Parlament böyük yanlışlığa yol verdi

Məclisdə mütləq Qarabağ Komitəsi yaradılmalı idi



Milli Məclisdə 4 yeni komitə yaradılıb. Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Gənclər və idman komitəsinin sədri Fuad Muradov seçiliblər. Maraqlıdır, dəfələrlə məsələ qaldırılmasına baxmayaraq, yenə Qarabağ komitəsi yaradılmayıb.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa qeyd edib ki, Qarabağ komitəsinin yaradılması daha vacib məsələdir: "Milli Məclisdə Qarabağ komitəsi mütləq yaradılmalı idi. Azərbaycan üçün ən mühüm məsələ Qarabağ münaqişəsinin həlli olmalıdır. Çünki Milli Məclis səviyyəsində bütün danışıqlar, layihələr, təkliflər hamısı orda sistemləşdirilib vaxtaşırı müzakirəyə çıxarılmalı idi. Görünür, Qarabağdan daha vacib məsələlər prioritet olaraq görülüb”.

Parlamentarinin sözlərinə görə, Qarabağ komitəsinin yaradılmaması bu məsələnin vaxtaşırı müzakirəyə çıxarılmasını əngəlləyir: "Qarabağ komitəsi olmayanda, bu o deməkdir ki, Milli Məclisdə Qarabağ məsələsi çox da əhəmiyyətli məsələ sayılmır. Hesab edirəm ki, Qarabağdan vacib məsələ yoxdur. Çoxluğun rəyi budur ki, ondan daha vacib məsələlər var. Ona görə də məsələni gündəmə gətirməyin bir mənası qalmadı”.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı da qeyd edib ki, bu komitənin yaradılmasına ehtiyac var: "Bunu nə üçün yaratmırlar, aydın deyil. Bu məsələ dəfələrlə qaldırılıb. Onda da məsələni belə izah edirlər ki, hamımız Qarabağ üçün çalışırıq. Bu, düzgün cavab deyil. Səbəbini izah edə bilmirlər. Torpaqlarımız işğal altındadır, amma parlamentdə Qarabağla bağlı komitə yoxdur. Bu necə olur? Milli Məclisdəki mövcud komitələrin yarısından çoxuna ehtiyac yoxdur. Təəssüf edirəm ki, parlament bu məsələyə soyuq və biganə yanaşır. Hesab edirəm ki, Qarabağdan olan millət vəkilləri məsələni dəfələrlə qaldırmalıdırlar. Bilirsiniz ki, bu il baş tutan parlament seçkilərində namizədliyimi irəli sürmüşdüm və həmin məsələ platformamda yer almışdı. Qarabağ komitəsini təsis etməməklə parlament böyük yanlışlığa yol verir”.

Ayyət Əhməd