Keçməyən depressiyanın gizli səbəbi məlum oldu - İZAH

Yeni araşdırmalar bəzi depressiya hallarının yalnız psixoloji səbəblərlə deyil, orqanizmdəki aşağı səviyyəli sistemik iltihablanma ilə əlaqəli ola biləcəyini göstərir.

Sherg.az xəbər verir ki, araşdırmalara görə, depressiya xəstələrinin təxminən 25 faizinin qanında yüksək səviyyədə iltihab zülalları müşahidə olunur. Bu iltihablanmanın bəzi hallarda depressiya əlamətlərindən əvvəl meydana çıxdığı və iltihab göstəriciləri yüksək olan insanların ənənəvi antidepressant müalicələrinə daha zəif cavab verdiyi bildirilir.

Mütəxəssislər metabolik xəstəliklər, autoimmun pozuntular, uşaqlıq travmaları və xroniki stress kimi amillərin orqanizmdə iltihablanmanı artıraraq depressiya riskinə təsir göstərə biləcəyini qeyd edirlər.

“İltihablı depressiya” nədir?

İltihab zülallarının beyində serotonin və dopamin kimi əhval-ruhiyyəni tənzimləyən neyrotransmitterlərin səviyyəsinə təsir göstərə, həmçinin motivasiya və mükafat mexanizmlərində rol oynayan beyin bölgələrinin fəaliyyətini poza biləcəyi bildirilir.

Bu tip depressiyada güclü yorğunluq, iştahanın azalması, yuxu pozuntuları və əvvəllər zövq verən fəaliyyətlərə maraq və motivasiyanın azalması kimi fiziki əlamətlər daha qabarıq görünür.

Revmatizm dərmanı ilə yeni müalicə ümidi

Bristol Tibb Məktəbinin Psixiatriya professoru Qolam Xandaker və həmkarlarının apardığı dörd həftəlik klinik sınaqda standart müalicələrə cavab verməyən və qanında aşağı səviyyəli iltihab göstəricisi yüksək olan 30 yetkin iştirak edib.

İştirakçıların bir hissəsinə revmatoid artritin müalicəsində istifadə olunan iltihabəleyhinə tosilizumab dərmanı venadaxili, birdəfəlik dozada verilib, digər qrupa isə plasebo tətbiq olunub.

Kiçikmiqyaslı ilkin tədqiqat olmasına baxmayaraq, tosilizumab qəbul edən qrupda 28-ci günün sonunda fiziki əlamətlər, yorğunluq, təşviş, həyat keyfiyyəti və ümumi depressiya səviyyəsində plasebo qrupu ilə müqayisədə daha nəzərəçarpan yaxşılaşma müşahidə edilib.

Araşdırmanın sonunda dərman qəbul edənlərin 53,9 faizində depressiya əlamətləri azalarkən, plasebo qrupunda bu göstərici 31,3 faiz olub.

Sadə qan testi gələcəkdə müalicəni müəyyənləşdirə bilərmi?

Tədqiqatın diqqətçəkən nəticələrindən biri depressiya əlamətlərindəki yaxşılaşmanın müalicədən əvvəl ölçülən yüksək həssaslıqlı C-reaktiv protein (hs-CRP) səviyyələri ilə əlaqəli olmasıdır.

Bu nəticə gələcəkdə hs-CRP qan testinin “dəqiq tibbi yanaşma” vasitəsi kimi istifadə edilərək hansı depressiya xəstələrinin immun sisteminə yönəlmiş müalicələrdən fayda görə biləcəyini müəyyənləşdirməyə kömək edə biləcəyini göstərir.

Bununla belə, mütəxəssislər depressiyanın müalicəsində iltihabəleyhinə dərmanların rutin istifadəsinə keçmək üçün hələ kifayət qədər sübut olmadığını vurğulayırlar. Tədqiqatçılar daha geniş klinik araşdırmalara ehtiyac olduğunu bildirirlər.