“Palmali”nin Azərbaycana bağlantısı varsa, araşdırmaq olar”

İlqar Altay: “Müstəqil tədqiqatçılar və media nümayəndələri bunu araşdıra bilər”



Azərbaycanlı iş adamı, "Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov adının və şirkətinin İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşması ilə yanaşı çəkilməsinə münasibət bildirib. Bu barədə milyarder öz feysbuk səhifəsində yazıb.

O qeyd edib ki, yanlış xəbərlər yayan jurnalistlər məhkəmə qarşısında cavab verəcək: "Ayıbdı, hansı əsasla belə xəbərlər, belə başlıqlı xəbərlər yazırsınız, sarı media üsulundan əl çəkin! Jurnalist dürüst olmalıdır”.

Məlumat üçün bildirək ki, mətbuatda azərbaycanlı oliqarxın bank hesablarına həbs qoyulması, Amerikanın Federal Təhqiqatlar Bürosu və Narkotiklərlə Mübarizə Agentliyinin "Palmali”nin şübhə doğuran yük daşınması ilə bağlı istintaq aparması, şirkətin ofislərindəki kompüterlərin bütün hard-disklərinin götürülməsi, Mübariz Mənsimovun istintaqa cəlb edilməsi və ifadə

verməsi üçün ABŞ-a dəvət olunacağı haqqında xəbərlər yayılıb. İspaniya mənbələrində də İraq Kürdüstanından hazırda İŞİD-in nəzarətində olan Kərkük-Ceyhan neft kəməri vasitəsilə Türkiyənin Ceyhan limanına Bağdad hökumətinin razılığı olmadan nəql edilən neftin Mübariz Mənsimovun tankerləri ilə daşındığı bildirilib.

Məsələyə münasibət bildirən İctimai Tədqiqatlar Mərkəzinin sədri, kriminalist-ekspert İlqar Altay "Şərq”ə deyib ki, M.Mənsimovun şirkəti Türkiyədədir: "O, Türkiyə şirkətidir. M.Mənsimovun qardaş ölkədə böyük biznesi var. Ola bilsin, onun Türkiyə vətəndaşlığı var. Çünki Azərbaycanda ikili vətəndaşlıq mümkün deyil. Bu baxımdan düşünürəm ki, məsələni Türkiyə hökuməti araşdırmalıdır”.

Ekspertin sözlərinə görə, M.Mənsimovun fəaliyyətini araşdırmaq mümkündür: "Müstəqil tədqiqatçılar və media nümayəndələri bunu araşdıra bilər. Onun şirkətinin Azərbaycan dövlətinə aidiyyəti varsa, yaxud da o, Azərbaycan vətəndaşıdırsa, deməli, qanunla Azərbaycan dövlətinin istintaq orqanları məsələ ilə maraqlanıb, araşdırma apara bilərlər. Böyük şirkətlərdir. Bəlkə də öz mənafeyi üçün hansısa neft alışı və satışında tankerlərin verilişində hansısa pozuntulara yol verib. Bu mümkün haldır. Amma dəqiq araşdırma olmadan bunu təsdiqini tapmış fakt kimi vermək doğru deyil”.

Ayyət Əhməd