Adi unutqanlıq hər zaman demensiya əlaməti deyil. Lakin insanın davranışında və gündəlik həyatında bəzi dəyişikliklər mütəxəssisə müraciət etmək üçün əsas ola bilər.
Sherg.az xəbər verir ki, NEWS.ru-nun məlumatına görə, həkim-qeriatr, nevroloq, neyrofizioloq və gerontoloq Valeri Novosyolov bildirib ki, demensiyanın ilkin mərhələsində insan başına gələn dəyişiklikləri anlamaya və onları gizlətməyə çalışa bilər.
Onun sözlərinə görə, əsas pozuntular yaddaşla bağlı olsa da, emosional və davranış dəyişiklikləri də müşahidə edilə bilər.
Mütəxəssis qeyd edib ki, insanın əvvəllər yaxşı tanıdığı yerlərdə istiqamətini itirməsi, alışdığı marşrutla müstəqil gedə bilməməsi və gündəlik işlərdə köməyə ehtiyac duyması diqqət yetirilməli əlamətlərdəndir.
Bununla yanaşı, yaşla əlaqədar yaddaşda yaranan ilkin dəyişikliklərin özü hələ demensiya demək deyil. Novosyolov bildirib ki, koqnitiv pozuntular yaş artdıqca daha da nəzərəçarpan ola bilər. Demensiya neyrodegenerativ proseslər fonunda inkişaf edir və bu sindromla əlaqəli ən tanınmış xəstəliklərdən biri Alzheimer xəstəliyidir.