"Ötən gün keçirilən möhtəşəm hərbi parad Azərbaycan prezidentinin güclü iradəsinin, düşmənə ünvanladığı mesajların, xalqımızın öz torpaqlarının işğalı ilə barışmayacağının növbəti sübutu idi”.
Bunu "Sherg.az”a Azərbaycan ordusunun yaranmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda müasir və yeni hərbi texnikaların nümayiş olunmasından danışarkən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Onun sözlərinə görə, ən yeni istehsal olunan, inkişaf etmiş dövlətlərin ordusunda yer almış hərbi texnikalar paradda nümayiş olundu:
"Ermənistan parad keçirdikdə "İsgəndər” raketlərini nümayiş etdirdi. Bunun Rusiya yoxsa, Ermənistan ordusuna aid olması hələ də mübahisəlidir. Lakin Azərbaycan ordusunun hərbi paradda nümayiş etdirdiyi silahlar, hərbi texnika ordumuzun istifadə etdiyi nümunələrdir. Hətta elə silahlarımız var ki, onlar nümayiş olunmadı. Çünki paradda ən yeni silahlar çıxarılmışdı.
Hərbi paradda ilk dəfə Azərbaycanın ABŞ-dan aldığı "Bell 412" helikopterləri, Belarus istehsalı "POLONEZ" zenit-raket kompleksləri, İsrail istehsalı "Lora" uzaqmənzilli raket sistemləri, yenə İsrail istehsalı "Heron TP" və "Hermes 450" Pilotsuz Uçan Aparatları (PUA) nümayişə çıxarılıb.
Azərbaycan ordusunun arsenalına daxil olan Türkiyə müdafiə sənayesində "ROKETSAN" şirkəti tərəfindən istehsal olunmuş "SOM-B1" raket kompleksləri də ilk dəfə paradda nümayiş olundu.
Zirehli texnika arasında elə vasitələr var idi ki, Rusiyanın güclü ordusunda belə həmin texnika istifadə olunur. Bütün bu hərbi vasitələr maksimal dəqiqliklə, uzaq məsafəni nəzarətə götürərək düşməni məhv etmək imkanına malikdir.
Hərbi paradda tank əleyhinə vasitələr də nümayiş etdirildi. Həm minasalma, həm də minalardan keçid açmaq üçün istifadə olunan silahlar da yer almışdı. Ordumuzun arsenalında olan ən müasir standartlara cavab verən hava hücumundan mühafizə sistemləri var ki, "İsgəndər” raketləri vura biləcək, PUA-ları ələ keçirəcək gücdədir. Çoxməqsədli xidmətləri olan, böyük texniki imkanlara malik pilotsuz uçan aparatlar da paradda nümayiş olundu”.
Ş.Ramaldanov vurğulayıb ki, hərbi parada xüsusi rəng qatan Bakı buxtası üzərində və şəhər səmasında uçuşlar həyata keçirən hərbi təyyarələr oldu:
"Silahlı qüvvələrin arsenalında olan ən müasir hava hücumundan müdafiə vasitələri, təlim-döyüş təyyarəsi "L-39", yaxın və orta məsafələrdə hava döyüşlərinin aparılması üçün nəzərdə tutulan "MİQ-29"-lar çətin tapşırıqları uğurla icra etdilər.
Məhz bu paradda hərbi aviasiya tarixində ilk dəfə Azərbaycan şahinləri "SU-25" hücum təyyarələri ilə yüksək pilotaj məharəti göstərdilər. Onlar paytaxt səmasında üçrəngli bayragımızın möhtəşəm əksini yaratdılar.
Azərbaycan ordusunun 100 illik yubileyi münasibətilə təşkil olunan hərbi parad Azərbaycan ordusunun nəyə qadir olduğunu bir daha göstərdi. Bu güc nümayişi, ölkə başçısının çıxışında ünvanladığı cəsarətli mesajlar, xəbərdarlıqlar düşmənə qarşı yönəlib. Erməni cəmiyyəti, Ermənistan rəhbərliyi bütün bunlardan dərs götürməlidir”.
Aysel Aslan