Bu həm də jurnalistlər üçün yeni iş yerlərinin açılması deməkdir
Parlament televiziyasının yaradılması günün tələbidir
Ekspertlər hesab edir ki, doğrudan da Milli Məclisdə qəbul olunan qanunların mahiyyəti insanlara qaranlıq qalır
Bu həm də jurnalistlər üçün yeni iş yerlərinin açılması deməkdir
Bu həm də jurnalistlər üçün yeni iş yerlərinin açılması deməkdir
(... əvvəli ötən sayımızda)
Millət vəkili Tahir Kərimli Azərbaycanda parlament televiziyasının açılmasını təklif edib. Belə bir televiziyaya çox böyük ehtiyac olduğunu qeyd edən T.Kərimliyə görə, parlamentin fəaliyyətinin, o cümlədən iclasların, komitə görüşlərinin, deputatların fəaliyyətinin işıqlandırılması üçün parlament televiziyası vacib olardı. Deputat hesab edir ki, başqa televiziyalarda parlamentin fəaliyyəti kifayət qədər işıqlandırılmır: "Digər ölkələrdə parlament televiziyaları var. Hesab edirəm ki, Azərbaycanda da parlament televiziyasının olması məqsədəuyğun olardı".
Qeyd edək ki, bir neçə ay əvvəl də parlament televiziyasının yaradılması məsələsi deputatlar tərəfindən gündəmə gətirilmişdi. Milli Məclisdə qəbul edilən qanun layihələrinin izahının Milli Məclisdə akkreditasiya edilən jurnalistlər tərəfindən əhatəli verilmədiyini qeyd edən deputatlar hesab edir ki, hər bir qanunun mahiyyəti açıqlanmalıdır.
"Cümhuriyyət” qəzetinin redaktoru Elman Cəfərli Azərbaycanda parlament televiziyasının yaradılması təklifinə münasibətin birmənalı olmadığını deyib:
"Milli Məclisin üzvləri Tahir Kərimli, Qüdrət Həsənquliyev, Hikmət Babaoğlu Milli Məclisin ayrıca televiziya kanalının açılmasını təklif ediblər. Bir sıra baş redaktorlar ideyanı dəstəkləyib. İdeyanı dəstəkləyənlər hesab edir ki, Milli Məclisdə qəbul edilən qanun layihələrinin izahının verilməsi üçün televiziya kanalına ehtiyac var. Məsələn, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Bunun mahiyyəti açıqlanmalıdır. Bəziləri hesab edir ki, parlament televiziyasını aktual edən Milli Məclisin iclaslarında səsləndirilən fikirlərin məqsədyönlü şəkildə təhrif olunaraq ictimaiyyətə təqdim edilməsi, bu kontekstdə bəzilərinin sensasiya axtarışı və digər amillərdir. İdeyanın əleyhinə olanlar hesab edir ki, bu cür televiziyalar böyük ölkələrdə yaradılır. Yəni Azərbaycan kimi kiçik ölkələrdə buna ehtiyac yoxdur”.
E.Cəfərlinin fikrincə isə parlament televiziyası yaradılmalıdır. Əvvəla, bu, həmkarlarımız üçün yeni iş yerlərinin açılması deməkdir. Son illər parlamentin işini işıqlandırmaq təcrübəsi olan xeyli jurnalist yetişib:
"Parlament televiziyasına onlar işə götürülməlidir:
"İkincisi, qəbul edilən qanun və qərarların sadə insanların anlayacağı dildə izahı verilməlidir. Əvvəllər, ayrı-ayrı qəzetlərin hüquq şöbələri vardı. Və ya vaxtaşırı ayrı-ayrı hüquqi məsələlərlə bağlı hüquqşünas rəyləri dərc olunardı. Amma indi o yoxdu. Parlament televiziyasında deputatların reklamı yox, bu kimi məsələlər olmalıdır. Yəni ekspertlər, hüquqşünaslar qəbul edilən qanunları xalqa izah etməlidir. Mən Milli Məclisin ayrıca saytının yaradılmasını təklif edərdim. Orda sual-cavab bölümü olmalıdır. İnsanlar bilmədiklərini soruşub öyrənməlidirlər”. "Bakipost.az” saytının baş redaktoru Elçin Zahiroğlu da hesab edir ki, ölkədə kütləvi informasiya vasitələrinin, xüsusilə televiziyaların sayı nə qədər çox olsa, o qədər yaxşıdır:
"Sahəvi kanalların, internet portallarının daha çox effekt verdiyi bir vaxtda Milli Məclisin öz televiziyasının olması, əlbəttə, müsbət hal olardı. Lakin bu kanalın yaradılması və izləyici toplaması vaxt və xeyli vəsait tələb edən işdir. Qəbul olunmuş qanunların şərhi, əhalinin başa düşdüyü bir dildə çatdırılması üçün bir tribuna vacibdi.
Bu təkliflə çıxış edən deputatlar da məhz bu məqamı qeyd ediblər. Amma indiki halda bu layihəni tamaşaçısı çox olan televiziyalarda da həyata keçirmək olar. Və məncə bu, daha çox effekt verər. Doğrudan da Milli Məclisdə qəbul olunan qanun layihələrinin mahiyyəti insanlara qaranlıq qalır. Qanunların dilinin çox qəlizliyi və onların demək olar ki, ictimailəşməməsi ciddi problemdir. Bizim qəbul olunan qanunlarımız az qala Quran ayələri, Yasin surələri kimi oxunur - hamı qulaq asır, amma heç kim başa düşmür. Ona görə də bunların izahı, mahiyyətinin açılması üçün ayrıca televiziyanın və yaxud da verilişlərin olması çox vacibdir”.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli də dünyanın əksər ölkələrində bu praktikadan istifadə olunduğunu qeyd edib. Onun sözlərinə görə, bir sıra ölkələrdə parlamentlərin gündəlik fəaliyyətini işıqlandıran xüsusi telekanallar olur: "Əlbəttə, ayrı-ayrı KİV-lər də orada iştirak edib istədikləri mövzular üzrə əlahiddə araşdırma aparırlar. Burada heç bir maneə olmur. Sadəcə, ixtisaslaşmış tv kanal parlament fəaliyyətini fasiləsiz, bütün detalları ilə təqdim edir. Əgər ölkəmizdə də tətbiq edilərsə, məncə, çox fayda vermiş olar. Çünki bizim ümumi yayımlı KİV-lər siyasi xəbərlərdən, qanunları, qaydaları əks etdirən xəbərlərdən daha çox fərqli verilişlərə, məxsusən şou-proqramlara çox yer ayırırlar.
Təbii ki, onların auditoriyaları, müəyyən maraqları bunu tələb edir. Bu isə ciddi xəbər izləyicisi olan auditoriya üçün əlverişli deyil. Bu baxımdan, ixtisaslaşma getməlidir, hər kəs öz auditoriyasına uyğun xəbərləri zənginləşdirməlidir. Amma burada nəzərə alınmalı bir məqam var: əgər təklif müəllifi olan deputatlar fikirləşirlərsə ki, parlament fəaliyyətini işıqlandıran xüsusi tv kanal yaradılsın və bundan sonra ayrı-ayrı KİV-lərin əməkdaşlarının parlamentə gəlmələri məhdudlaşdırılsın, bu, yanlış istiqamət olardı. Xüsusi tv kanalın mövcudluğu ümumi KİV-lərin əməkdaşlarının parlamentə girişinə məhdudiyyət tətbiq edilməsi üçün əsas olmamalıdır”.
"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli də o fikirdədir ki, televiziya kanalları nə qədər çox olarsa, bir o qədər faydası var. Parlament qanunverici orqandır, orada qəbul edilən qanunlardan, qanunvericilik bazasına edilən dəyişikliklərdən və onların mahiyyətindən geniş kütlənin, sadə vətəndaşların məlumatı olmalıdır:
"Vətəndaşların hüquqi maarifləndirilməsi baxımından bunu doğru sayıram. Bir çox ölkələrin təcrübəsində bu var. Əgər qanunlarla bağlı savadlı hüquqşünaslar, ekspertlər o televiziya vasitəsi ilə əhalini hüquqi maarifləndirəcəksə, bunu ancaq alqışlamaq lazımdır. Habelə, bir telekanalın açılması, orada xeyli jurnalistin işlə təmin olunması deməkdir. Bu cəhətdən də parlament televiziyasının yaranması ayrıca olaraq media cameəsinə də faydalıdır”.
"Azadinform” informasiya agentliyinin baş redaktorunun müavini Elçin Bayramlı isə Azərbaycanda parlament televiziyasının yaradılmasına ehtiyac olmadığını düşünür. Onun sözlərinə görə, ölkədə kifayət qədər televiziya kanalı var. Əgər parlamentdə müzakirə edilən layihələrin, qəbul edilən qanunların ətraflı izahına ehtiyac duyulursa, AzTV və ya İTV iclasları yayımlaya və yaxud geniş xülasə verə bilər: "ASAN Radio qanunları ekspertlərin, hüquqşünasların iştirakı ilə ətraflı izah edə bilər. Rəsmi qəzetlər də var, parlamentin öz qəzeti də var - yazı formasında verə bilərlər. Kim istəsə onlardan baxa, dinləyə, oxuya bilər. Ölkə dolub saysız-hesabsız TV, radio, qəzet, sayt, agentliklə. Hələ sosial şəbəkə səhifələrini demirəm. Balaca bir respublikada bu qədər media nəyə lazımdır? Ara yerdə yüz milyonlarla pul havayı gedir. Kimdi hamısına baxan, dinləyən, oxuyan? Bunların 90 faizi heç nəyə yaramır, xalqa faydalı, cəmiyyətə xeyirli, ölkənin inkişafına töhfə verəcək işlə məşğul olmurlar. Hansısa bir layihəni etmək istəyirlərsə, mövcud resurslardan bəhrələnə bilərlər. Bir balaca ölkədə 2 idman televiziyası (İdman Azərbaycan, CBC Sport) nəyə lazımdır? Bunlardan birini sosial televiziya da etmək olar. Yəni bu cür təkliflərin əvəzində deputatlar yaxşı olar ki, daha ciddi məsələlərin həllinə çalışsınlar”.
Axar.az saytının baş redaktoru Anar Niftəliyev də parlament üçün xüsusi televiziyanın yaradılmasına heç bir ehtiyac görmür:
"AzTV həftədə bir dəfə plenar iclasdan geniş reportaj hazırlayır. Güman edirəm ki, onun dövriliyini artırmaq, önəmli müzakirələr zamanı canlı olaraq vermək kifayət edər. AzTV-nin texniki imkanları da, peşəkar heyəti də buna kifayət edir. Milli Məclis üçün yeni televiziya əlavə maliyyə yüküdür - həm büdcəyə, həm də parlamentə”.
Jurnalist Səxavət Məmməd isə parlament televiziyasının yaradılması təklifinin çox məntiqli olduğunu deyib. Dünya praktikasında da belə bir televiziyanın mövcud olduğunu vurğulayan həmkarımız Milli Məclisdə akkreditasiya edilən jurnalistlər tərəfindən qanun layihələrinin izahının əhatəli verilmədiyi iradını da doğru hesab etdiyini deyib: "Milli Məclisdən verilən xəbərlərə baxdıqda bunu çox rahat görmək olar. Daha çox deputatların atışmaları, ağızlarından çıxan qeyri-adi fikirləri tirajlanır. Bu səbəbdən də parlament televiziyasının yaradılmasını doğru addım hesab edirəm. Ancaq məsələnin də bir əmması var.
Bu təklifi verən deputatlar, artıq bizim də televiziyamız var deyib düşüncəsi ilə mətbuatdan uzaqlaşmamalıdırlar. Onsuz da barmaqla sayıla biləcək qədər deputat mətbuata açıqdır. Bunun qorxulusu odur ki, parlament televiziyası yaradıldıqdan sonra, onlar belə mətbuatdan uzaq qaça bilər. Əgər bu tip hallar olmasa, qanunların mahiyyəti açıqlanması üçün parlament televiziyasına ehtiyac var”.
( Davamı olacaq...)
Şəymən