“Paşinyan hökuməti ilə masaya əyləşməyin yeri yoxdur”
Eldar Namazov: “İndi vəziyyət dəyişib və bizə atılan bumeranq ermənilərə tərəf istiqamət alıb”
Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar yenidən dalana dirənib. Yeni rəhbərliyin ard-arda səsləndirdiyi sərsəm açıqlamaları, təxribatçı davranışları, ələlxüsus qondarma Dağlıq Qarabağ rejimini danışıqlara cəlb etmək təşəbbüsü müzakirələrin bərpasını imkansız edir. Məhz bu baxımdan xarici media orqanları Ermənistan və Azərbaycan arasında müharibə ehtimalını gündəmə gətirirlər. Alman mediasının yazdığına görə, baş nazir Nikol Paşinyanın sərt bəyanatları tərəfləri danışıqlar prosesindən uzaqlaşdırır və hərbi əməliyyatlara sövq edir.
Eyni zamanda düşmənin cəbhə xəttində mütəmadi təxribata əl atması vəziyyəti daha da gərginləşdirir. Mövcud durumla bağlı "Şərq”in suallarını cavablandıran Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov bir sıra məqamlara aydınlıq gətirib. Paşinyanın açıqlamalarını şərh edən politoloqun fikrincə, Azərbaycan Ordusu düşmənin bütün təxribatlarına hazır olmalıdır..
- Eldar müəllim, Ermənistan rəhbərliyinin, xüsusən, baş nazir Paşinyanın ziddiyyətli açıqlamaları günlərdir müzakirə olunur. Sizcə, baş naziri danışdıran öz düşüncələridir, yoxsa müəyyən xarici dairələr
- Paşinyanın açıqlamalarının arxasında iki amil dayanır. Birinci amil baş nazirin qeyri-professionallığı, Dağlıq Qarabağ münaqişəsinin dərin qatlarını bilməməsidir. O, ümumi prosesin gedişatından xəbərsizdir. Ümumiyyətlə, Paşinyanın idarəçiliklə bağlı təcrübəsi sıfırdır. İkinci amil isə yeni baş nazirin tamamilə inqilabi əhval-ruhiyyədə olmasıdır. "Məxməri inqilablarla” hakimiyyətə gəlmiş adamlarda elə təsəvvür yaranır ki, sanki onlar hər şeyin öhdəsindən bir anda gələ bilərlər. Ermənistanın baş naziri özünü elə aparır ki, əgər kimsə desə ki, ABŞ-Koreya arasındakı gərginliklə bağlı təkliflərini ver, inanın, onu da edər. Yəni, olduqca qeyri-real şəxsiyyətdir. Ona görə də bu cür bəyanatlar səsləndirir. Əslinə qalsa, Paşinyan sərsəm açıqlamaları ilə özünü daha da gözdən salır. Olan-qalan hörmətini itirir. Ən əsası isə ciddi beynəlxalq qurumların və münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun nəzərində təcrübəsiz siyasətçi kimi dəyərləndirilir.
- Vurğuladığınız kimi Paşinyan reallığa uyğun gəlməyən fikirlər səsləndirir. Bundan dolayı Moskvanın baş nazirə qeyri-ciddi yanaşdığını söyləmək mümkündürmü?
- Sözsüz ki, elədir. Rusiya tərəfi Paşinyanın hakimiyyətə gəlişini planlaşdırmırdı. Daha doğrusu, gözləmirdi. Moskva üçün Ermənistanda əsas seçim Serj Sarkisyanla Karapetyan arasında idi. Rusiya Karapetyanın hakimiyyətə yiyələnməsini planlaşdırırdı. Sarkisyan da bununla razılaşmışdı. Məhz həmin anlaşmadan sonra Rusiyada "QAZPROM”da çalışan Karapetyan təcili İrəvana gətirildi və baş nazir elan edildi. Ancaq bir müddət sonra Sarkisyan fikrini dəyişdi və dedi ki, özü baş nazir olmaq niyyətindədir. Kreml buna razılıq versə də, Ermənistan hakimiyyəti içərisində ciddi narazılıq başladı. Paşinyan və onun tərəfdarları hökumətin daxilində olan ziddiyyətlərdən çox bacarıqla istifadə etdilər. Nəhayət, proses nəzarətdən çıxdı və Moskvanın hər iki namizədi oyundan kənarda qaldı. Mənə elə gəlir ki, Kremlin Paşinyana yanaşmasının kökündə Sarkisyanın yeni baş nazir haqqında dediyi sözlər dayanır. Xatırlayırsızsa, Sarkisyan öz komandasına seçkiqabağı göstəriş verdi və bildirdi ki, Paşinyanı baş nazir seçin və ona müqavimət göstərməyin. Ardınca söylədi ki, narahat olmayın, Paşinyan və onun komandası bir ildən artıq hakimiyyətdə qala bilməyəcək. Moskvada da belə düşünürlər.
- Dağlıq Qarabağda geniş vüsət alan etiraz aksiyaları fərqli yöndən dəyərləndirilir. Lakin əksəriyyət düşünür ki, erməni ictimaiyyəti hərbi xuntanın əsarətindən qurtulmaq üçün ayağa qalxır. Sizin fikirləriniz necədir?
- Hesab edirəm ki, bir ildən sonra Dağlıq Qarabağın qondarma rejimində hakimiyyət dəyişəcək. Əlbəttə, biz heç bir hüquqi normalara əsaslanmayan qondarma rejimi qəbul etmirik. Buna rəğmən separatçı rejim daxildə uydurma "seçkilər” keçirir, özlərinə "rəhbər” seçirlər. Qondarma rejimin başçısı Bako Saakyan uzun müddət separatçılara rəhbərlik etməyi planlaşdırsa da, artıq onun sonu çatıb. Lakin Paşinyan prosesləri sürətləndirmir, çünki o da fərqindədir ki, Saakyanın "siyasi ömrünə” az qalıb. Bir ildən sonra Ermənistanda növbədənkənar parlament seçkisi keçiriləcək. Elə həmin anda Dağlıq Qarabağa yeni "rəhbər” təyin ediləcək.
- Düşmən ölkədə bu cür qeyri-müəyyənlik olduğu halda, konkret mövqeyi olmayan Paşinyan hökuməti ilə danışıqlar masasına oturmağın əhəmiyyəti varmı?
- Fikrimcə, belə məqamda danışıqlardan nəticə gözləmək əbəsdir. Yəqin ki, bu cür görüşlərdən müsbət nəticə gözləyən də yoxdur. Buna ümid etmək belə yanlış olardı. Düşünürəm ki, Azərbaycan Ordusu hər an müharibəyə hazır olmalıdır. BMT-nin müvafiq qətnamələri bizə əsas verir ki, istənilən an hərbi əməliyyatlar yolu ilə torpaqlarımızı işğaldan azad edək. İndiki qeyri-müəyyənlik bir il, yaxud il yarım çəkəcək. Paşinyandan sonrakı hökumət formalaşana kimi Ermənistanda siyasi sabitlik olmayacaq. Mövcud vəziyyət getdikcə daha da çətinləşəcək, münasibətlər kəskin xarakter alacaq. Sarkisyan öz hakimiyyəti dövründə artıq korrupsiyalaşmış, əlində milyardlarla pulu olan bir rejim idi. İndi təsəvvür edin ki, ölkədə müxalifətin maliyyə resursları iqtidarın resurslarından qat-qat çoxdur. Ona görə də qarşıdan gələn bir il ərzində Ermənistanda ciddi sabotajların, təxribatların şahidi olacağıq. Əksinqilabi prosesləri müşahidə edəcəyik. Əlbəttə, belə şəraitdə danışıqlardan nəticə gözləmək mənasızdır. Ümumiyyətlə, Paşinyan hökuməti ilə masaya əyləşməyin yeri yoxdur. Bunun əksinə ermənilərin bütün təxribatına hazır olmalıyıq.
- Naxçıvanın Şərur rayonunun Günnüt kəndi və ümumilikdə 11 min hektar ərazi düşməndən azad edildi. Aprel savaşından sonra artıq ikinci dəfədir ki, Milli Ordumuz torpaqlarımızın azadlığı uğrunda hərbi əməliyyat keçirir. Bu cür əməliyyatları necə dəyərləndirirsiniz?
- Biz qarşı tərəfə dirçəlməyə, ümumiyyətlə, nəfəs almağa imkan verməməliyik. Vaxtı ilə Ermənistan tərəfi bizə qarşı iyrənc siyasət yürüdürdü. 1988-ci ildən, yəni Qarabağ münaqişəsi başlayandan 1993-cü ilə, Heydər Əliyevin hakimiyyətə gəlişinə qədər Azərbaycana rəhbərlik edən şəxslərə nəzər salaq. Münaqişə ilk olaraq Kamran Bağırovun dövründə başlayıb. Daha sonra onu Ə.Vəzirov əvəzləyib. Ondan sonra Ayaz Mütəllibov hakimiyyətə gəlib. Bir müddət Yaqub Məmmədov prezident səlahiyyətlərini icra etdikdən sonra A.Mütəllibov yenidən rəhbərliyə qayıdıb. Nəhayət, Xalq Cəbhəsi hakimiyyətə gəlib. 5 il ərzində 8 dəfə Ordumuzun Ali Baş Komandanı dəyişib. Belə ölkənin müharibə aparması və uğur qazanması mümkün deyildi. O vaxt ermənilər Azərbaycandakı qeyri-sabitlikdən istifadə edərək torpaqlarımızı işğal etdilər. İndi vəziyyət dəyişib və bizə atılan bumeranq ermənilərə tərəf istiqamət alıb. Bu dəfə hədəf biz yox, düşmənimizdir. Böhranlı vəziyyət yaşayan Ermənistandır. Milli Ordumuz bütün imkanlardan istifadə edərək torpaqlarımızı qarış-qarış işğaldan azad etməlidir. Düşmən nə qədər zəifləsə, o qədər yaxşıdır.
İsmayıl