Daron Acemoğlunun Ermənistana dəvət olunması, yeni hakimiyyətin qərbyönümlü siyasətinin əlamətidir
Ermənistanın baş naziri Nikol Paşinyan dünya şöhrətli türkiyəli iqtisadçı, erməniəsilli Daron Acemoğlunu İrəvana dəvət edib. 2004-cü ildə Türkiyədən mühacirət edərək Massaçusets Texnologiya İnstitutunda işləməyə başlayan Acemoğlu Paşinyanın dəvətini geri çevirməyib.
Baş nazir onu Ermənistan iqtisadiyyatını dirçəltmək üçün ölkəsinə çağırıb. Paşinyan məşhur iqtisadçının razılığını onunla telefon danışığından sonra alıb. Acemoğlunun Ermənistana gedəcəyi tarix hələlik dəqiqləşməyib. Məlumat üçün bildirək ki, 1967-ci ildə İstanbulda anadan olan Daron Acemoğlu 2006-cı ildən Amerika İncəsənət Akademiyasının üzvü, Beyts Klark mükafatının laureatıdır. O, dünyanın nümunə göstərilən 10 ən yaxşı iqtisadçısından biridir. Acemoğlunun "Millətlər niyə çökür?” adlı kitabı ən çox oxunan və müzakirə olunan kitablar arasındadır.
Ekspertlərə görə, Paşinyanın bu cür şəxsləri Ermənistana cəlb etməsi düşmən ölkənin qərbləşməsi istiqamətində atılmış addımdır.
Politoloq Şahin Cəfərli deyib ki, əslən erməni olan Daron Acemoğlu Türkiyədə doğulub və Qalatasaray liseyini bitirib. Hazırda ABŞ-da dünyanın ən məşhur universitetlərindən olan MIT-nin professorudur: "Acemoğlu kifayət qədər mötədil mövqeli insandır. Onun Türkiyəyə və Azərbaycana qarşı hər hansı radikal fikrinə rast gəlməmişəm.
Türkiyəyə tez-tez gedir, konfranslarda iştirak edir, hökumətə tövsiyələr verir. Düzdür, onun təkliflərini nəzərə alan yoxdur. Lakin Paşinyan bildirib ki, Acemoğlu onun təklifini müsbət qarşılayıb və Ermənistanın iqtisadi inkişafına kömək edəcəyinə söz verib. Əgər Paşinyan erməni diasporasının gücünü və intellektual potensialını Ermənistanın inkişafına yönəldə bilsə, ciddi uğurlara nail ola bilər. Azərbaycan tərəfi bu amili nəzərə alıb, lazımi addımlar atmalıdır”.
Analitik bildirib ki, Paşinyan siyasi islahata hazırlıq görür: "O, əvvəlcə seçki qanunvericiliyini dəyişdirib erkən seçkiyə gedəcək. Parlamentdə üstünlük əldə edərsə, bunun davamı da gələcək. Paşinyan Türkiyə ilə münasibətlərin önəmini də dərk edir. Məncə o, Rusiyanın narazılığına əsas yaratmadan tədricən vəziyyəti dəyişməyə çalışacaq”.
İsmayıl