Parlamentdə dollar söhbəti...

Əhalinin kreditləri ilə bağlı nikbin təkliflər səsləndi



Dünən Milli Məclisin yaz sessiyasında növbədənkənar xüsusi iclası keçirilib. Toplantıda "Əmanətlərin sığortalanması haqqında”, "Əmanətlərin tam sığortalanması haqqında”, "Valyuta tənzimi haqqında”, "Dövlət satınalmaları haqqında”, "Gömrük tarifi haqqında” qanunlara və Vergi, İnzibati Xətalar məcəllələrinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Parlamentin sədri Oqtay Əsədov bildirib ki, son vaxtlar ölkədə baş verən iqtisadi proseslər fonunda Prezident tərəfindən işlər görülür: "İqtisadi sahədə mühüm addımlar atılır, növbəti islahatlar olacaq. İqtisadi qanunvericiliyə dəyişikliklərlə bağlı Prezident tərəfindən parlamentə layihələr təqdim olunub. Prezidentin bu sahədə çox operativ addımları var”.

Dövlət büdcəsinə yenidən baxılacaq

"Çox güman ki, Azərbaycanda dövlət büdcəsinə yenidən baxılacaq”.
Bu sözləri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. Z.Səmədzadə bildirib ki, neftin qiymətinin dünya bazarında ucuzlaşması iqtisadi planlara yenidən baxmağı zəruri edir: "Bu gün Azərbaycanın kifayət qədər valyuta ehtiyatları var. Amma bu valyuta ehtiyatlarını birdən-birə xərcləmək olmaz. Valyuta ehtiyatları səmərəli şəkildə istifadə olunmalıdır”.

Z.Səmədzadə qeyd edib ki, Azərbaycanda valyuta məzənnələri tənzimlənməlidir. Komitə sədri hesab edir ki, ölkədə yüzlərlə valyutadəyişmə məntəqələrinə ehtiyac yoxdur. Deputat onu da bildirib ki, iclasda müzakirəyə çıxarılan qanun layihələri Azərbaycan iqtisadiyyatının davamlılığını artıracaq, əhalinin vəziyyətinin yaxşılaşmasına xidmət edəcək.

"Açın qapıları...”

Millət vəkili Fazil Mustafa isə sözlərinə "indiki dövrdə bir vicdan proqramına, insanların emosiyalara qapılmadan bu vəziyyətdən necə çıxmaqla bağlı addımlar atmasına ehtiyac var” - deyərək başlayıb. Deputat qeyd edib ki, cənab Prezidentin son çıxışından sonra insanların inamı bərpa olunub: "Amma ondan əvvəl hökumət üzvləri və Mərkəzi Bankın rəhbərliyinin dediklərinə ciddi əhəmiyyət verilmirdi. Çünki xalq onlara olan inamı itirib. Ona görə də bu iqtisadi blokun da yenilənməsinə ehtiyac var. Hesab edirəm ki, böhrandan çıxış prosesini bu böhrana səbəb olmuş şəxslər həll edə bilməyəcəklər”.

F.Mustafa vurğulayıb ki, ilk növbədə sərt inzibati tədbirlərə keçilməlidir, idxal və ixracdakı inhisarçılığa son qoyulmalıdır: "1993-95-ci illərdə mərhum Heydər Əliyev hakimiyyətə gələndə buna bənzər vəziyyət yaranmışdı. Prezident o zaman qapıları açdı, ölkənin qabiliyyətli insanlarına geniş imkanlar yarandı. Bu gün də açın qapıları və özünüz görəcəksiniz ki, vətəndaş öz təşəbbüsü ilə gedib İrandan, Rusiyadan lazım olan malları gətirəcək. Eyni zamanda xarici bankların burada açılmasına imkan verməliyik. Bəlkə, onlar az faizli kreditləri əhaliyə təklif edərlər”.

"Onlar bizi də söyürlər”

Millət vəkilinin qənaətincə, statistik rəqəmləri də bir tərəfə qoymağın zamanıdır: "Vaxtilə Moskvaya hesabat vermək üçün rəqəmləri şişirdirdik. Bu gün kimi aldadırıq? Hər gün 300-500 nəfər işsiz qalır. Bunlar aclar ordusudur. Sabah onlar dövlətə qarşı qaldırıla bilər. Hamını içkili, ekstremist adlandıra bilmərik ki... Bu gün adamlar siyasi tələblərlə çıxış etmir, sadəcə, çörək istəyirlər. Ötən il 2,7 milyard vəsait xaricə çıxarılıb, ölkəyə qoyulan sərmayə olduqca aşağı düşüb. Fundamental köklü islahatların aparılmasını, bu islahatalara parlamentin qoşulmasını təklif edirəm. Ayrı-ayrı komitələrdə müzakirələr keçirilməli, təkliflər verilməlidir. 5-10 adamın aldığı qərarla bu gün ölkənin düşdüyü vəziyyətin ağırlığını daşıyırıq. Bu gün böhrandan əziyyət çəkən sadə vətəndaşlar sözlərini təkcə iqtisadi komanadaya demirlər. Onlar elə bizi də, yəni millət vəkillərini də söyürlər. Deyirlər ki, deputatsan, niyə sözünü demirsən?! Ona görə parlament də yaranmış vəziyyətdən çıxış yolu ilə bağlı təşəbbüskarlıq göstərməlidir”.

"Siz hər şeyin birdən həll olunmasını istəyirsiniz, bu, mümkün deyil”

İqtisadçı deputat Əli Məsimli deyib ki, Prezidentin 30 təklifindən 15-i yerinə yetirilsə, vəziyyət yaxşılığa doğru ciddi şəkildə dəyişər: "O halda 2017-ci ilin birinci yarısında iqtisadiyyatın sabitləşməsi istiqamətində sanballı addımlar ata biləcəyik. Əks təqdirdə, bu proses bir neçə il uzana bilər. Ən ciddi məsələ isə Azərbaycanda monopoliyanın birdəfəlik sındırılmasıdır. Ə.Məsimli xatırladıb ki, 2008-ci il böhranından sonra o və həmkarı Vahid Əhmədov Neft Fondundan 2 milyard vəsaitin sahibkarlığın inkişafına yönəldilməsi istiqamətində təkliflər verib: "Əgər o zaman bu addımlar atılsaydı, 2010-cu ildə biz bu işlərin bəhrəsini görərdik, istehsal sahəsində ciddi uğurlar qazanardıq. Lakin idxaldan daha çox qazananlar oldu. Dövlət, əhali qazanmaq əvəzinə, hansısa konkret şəxslər milyardlarla pul qazandı”.

Millət vəkili söyləyib ki, ölkədə çox az ailələr tapılar ki, onların krediti olmasın: "Ona görə də, "nə şiş yansın, nə kabab” prinsipi ilə çıxış edib, dollarla bağlı kreditlər məsələsini həll etmək olar. Hələlik manatın devalvasiya prosesi öz kulminasiyasına çatmayıb. Belə davam etsə, dollarla bağlı kredit götürənlər 3-4 dəfə artıq vəsait ödəməli olacaqlar”.
Spiker Oqtay Əsədov deputata cavabında "hər şeyi birdən həll etmək mümkün deyil” - deyib: "Əvvəlcə bu qərarları qəbul edək, banklar əmanətlər alsınlar, işləsinlər, sonra bu məsələlərə də baxarıq. Siz hər şeyin birdən həll olunmasını istəyirsiniz, bu, mümkün deyil”.

"İran, Türkiyə, Avropa İttifaqı ilə viza rejimi aradan qaldırılmalıdır”

"Sahibkar bu gün qulluq mənafelərini aşmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Halbuki biz bazar iqtisadiyyatında yaşayırıq. İndiyə qədər niyə sahibkarlar mallara qoyduğu qiymətə görə məsuliyyətə cəlb olunmurdu?”

Bunu isə deputat Qüdrət Həsənquliyev səsləndirib. O bildirib ki, sahibkar vergidən yayınacaqsa, onsuz da məsuliyyətə cəlb edilə bilər: "Amma sahibkara inzibati qaydada deyiləcəksə ki, get məhsulunu bu qiymətə sat, o, yeni istehsal prosesində maraqlı olmayacaq”. Q.Həsənquliyev eyni zamanda iqtisadiyyatın inkişafı üçün qonşu ölkələrlə viza rejiminin aradan qaldırılmasını da təklif edib: "İran, Türkiyə, Avropa İttifaqı ilə viza rejimi aradan qaldırılmalıdır. Qoyun, o ölkələrin vətəndaşları rahat şəkildə gəlib burda pullarını xərcləsinlər, turizm inkişaf etsin. Eyni zamanda bir sıra dövlət qurumlarının özəlləşdirilməsinin vaxtı çatıb”.

"Nəticəni bir ildən sonra görəcəyik”

İqtisadçı millət vəkili Vahid Əhmədov isə deyib ki, Azərbaycan 2016-cı ilə müəyyən iqtisadi problemlərlə başladı: "Lakin atılan bir sıra addımlarla bunun qarşısı alınır. O, ölkədə unun və çörəyin qiymətinin stabilləşdirilməsinin çox vacib qərar olduğunu qeyd edib: "Son dövrlər qəbul edilən qərarlar çox ciddi addımlardır.

Hər qərarın, qanunun arxasında müəyyən məbləğdə maliyyə vəsaiti dayanır və Azərbaycanın kifayət qədər maliyyə ehtiyatları var. "Əmanətlərin sığortalanması” və "Əmanətlərin tam sığortalanması” haqqında qanunlar bank sistemində sağlamlaşdırma işlərinə yardımçı olacaq,
insanların banklara etibarını artıracaq. Təklif olunan digər qanun layihəsinə görə, Azərbaycandan kənara 50 min dollardan artıq vəsaitin köçürülməsi dövlət büdcəsinə müəyyən verginin ödənilməsi ilə bağlıdır. Bu, bank sisteminə əhalinin etibarlılığını artıracaq.

Dediyim odur ki, bu sənədlər çox önəmlidir. Qanun layihələrinin tətbiqinin nəticələrini bir ildən sonra görəcəyik. 7 il müddətinə avadanlıqların Azərbaycana gətirilməsinin vergidən azad edilməsi də iqtisadiyyatımızın inkişafına xidmət edəcək”, - deyə əlavə edən deputat əsas mexanizmin qanunların icrası olduğunu bildirib.

"Camaat üçün ağlayanda, bir az da banklar üçün ağlayaq”

"Camaat sual edir ki, kreditlər niyə manatla - öz milli valyutamızla deyil, dollarla verilir? Bu, qəbuledilməzdir, birbaşa Konstitusiya pozuntusudur”. Bu fikirləri deputat Fəzail Ağamalı söyləyib. Millət vəkili vurğulayıb ki, xüsusilə də istehlak kreditləri dollarla verilə bilməz: "Bunu edənlər həm İnzibati Xətalar Məcəlləsi, həm də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cəzalandırılmalıdır. Hətta, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni müddəa əlavə edilməlidir”.
Spiker Oqtay Əsədov isə millət vəkilinə cavabında deyib ki, heç kimə məcburən dollarla kredit verilmir: "Heç kim məcbur edilmir ki, dollarla kredit götürsün. Dollarla kredit ona verilir ki, sahibkarlar xarici partnyorları ilə münasibətlərində bundan istifadə edə bilsinlər. Camaat üçün ağlayanda, bir az da banklar üçün ağlayaq”.

"İqtisadi qanunlara görə manat üzməlidir”

Deputat Zahid Oruc isə bildirib ki, manat sadəcə milli valyuta simvolu deyil. O qeyd edib ki, manatla bağlı tədbirlər bütövlükdə ölkənin təhlükəsizliyi ilə bağlı məsələdir: "Dövlət qurumlarının rəhbərləri telefonla danışmalarını fəal şəkildə ekrana çıxarmalıdır. Rusiyanın siyasi xadimləri daim ekrandadırlar. Bizim iqtisadi sahəyə məsul olan şəxslər də ekranlardan insanlara məlumat verməlidirlər. Manat sabit olanda mental olaraq sabit oluruq. İqtisadi qanunlara görə, manat üzməlidir. Kəskin devalvasiya ciddi problemlər yaradır. Amma hökumətin üzvləri fəal şəkildə cəmiyyətə çıxmalıdır. Ulu öndər Heydər Əliyev ekran təbliğatını mühüm alətə çevirmişdi, yeni dövlət strukturları formalaşdırdı”. Z.Oruc bildirib ki, ölkədə bir çox sahələrin özəlləşdirilməsi vacibdir: "Bağçaları, xəstəxanaları, məktəbləri dövlət tikməməlidir və həmin sahələrdə rəqabətin artmasına da şərait yaranmalıdır. Bu gün polis, hərbi sistemdə, xəstəxanalarda yeməklər verilir. Bu yeməklər bizim kəndçilərdən alınsın. Daha Meksikadan ət gətirmək lazım deyil”.

Spiker Zahid Oruca reaksiya verdi: "Sənin gələcək yerin görünür”

Z.Oruc Energetika Nazirliyinin, "Azərenerji”nin və digər oxşar qurumların ləğv olunmasına çağırış edib: "Mən əvvəl də demişəm, indi də deyirəm, ölkə başçısı da bu barədə konkret addımlar atır. Söhbət qurumların ixtisarlarından, birləşdirilməsindən gedir. Məsələn, Energetika Nazirliyi nəyə lazımdır ki? Onun səlahiyyətlərini yerinə yetirən ARDNŞ var, ora birləşdirmək olar. Elə bil bu nazirlik bir adama görə yaradılıb. Nazir Natiq (Energetika naziri Natiq Əliyev - A.B) müəllim çox təcrübəli adamdır, neft strategiyasının həyata keçirilməsində rolu var. Amma ayrıca nazirliyə ehtiyac yoxdur. Bundan əlavə, "Azərenerji”ni niyə dövlət saxlayır. Axı onun səlahiyyətlərini yerinə yetirəcək olan "Azərişıq” adlı qurum var. Bu siyahını uzada da bilərik”. Spiker isə Zahid Orucun çıxışına "sənin gələcək yerin görünür” replikası ilə cavab verib.

Xanım deputat: "Bir az pulum vardı, dollara çevirmək istəyirdim. Beynəlxalq Banka müraciət etdim, dedilər ki, dollar yoxdur”

"Əhali son 10 ildə banklara inanırdı. Əldə etdiyi pulları banklara qoyurdu ki, əmanətlərdən gələn dividendlər artsın. Amma sonda problemlər sıravi vətəndaşların başında çatlamamalıdır. "Texnikabank”da əmanətlər geri qaytarılmadı. Banklar dollarla olan əmanətləri manatla qaytaranda da insanlar nə qədər vəsait itirdilər”. Bu sözləri müzakirələrə qatılan xanım millət vəkili Elmira Axundova səsləndirib. O qeyd edib ki, banklar Mərkəzi Bankın müəyyənləşdirdiyi valyuta kursuna riayət etmirlər: "Bir az pulum vardı, dollara çevirmək istəyirdim. Beynəlxalq Banka müraciət etdim, dedilər ki, dollar yoxdur. Amma "qara bazar”da var və bundan bir neçə insan külli miqdarda qazandı. "Qara bazar” dağılmalıdır. Banklar bağlanır. "Bank of Azərbaijan” bağlandı, indi oradakı əmanətlərin aqibəti necə olacaq? Camaatı bu məsələ düşündürür. Bizim seçicilərimiz növbədənkənar sessiyanın keçirildiyini bilib, nə qədər zəng vurublar. Soruşurlar ki, dollarla olan kreditlərlə bağlı nə qərar veriləcək? Rusiyada devalvasiya olanda Konstitusiya Məhkəməsi əhaliyə dayaq durdu. Heç olmasa əhaliyə dayaq dursunlar və insanlar sakitləşsinlər. Yaxşı olar ki, 10 mindən çox olmayan kreditlər 21 fevral devalvasiyasına qədərki məzənnə ilə ödənilsin”.

"Birdən-birə bunlara gedilə bilməz”

E.Axundova qeyd edib ki, antiböhran proqramının hazırlanmasını zəruri edən amillərdən biri də vahid konsepsiyanın olmasıdır. Amma yerlərdə əngəllər yaradılır: "Cənab Prezident deyir ki, sahibkarlar süni əngəllərdən azad olmalıdır. Amma yenə də yerlərdə vergi orqanlarından başqa, digər qurumlar da lüzumsuz yoxlamalar keçirirlər. Belə hallara son qoyulmalıdır. Gömrük rüsumlarının qaldırılması ilə bağlı sözlər gəzir. Bu ilin əvvəlində Nazirlər Kabinetinin xaricdən gələn qəzet və jurnal məhsullarına 18 faiz ƏDV tətbiqi ilə bağlı qərarı oldu. Başa düşürəm, büdcəni doldurmaq lazımdır. Amma bu yollarla etmək olmaz. Məgər 1990-cı illərdə vəziyyət bundan ağır deyildi? İki dəfə bu qərar ləğv edilmişdi. Yaxşı olardı ki, bu məsələyə yenidən qayıdılsın”.
Spiker O.Əsədov deputatın çıxışına münasibət bildirərək deyib ki, Rusiyada bu qərar ilyarım əvvəl verilib və ondan sonra bir qəpik də ödənilməyib.
"Dediyim kimi, bu məsələlər yavaş-yavaş həllini tapmalıdır. Birdən-birə bunlara gedilə bilməz”.
Gündəliyə çıxarılan qanun layihələri müzakirələrdən sonra qəbul edildi.

Anar Bayramoğlu