“Ən salamatı uşağın çantasına meyvə və su qoymaqdır”
Tiflisin 20-dən çox uşaq bağçasında təxminən 100 uşağın mədə-bağırsaq infeksiyasına yoluxduğu barədə məlumatlar var. Məlumata görə, uşaqlar arasında yayılan virus norovirusdur. Bu barədə həkim-pediatr Vaqif Qarayev paylaşım edib. Həkim bildirir ki, bu, ciddi hadisədir, amma xoşbəxtlikdən ölüm və ağır zəhərlənmə halları qeydə alınmayıb: “Bizdə vəziyyət necədir?
Hər halda, kütləvi zəhərlənmələr barədə məlumat yoxdur! Heç olmasın! Amma Tiflis hadisəsi bizim üçün də ciddi dərs olmalıdır. Məktəb bufetlərində AQTA-nın qadağan etdiyi qida məhsulları satılırmı? Bunu valideynlər daha yaxşı bilər. Ən salamatı uşağın çantasına müxtəlif meyvələr və adi su qoymaqdır”.
Norovirus haqqında Sherg.az-a bilgi verən V.Qarayev qeyd etdi ki, bu, mədə və bağırsaqların iltihabına – kəskin qastroenteritə səbəb olan son dərəcə yoluxucu bir virusdur:
– Xalq arasında buna “bağırsaq qripi” və ya “qış qusma xəstəliyi” də deyilir. Qəflətən başlayan güclü qusma və ishal, mədə və qarın nahiyəsində ağrılar, halsızlıq, baş ağrısı və yüngül qızdırma virusun əlamətləridir. Niyə uşaq bağçaları və məktəblərlə bağlı xəbərdarlıq edilir? Çünki bu virusa yoluxma xəstəliyə yoluxmuş şəxslə təmas nəticəsində baş verir. Həm də çirklənmiş qida, su və ya səthlərə toxunduqdan sonra əllərin ağıza aparılması nəticəsində yoluxma mümkündür. Məktəb, xəstəxana və bağça kimi qapalı məkanlarda sürətlə yayılır.
Ona görə valideynlərə həmişə deyirik: evə gəldikdə, uşağa küçədə, bayırda yemək verəndə əvvəlcə əllərini ciddi şəkildə yuyun, təmizləyin. Uşaq gün ərzində əllərini ən müxtəlif səthlərə sürtür, uşaqdır, sonra da üzünə, ağzına toxundurur.
Həkim bildirdi ki, norovirus üçün xüsusi bir dərman və ya antibiotik yoxdur, antibiotiklər viruslara təsir etmir:
– Əsas müalicə itirilən mayenin bərpa olunmasıdır. Çünki ishal və qusma nəticəsində bədəndə susuzlaşma yaranır. Xüsusilə 5 yaşından kiçik uşaqların maye ehtiyatı az olduğundan, vəziyyətləri ağırlaşa bilər.
Valideynlər uşaqdakı dəyişikliyə diqqət etməlidir. Uşaq uzun müddət sidiyə çıxmırsa, bez 6-8 saat quru qalıbsa, bu, bədənin susuzlaşmasının əlaməti ola bilər. Ağız kənarları, dodaqları quruyur, gözlər sanki çuxura düşür, halsızlıq, yuxuya meyillilik yaranır.
Uşağa az miqdarda, tez-tez su və maye içirtmək lazımdır. İştahı yoxdursa, yeməyə məcbur etməyin. Yavaş-yavaş rejimə düşəcək mədə-bağırsaq sistemi. Amma yağlı, qızartma, şirin yeməklər olmaz, qazlı içkilər və meyvə şirələri verilməməlidir.