çalxantılar yaşana bilər. Bildiyimiz kimi Özbəkistanın müxalifəti sayılan "Özbəkistan İslam Hərəkatı” Əfqanıstanda İŞİD-lə bir yerdə vuruşur. Həmin təşkilatın 3500-dən çox silahlı qüvvələri var. Başsız ölkə üçün onlar da ciddi təhlükə sayılır”.
İsmayıl