"Paşinyan Qarabağda yeni savaşdan danışmağa başlayıb" - Müharibə mümkündürmü ?






"Ermənistanın yeni baş naziri seçilən Paşinyan Qarabağda yeni savaşdan danışmağa başlayıb”.

Bu sözləri "Sherg.az”a siyasi şərhçi Azər Rəşidoğlu söyləyib. Ekspertin qənaətincə, ATƏT-in Minsk Qrupunun fəaliyyəti fiaskoya uğrayıb və artıq yeni format axtarışları gedir:

"Paşinyanın öz komandasına "qırğılar” yığması belə bir sual doğurur: yeni Qarabağ savaşı mümkündürmü? Minsk Qrupunun fəaliyyətsizliyi münaqişə tərəflərinə vasitəçilərsiz münasibətlərini ayırd etmək perspektivi yaradır:

"Lakin nəzərə alsaq ki, Bakı İrəvanla birbaşa, Moskva ilə dolayısı ilə münaqişə vəziyyətindədir. Azərbaycan və Ermənistanın kompromis əldə etməsi üçün Kremlin razılığı tələb edilir. Paşinyanın israr etdiyi digər məsələ Bakının Xankəndi arasında mümkün dialoq perspektividir. Azərbaycanın bu məsələdə mövqeyi bəllidir. 

Qarabağın erməni icması ilə danışıqlar iki istiqamətdə aparıla bilər - xalq diplomatiyası və Azərbaycan hakimiyyəti nümayəndələrinin öz vətəndaşları olan erməni sakinlərlə danışıqlara başlaması yolu ilə. Bakı Qarabağın erməni icmasını danışıqlar tərəfi kimi qəbul etmir. 

Əgər Paşinyan danışıqlar prosesinə Xankəndinin də daxil edilməsində təkid edərsə, Azərbaycan danışıqlar prosesindən çıxdığını bəyan edə bilər. Bu, artıq yeni savaşın başlanğıcı olar”.

Qeyd edək ki, Ermənistan hərbi birləşmələrinin 14-19 may tarixlərində Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində hərbi təlimlər keçirməsi, yeni baş nazir Nikol Paşinyanın Azərbaycana qarşı müharibə hədələri ilə çıxış etməsi cəmiyyətdə müharibə olacağı barədə fikirlər formalaşdırıb. Lakin yeni hökumətin atdığı addımlar əvvəlki hakimiyyətin siyasətindən fərqlənmir.

Aysel Aslan