Həmsədrlər Ermənistanın baş nazirinə münaqişənin detallarını anlatmaq üçün çox tər tökməlidirlər
“Paşinyanın sərsəm fikirləri hətta erməni cəmiyyətində də etiraz doğurur. Praqmatik düşüncəli insanlar erməni baş nazirinin tutduğu mövqenin hansı dağıdıcı və fəlakətli nəticələrə gətirib çıxaracağının fərqindədi
Dünən ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana səfər ediblər. Vasitəçilər Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşüblər. Görüşlərdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllinə, danışıqlar prosesinin irəli aparılması imkanlarına dair fikir mübadiləsi aparıblar. Mnatsakanyan Ermənistanın münaqişənin ATƏT-Minsk Qrupu çərçivəsində yalnız sülh yolu ilə həllinə sadiq olduğunu bildirib.
Həmsədrlərin Azərbaycana səfəri nəzərdə tutulmayıb. Paşinyan isə münaqişənin sülh yolu ilə həlli prosesində vasitəçilərin rolunun vacib olduğunu vurğulayıb və effektiv əməkdaşlığa ümid etdiyini deyib. Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün bütün lazımi səyləri göstərəcəklərini bəyan ediblər. Tərəflər prezidentlərin Vyana, Sankt-Peterburq və Cenevrə görüşlərində əldə edilmiş razılaşmalara əməl etməyin əhəmiyyətini vurğulayıblar. Səfərdən öncə verilən açıqlamada həmsədrlərin Paşinyan hökumətinin mövqeyini öyrənmək üçün Ermənistana səfər edəcəkləri deyilirdi. Ekspertlər isə bəyan edirdi ki, görüşün məqsədi Paşinyana müəyyən məsələlərin, reallıqların "başa salınmasıdır”. Maraqlıdır ki, vasitəçilər prezident Armen Sarkisyanla görüşə bilməyib. Həmsədrlərin İrəvan səfərinin detalları haqqında "Sherg.az”a danışan politoloq Mübariz Əhmədoğlu deyib ki, həmsədrlərin məqsədi yeni hökumətlə tanış olmaqdır. Amma Minsk Qrupu üzvləri siyasi fiqurların dəyişdiyini, fikirlərin isə əvvəlki kimi qaldığını müşahidə edəcəklər: "Maraqlı proses gedir. Ermənistanda bilirlər ki, həmsədrlərin portfelindəki variant rəsmi İrəvanın mövqeyinə xidmət etmir. Həmsədrlər İrəvana çatan kimi prezident Armen Sarkisyan Dağlıq Qarabağa gəldi. Onun bu addımı həmsədrlərlə görüşdən yayınmaq üçün atılıb. Sarkisyan başa düşür ki, həm Azərbaycan prezidenti ilə danışıq aparmaq çətindir, həm də həmsədrlərin təklifləri ermənilərin ziyanınadır. Ona görə, danışıqlarda Ermənistanı təmsil etmək məsuliyyətindən yayındı. Amma hesab edirəm ki, danışıqlarda rəsmi İrəvanı Armen Sarkisyan təmsil etməlidir. Çünki Ermənistan konstitusiyasına görə, o, dövlətin başçısıdır. Nikol Paşinyan danışıqlara qoşulacaqsa, o zaman Azərbaycanın baş naziri Novruz Məmmədov ölkəmizi təmsil etməli olur. Bütün bunları nəzərə alan həmsədrlərin Ermənistanda həll etməli olduğu məsələlər hələ çoxdur”.
Politoloq Əli Orucov da "Şərq”ə açıqlamasında bildirib ki, Paşinyanın münaqişənin həlli ilə bağlı destruktiv mövqe göstərəcəyi məlum idi. Çünki o, çıxışlarında adəti üzrə Azərbaycana qarşı hədələyici üsluba üstünlük verirdi. Onun fikrincə, baş nazir postuna gələndən sonra tanınmamış Dağlıq Qarabağ separatçı rejiminin münaqişə tərəfi kimi danışıqlar prosesinə cəlb edilməsi tələbi faktiki olaraq sülh prosesini pozmaq deməkdir:
"Vasitəçilərin Ermənistana budəfəki səfəri həm Ermənistanın mövqelərinin aydınlaşdırılması, həm də bəzi məqamların yeni rəhbərliyin diqqətinə çatırılmasından ibarətdir. Azərbaycanın mövqeyi qəti və dəyişməzdir. Qondarma rejim danışıq tərəfi ola bilməz! Proseslərin belə davamı müharibə riskini artırır. Azərbaycan məcbur qalaraq münaqişənin silah yolu ilə həllinə üstünlük verməkdə tam haqlıdır. ATƏT-in Minsk Qrupunun həmsədrlərini də narahat edən məhz Paşinyanın məsuliyyətsiz bəyanatlarından sonra regionda genişmiqyaslı hərbi əməliyyatların başlama ehtimalıdır. Paşinyanın sərsəm fikirləri hətta erməni cəmiyyətində də etiraz doğurur. Praqmatik düşüncəli insanlar erməni baş nazirinin tutduğu mövqenin hansı dağıdıcı və fəlakətli nəticələrə gətirib çıxaracağının fərqindədir. Məncə, Paşinyan gec-tez küçə eyforiyasından çıxıb, reallıqları dərk edəcək. Əks halda onun özünün hakimiyyətdə uzun müddət qala bilməsi çox çətin olacaq”.
İsmayıl