Parlamentdə banklar tənqid olundu - "Onların maliyyə oğurluğu...”




Parlamentdə İnzibati Prosessual, Mülki Prosessual, Mülki Məcəllə, eləcə də "Banklar haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirəyə çıxarılıb.

"Banklar haqqında” qanun layihəsi barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Onun sözlərinə görə, qanun layihəsi bankların ödəmə qabiliyyətinin bərpası, sağlamlaşdırılması, könüllü restrukturizasiyası, bankların rezolyusiyası lə bağlı yeni alətlərin tətbiqi və ləğvini nəzərdə tutulur. Bundan başqa, qanun layihəsində alıcı bankın aldığı aktiv və öhdəliklərlə bağlı vergi və ödənişlərdən azad olunmasını nəzərdə tutur.

Müflis olan bankların səhmdarlarının mülkləri müsadirə edilərək satılacaq

Dəyişikliklərdən sonra Azərbaycanda bankın öhdəliklərinin könüllü restrukturizasiyası proseduru tətbiq olunacaq. Layihəyə əsasən, bank öhdəliklərinin könüllü restrukturizasiyası ilə əlaqədar ərizə ilə məhkəməyə müraciət edə biləcək. Ərizəyə məhkəməyə təqdim olunandan sonra 10 təqvim günü ərzində baxılacaq və qərar qəbul ediləcək. Bundan başqa, qanun layihəsində "körpü bank”ların yaradılması da nəzərdə tutulur. Layihəyə əsasən, maliyyə bazarlarına nəzarət orqanı müvəqqəti müddətə sadələşdirilmiş qaydada bank yaradır. 

Bankın sağlam aktiv və öhdəlikləri bu "körpü bank”a keçirilir. Bu bank müəyyən müddətdən sonra sağlam bank kimi bazara çıxarılıb satılır. Sənəddə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən problemi olan, könüllü restrukturizasiya oluna bilməyən bankların icbari qaydada problemlərinin həlli yolları göstərilib. Belə ki, layihədə banka aidiyyatı olan şəxslərin, yəni səhmdarların, bankın idarə edilməsi ilə bağlı qərarlar qəbul etmək səlahiyyətində olan şəxslərin bankdakı depozitlərinin icbari qaydada bankın səhmlərinə keçirilməsi, bankın səhmlərinin bir qismini çıxarıb satmaqla bazardan vəsaitlərin cəlbi, bankın aktiv öhdəliklərinin birlikdə, yaxud ayrı-ayrılıqda çıxarılıb satılması ilə problemlərin həlli nəzərdə tutulur. Qanuna təklif olunan digər dəyişikliklərə əsasən, bankın problemlərinin yaranmasında inzibatçılar və səhmdarların məsuliyyətləri olacağı təqdirdə onlar əmlakları ilə dəymiş zərərin ödənilməsi üçün cavabdeh olacaqlar. Azərbaycanda müflis olan bankların səhmdarlarının, inzibatçılarının mülkləri müsadirə edilərək satılacaq.

"Banklar haqqında” qanuna dəyişikliklərlə əlaqədar İnzibati Prosessual, Mülki Prosessual, Mülki Məcəllələrə dəyişiklik edilməsi barədə qanun layihələri barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Deputat: "Bu nə üçün lazımdır?”

Müzakirələr zamanı millət vəkili Qüdrət Həsənquliyev bank sirri ilə bağlı dəyişikliklərə münasibət bildirib. O, bank sirri ilə bağlı məlumatların kənar auditorlar və maliyyə bazarlarına nəzarət orqanına verilməsinin əleyhinə olduğunu vurğulayıb: "Niyə vətəndaşların banklardakı vəsaitilə bağlı məlumatlar maliyyə bazarlarına nəzarət orqanına verilməlidir? Biz bu məlumatları əldə edə biləcək təşkilatların siyahısını genişləndirməklə əhalinin banklara vəsait yatırmasının qarşısını ala bilərik. Biz deyirik ki, xaricdən də vəsaitlər banklarımıza yerləşdirilsin. Bu halda kim vəsaitini banka qoyacaq. Bundan başqa, məhkəmənin bankların lisenziyasının ləğv olunması ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının qərarını ləğv edə bilməməsi ilə bağlı səlahiyyətlər veririk. Bu nə üçün lazımdır? Hesab edirəm ki bu məsələlərə baxılmalıdır”.

"Kreditlərin yüksək faizlə verilməsi soyğunçuluqdur”

"Qanun layihəsinin əsas aparıcı müdddəalarında anlaşılmayan müddəalar var ki, bu maddələrlə bağlı əlavə arayış verilməlidir”. Bu sözləri isə, millət vəkili Əli Məsimli deyib. Millət vəkili qanun layihəsinə nəzərdə tutulan digər çatışmazlıqlar barəsində danışaraq bildirib ki, birbaşa apellyasiya şikayətinin indiki məqamda nə dərəcə doğru olduğu izah edilməlidir: "Digər məqam isə qanun layihəsində tərəflərə verilən konret günlərin qoyulması ilə bağlıdır. Hesab edirəm ki, bu da yanlış yanaşmadır. 10 gün 10 iş günü ilə əvəz olunmalıdır. Bu gələcəkdə mübahisəli məqam yarada bilər. Biz elə etməliyik ki, gələcəkdə mübahisə və toqquşma üçün yer qalmasın. Ümumiyyətlə isə onu deyim ki, Azərbaycanda bank sistemi o qədər çöküb ki, ölkədə sistemli bankın olması sual altındadır. Burada sistemli bank haqqında verilən təriflərin özündə belə əksikliklər var. Bu düzgün yanaşma deyil. Mənim digər iradım Maliyyə Bazarlarına Nəzarət Palatasına verilən əlavə səlahiyyətlərlə bağlıdır. Ola bilsin ki, indiki məqamda bu keçərlidir. Amma biz hüquqi dövlət qururuq. Kimsə zəmanət verə bilməz ki MBNP sabah bunda öz məqsədləri üçün sui-istifadə hallarına yol verməyəcək. MBNP bunadan öz məqsədləri üçün istifadəsi mütləq olacaq. Bu məsləyə də aydınlıq gətirilməlidir”. Ə.Məsimli həmçinin bankların yüksək fazili və dollarla kredit verməsinə kəskin şəkildə etiraz edib: "Kreditlərin yüksək faizlə verilməsi soyğunçuluqdur. Ona görə də bu dəyişikliklər öz effektini verməyəcək. Təklif edirəm ki, hökumət min dollaradək olan kreditlərə güzəştə getməlidir. Əgər hökumət mayın 28-dək belə bir addım atarsa, o zaman biz bu sahədə ciddi dəyişikliyin baş verəcəyinin şahidi olacağıq”.

YAP-çı deputat: "Hərəyə 1 milyard pul verdilər, onlar da pulu götürüb, aradan çıxdılar”

Millət vəkili Siyavuş Novruzov bildirib ki, bankların pis vəziyyətə düşməsi iqtisadi vəziyyətlə bağlı deyil: "Bu, bank rəhbərlərinin maliyyə oğurluğu ilə bağlıdır. Hərəyə 1 milyard pul verdilər, onlar da pulu götürüb, aradan çıxdılar. Problemlərin səbəbini onlardan soruşmaq lazımdır. Vaxtilə nəzarət mexanizmi var idi. Niyə indi biz "körpü bank" yaradırıq? Kim zəmanət verir ki, aktivlərin köçürülməsindən sonra bu hallar təkrarlanmayacaq?! Banklar kökündən sağlamlaşdırılmalıdır. Səbəb və nəticəni qarışdırmayın. Azərbaycanda vətəndaşa verilən istehlak krediti niyə yüksək faizlə verilir? Bunun izahı verilməlidir. Azərbaycan iqtisadiyyatı inkişaf edir. Amma bank rəhbərləri öz maraq və mənafelərini güdürlər. Bankı sağlamlaşdıranda kökündən sağlamlaşdırmaq lazımdır".
Spiker Oqtay Əsədov deputata cavab olaraq bildirib ki, görülən tədbirlərdə əsas məqsəd bankların sağlamlaşdırılması ilə bağlıdır: "Əsas olan budur ki, banklar sağlamlaşdırılacaq".

"Axı mən nəbilim vətəndaşın kartının nömrəsini?”

"Bankların yaratdığı süni maneələr Həmkarlar İttifaqına vətəndaşlara yardım etməsinə ciddi maneçilik yaradır”. Bu sözləri isə müzakirələrə qoşulan millət vəkili Həməkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyev deyib. Onun sözlərinə görə, Hİ –in yardımları vergiyə cəlb olunan vəsait olmasa da, təşkilat banklarda pul götürüb yardım üçün müraciət edənlərə yardım edə bilmir: "Bizə respublikanın bütün rayonlarından yardım üçün minlərlə müraciət olunur. Amma banklardan pul götürmək problem olduğundan biz bunu edə bilmirik. Bizdən yardım edəcəyimiz şəxsin kredit kartının və ya bank kartının nömrəsi tələb olunur. Axı mən nəbilim vətəndaşın kartının nömrəsini? Bunu haradan öyrənim. Biri Qarabağ veteranıdır müalicə olunmaq istəyir, biri Gədəbəydən zəng edib və ya müraciət edir xəstəsini Bakıda müalicə etdirmək üçün… Deyim ki, zəhmət olmasa kredit kartınızın nömrəsini verin?! Belə olmaz axı.. Bir daha deyirəm ki, bizim vəsait vergiyə cəlb olunmadığı halda belə maneçilik yaratmağa nə ehtiyac var. Buna aydınlıq gətirilməlidir. Məslən biz əvvələr poçt vasitəsi ilə müraciət edənlərə pul göndərirdik və oda heç bir problem olmadan yardımı alırdı. Ona görə bir daha deyirəm aidiyyatı qurumlar buna bir aydınlıq gətirməldiri. Bu hal aradan qaldırılmalıdır”.
Millət vəkilinə cavab verən spiker deyib ki,
Bunma cavab olaraq Milli Məclis sədri Oqtay Əsədov bildirib ki, S.Mehbalıyevə yazılı cavab veriləcək: "Səttar müəllim bizim nə ixtiyarımız var ki, Hİ-in müraciətinə cavab verməyək”.

Spiker: "Qanunu tələsik qəbul etdik”

İclasda iştirak edən Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib ki, Azərbaycanda qəbul edilmiş "Nağdsız hesablaşmalar haqqında” qanuna əsasən, ölkədə hesablaşmalar nağdsız qaydada aparılmalıdır.
Sədr bildirib ki, qanunla vergi ödəyiciləri, bizneslə məşğul olan fiziki və hüquqi şəxslər əməliyyatları nağdsız qaydada aparmalıdır: "Dövlət vəsaiti hesabına aparılmış satınlamalar da nağdsız olmalıdır. Ölkədə 5 milyon 400 min kart mövcuddur. Bu kartların 55 mini debet, qalanı kredit kartıdır. Azərbaycanda kart sahiblərinin sayı 3 milyon 800 min nəfərdir. Bu, həmin şəxslərin banklarda əməliyyat imkanlarını təsdiq edir. Biz bundan sonra nağdsız qaydada hesablaşmalar aparmaq istəmiriksə, burda cavabdan çox, suallar yaranır. Tənzimləyici olaraq, bu proseslərin ağrısız keçirilməsini istəyirik. Texniki səbəblərdən müəyyən çətinliklər yaranır. Amma bizə bank sektorundan və sahibkarlardan ciddi sorğular gəlmir. Bu baxımdan qəbul edilmiş qanunlara yenilik gətirməyə ehtiyac yoxdur”.

Parlament sədri O.Əsədov isə əlavə edib ki, "Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklik zəruridir: "Qanunu tələsik qəbul etdik. Sizə müraciətlər daxil olmasa da, millət vəkillərinə çoxlu şikayət gəlir. İnsanları nağdsız hesablaşmalara yavaş-yavaş vərdiş etdirmək lazımdır”.
Müzakirələrdən sonra qanun layihələri səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Bayramoğlu