Özəl sektorda çalışanların maaşına nəzarət çətindir, ancaq mümkündür

Bunun üçün işçilərin anonim şikayət imkanı təmin olunmalıdır
Bir çox yerlərdə işçiyə 500 manat maaş verib, 200 manata qol çəkdirirlər. Burada müəssisə qazanır, işçi isə itirir


Martın 1-dən özəl sektor üzrə bütün işəgötürənlər əmək müqavilələrində müvafiq dəyişikliklər edərək minimum əməkhaqqını 180 manata çatdırmalı və bu dəyişikliyi əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində qeydiyyatdan keçirib rəsmiləşdirməlidirlər. Bu prosesə qeyd olunan elektron sistemi vasitəsilə ciddi nəzarət ediləcək.

Bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev deyib. Onun sözlərinə görə, martın 1-dən minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək: "Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım olacaq".

S.Möhbalıyev qeyd edib ki, minimum əməkhaqqının 180 manat müəyyən edilməsi nəinki az maaş alan insanlara, eləcə də vahid cədvəl üzrə işləyən 450 min nəfərə də şamil ediləcək: "Orta hesabla onların əməkhaqqısı 30 faiz artacaq. Özəl sektorda olanlar üçün də zəncirvari müsbət effekt özünü göstərəcək. Bu səbəbdən həmin sektor üzrə maaş artımının əhatə edəcəyi şəxslərin sayı üzrə ilkin rəqəm kimi 150 min olsa da, bu göstəricinin daha yüksək olacağı gözlənilir".

Hazırda ölkə üzrə 150 minədək işçi 180 manatdan az əmək haqqı alanlardır. Sərəncama əsasən, dövlət sektorunda olduğu kimi, özəl sektorda da əsas iş yeri və tam iş günü üzrə işləyənlərin əməkhaqlarının minimum məbləği martın 1-dən 180 manatdan az müəyyən oluna bilməz.

İqtisadçı Elçin Bayramlı isə deyib ki, bir çox sahibkarlar və müəssisələr bundan yayınmaq üçün müxtəlif üsullar tətbiq edəcəklər: "Misal üçün, işçini yarımştata keçirmək kimi. Nəzarət çətin olacaq, ancaq mümkündür. Bunun üçün işçilərin anonim şikayət imkanı təmin olunmalıdır. Məsələ təkcə minimum əməkhaqqını verməkdə deyil, əksinə, bir çox yerlərdə işçiyə 500 manat maaş verib, 200 manata qol çəkdirirlər. Burada müəssisə qazanır, işçi isə itirir. İşçi elə bilir ki, ona zərəri yoxdur, çünki aza qol çəkib çox alır. Lakin bu onun sosial sığorta ödənişlərində xeyli fərq yaradır. Belə ki, o, gələcəkdə az pensiya alacaq. Bəzi müəssisələrdə isə əksinə, çoxa qol çəkdirib az maaş verirlər. Bu, əsasən dövlət müəssisələrində olur, həmin artıq qalan vəsaiti müdir qoyur cibinə. İşçiyə də deyir ki, sənin stajın gedir, sosial sığorta keçirilir adına, sənə zərəri yoxdur. Ona görə də işçilər hüquqlarını bilməli, tələb etməli, bundan çəkindikdə isə heç olmasa, anonim şikayət etməlidirlər. Belə fırıldaqlar edən müəssisə və işəgötürənlər sərt cəzalandırılmalıdır”.

Şəymən