“Parkda öpüşən gənclərə qarşı hamıda bir aqressiya var”

Qan Turalı: “Mühafizəkar insanlar öz aqressiyalarını cəmiyyətin üzərinə tökməzdən əvvəl bioloji amilləri də nəzərə alsınlar”
Transformatorda tok vuran iki gəncin başına gələn hadisə cəmiyyətdə müxtəlif mülahizələrə yol açıb. Əsas müzakirə obyektlərindən biri də həmin gənclərin transformatora niyə girməsi ilə bağlıdır. İddia olunan əsas versiyalardan biri odur ki, gənclər transformatora öpüşmək üçün giriblər. Elə bu iddialar fonunda da sevgililərin ictimai yerlərdə öpüşməsi məsələsi əsas müzakirə obyektinə çevrildi.
Hər kəs öz arqumentləri ilə yanaşmasını əsaslandırmağa çalışdı. Biz də məsələ ilə bağlı "Kulis.az” saytının baş redaktoru, yazar Qan Turalı ilə əlaqə saxlayıb onun düşüncələrini öyrənməyə çalışdıq.
Qan Turalının sözlərinə görə, bu hadisənin bu qədər şişirdilməsində və xoşagəlməz müzakirələrə yol açmasında əsas məsuliyyət medianın üzərinə düşür: "Əslində deyim ki, bu hadisəni müxtəlif istiqamətlərə yönəldənlər də elə medianın yetişdirdiyi nəslin nümayəndələridir. Bizim düşüncələrimizi, təfəkkürümüzü hadisələrə baxışımızı media formalaşdırır. Bu hadisə fonunda isə Azərbaycan jurnalistikasında bir sıra qeyri-peşəkarların kök saldığı özünü büruzə vermiş oldu. İlk növbədə bu hadisənin əsas iştirakçısı olan gənc oğlanla qızın adının tam şəkildə cəmiyyətə açıqlanması doğru deyil. Hətta həmin gənclərin adını polis açıqlamasa belə, jurnalistlər mediada xəbəri adların baş hərfi ilə, ya da şərti verməli idilər. Ən pisi də odur ki, bu, ilk deyil. Bir müddət əvvəl də yarıçılpaq vəziyyətdə avtomobildə dəm qazından zəhərlənən insanların ad-familyasını, hətta bütün tərcümeyi-halını açıqlamışdı. Bütün bunlar isə peşə etikası baxımından son dərəcə yolverilməz haldır. Ona görə də, bu məsələdə ən başlıcası mətbuatın günahkar olduğunu düşünürəm. Bəzi media orqanları transformatorda tok vuran oğlanın adını, soyadını yazıb, hətta şəklini belə yayımlayıblar. Axı bu gəncin adı, şəkli cəmiyyət üçün heç bir ictimai əhəmiyyət kəsb etmir. Guya oğlanın adını Əhməd, Abdulla yazsanız, nə dəyişəcək ki?
- Cəmiyyətin bu hadisəyə münasibətini necə dəyərləndirirsiniz?
- Bizim cəmiyyət bu məsələlərdə həddindən artıq aqressivdir. Elə ən qəribəsi də budur ki, hələlik hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil. Hadisənin hər iki zərərçəkəni hazırda xəstəxanadadır və vəziyyətləri də bir o qədər qənaətbəxş deyil. Oğlanın cəmisi 20 yaşı var və onun sağ qolu amputasiya olunub. Amma heç kəsi onların səhhəti və gələcək taleyi maraqlandırmır. Hadisə baş verən kimi insanlar sosial şəbəkələr və media vasitəsilə öz versiyalarını cəmiyyətə həqiqət kimi təqdim etməyə başladı. Əvvəla, orada konkret olaraq nə baş verdiyini biz bilmirik. İkincisi də ki, tutaq ki, həmin gənclər transformatorun içərisinə öpüşmək, sevişmək üçün giriblər. Bunun kimə, nə dəxli var axı! Biz hamımız insanıq və bioloji tələblərimiz var. Bir çox hallarda emosional duyğuların qarşısını almaq olmur. Əsrlərdir sufilər, xristian rahiblər öz nəfislərini öldürməklə ilahi nura qovuşacaqlarını güman edirdilər. Bu yolda isə onlar çox böyük əziyyətlərdən, məşəqqətlərdən keçirdilər. Hansı ki, son nəticədə onların böyük əksəriyyəti bu yolu sonuna qədər gedib, çıxa bilmirdilər. Çünki insanın öz biologiyasına qalib gəlməsi faktiki olaraq mümkünsüzdür. Bəs onda bu gəncləri niyə qınayırıq?
- Bu hadisə bir növ müəllifi olduğunuz "Polis qorxusundan öpüşmək” romanına bənzəyir...
- Sözün açığı, "Polis qorxusundan öpüşmək” romanımın bu cür kontekstlərdə yada düşməsi məni təəssüfləndirir. Mənim düşüncəmə görə, hər şeyin sonu cəmiyyətlə səsləşir. Kitabın içində də qeyd etmişəm ki, əsərin adındakı "polis” sözü yalnız Daxili İşlər Nazirliyinin əməkdaşlarını yox, ümumilikdə cəmiyyəti ifadə edir. Başqa bir ad da tapmaq olardı. Amma mən eşqin həm də ictimai mahiyyətini vurğulamaq üçün bu adı seçdim. Sizi inandırım ki, bu gün küçənin ortasında hansısa oğlan qıza şillə vursa, ətrafdakı insanların heç biri buna reaksiya verməyəcək. Amma parkda öpüşən gənclərə qarşı hamıda bir aqressiya var. Axı bunun səbəbi nədir? Belə çıxır ki, qadını döymək olar, öpmək olmaz? Axı bu şüur bizdə necə formalaşıb? Çox yaxşı olar ki, mühafizəkar insanlar öz aqressiyalarını cəmiyyətin üzərinə tökməzdən əvvəl bioloji amilləri də nəzərə alsınlar. Axı, öpüşmək cinayət faktı, əxlaqsızlıq deyil. Bütün sivil və normal toplumlarda insanlar bu məsələyə olduqca normal yanaşır.
Biz qərbə inteqrasiyadan danışırıq, amma qərb mədəniyyətinin tam əksinə hərəkət edirik. Avropada insanların küçədə öpüşməsi nə ədəbsizlik hesab olunur, nə də ilahiləşdirilir. Sevgi hissi istənilən halda bəşəri azadlığın gerçəkləşdirilməsinin əsas simvollarındandı. Ailədaxili cinayətlər, ən dəhşətli təcavüzlər məhz mühafizəkar cəmiyyətlərdə baş verir. Azərbaycanda azmı şahidi olmuşuq qızların atası, qardaşı, əmisi, dayısı tərəfindən zorlanmasının? Mediaya çıxanlardan əlavə nə qədər üstü açılmamış belə faktlar var. Çünki Azərbaycan kimi ölkələrdə bir qızın təcavüz faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməsi heç də asan məsələ deyil. Bizim cəmiyyətdə insanları çərçivəyə salan o qədər süni qaydalar, stereotiplər var ki. Məntiqlə yanaşsaq, küçədə iki gəncin öpüşməsi heç də ictimai əxlaq pozuntusu deyil. İctimai əxlaqı pozan əsas amillər korrupsiya, məmur özbaşınalığıdır ki, Azərbaycan mentallığında bunlar adi bir hal hesab olunur. Toylarda, məclislərdə namuslu-qeyrətli adamlar qalır bir küncdə, ilk olaraq, korrupsioner məmurlara söz verilir. Azərbaycan mentalitetinə görə korrupsioner, rüşvətxor bir "JEK” rəisi homoseksual bir adamdan daha şərəfli, ləyaqətli hesab olunur. Hansı ki, homoseksual insanlar cəmiyyətə heç bir ziyan vurmadığı halda rüşvətxor məmurlar cəmiyyətin ab-havasını korlayır. İnsanlar üçün bürokratik əngəllər yaradıb, sosial ədalətsizliklərə yol açır. Buna rəğmən Azərbaycan mentallığında onlar həmişə üst - başa keçirilib.
- Bu hadisə fonunda sevgililərin ictimai yerlərdə öpüşməsi gənclərə nisbətən orta və yaşlı nəsil arasında ciddi fikir ayrılığına yol açdı. Birincilər bunu sevgi azadlığı, ikincilər isə birmənalı olaraq ədəbsizlik adlandırdılar. Sizcə, hansı tərəfin arqumentləri əsaslıdır?
- Mənə elə gəlir ki, yaşlı nəslin bu məsələyə yanaşması qısqanclıqdan irəli gəlir. Sözün açığı, gənclərin bu fikirdə olması məni sevindirir. İndiki gəncliyi daha proqressiv görürəm, onlar daha çox yenilikçidirlər. Gələcəyimizi bugünkü gənclik formalaşdıracaq və insanların beyninə ilişib qalan stereotiplər qırılacaq. Yuxarıda da qeyd etdiyim kimi, bugünkü cəmiyyət sevgililərə qarşı çox aqressivdir. Parkda əl-ələ gəzən, biri-birinin saçını oxşayan iki gənc görəndə öz baxışları ilə bütün mənfi enerjilərini onların üstünə tökürlər. Öpüşən cütlükləri yad planetdən gəlmişlər kimi müşahidə edən insanlar da var. Bunun tək səbəbi bizim cəmiyyətin sevgiyə ac olması ilə bağlıdır. Bu gün gəncləri qınayan insanların əksəriyyəti gəncliklərində öz sevgilərini yaşaya bilməyən, arzularını gerçəkləşdirə bilməyən insanlardır.
Şəymən