Paşinyan-Saakyan qarşıdurması pik həddə çatıb
9 dekabr seçkisi böyük qarşıdurmalarla müşayiət olunacaq
Ermənistanda seçkiqabağı siyasi etirazlar qızışır. Əsas diqqətçəkən məqam baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla Dağlıq Qarabağ bölgəsində yaradılmış separatçı rejim arasındakı qarşıdurmadır. Onsuz da Paşinyanla "Qarabağ klanı"nın himayəsinə sığınmış qondarma rejim "rəhbəri” Bakı Saakyanın münasibətləri yaxşı deyildi. İddia edilirdi ki, 9 dekabr seçkisindən sonra Paşinyan Saakyanı özünə yaxın şəxslə əvəzləyəcək.
Bunu duyan separatçı Saakyan həmsədr ölkələrə səfər edərək gələcəyini təminat altına almağa, "Qarabağ klanı"nın tamamilə sıradan çıxarılmasına mane olmağa çalışır. Son olaraq Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş sazişi” partiyasının idarə heyətinin sədri Sasun Mikaelyanın "aprel inqilabının Qarabağ müharibəsindən daha üstün olduğunu” bəyan etməsi qondarma rejimin nümayəndələri ilə Paşinyan arasındakı gərginliyi pikk həddə çatdırıb. Gərginlik o səviyyəyə çatıb ki, tərəflər övladlarının hərbi xidmətə getmədiklərinə dair öz-özlərini ifşa etməyə başlayıblar.
Düşmən ölkədəki siyasi qarşıdurmanı "Şərq”ə dəyərləndirən analitik Ehtiram Aşırlı deyib ki, Paşinyan qondarma rejimin məmurlarının öz övladlarını hərbi xidmətə göndərmədiklərini bildirərək onları günahlandırıb. Qondarma rejimin nümayəndələri isə bunu təkzib edərək hərbi xidmətdə olmayan birinin Qarabağdan və xidmətdən danışmağa haqqının çatmadığını bildiriblər:
"Paşinyanın Qarabağdakı separatçı Saakyan rejimi ilə zidd düşməsi təəccüblü deyil. Çünki Saakyan keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın adamıdır. Bununla yanaşı Paşinyan "Qarabağ klan”ının mövqeyini zəiflətməyə çalışır. Lakin Paşinyan ilk zamanlar Azərbaycana qarşı sərt bəyanatlar səsləndirməklə "Qarabağ klanı”nın dəstəyini almaq niyyətində idi. Lakin sonrakı proseslərdə Paşinyanın "Qarabağ klanı”na bağladığı ümidlər özünü doğrultmadı. Qarabağdakı separatçı rejimin keçmiş iqtidarı dəstəkləməsi faktı Paşinyanın klana qarşı siyasətində dəyişikliklərə getməsinə səbəb oldu. Paşinyanın separatçı rejimin ünvanına sərt bəyanatlarının da buradan qaynaqlandığını ifadə edə bilərik. Bu baxımdan hazırkı vəziyyətdə Paşinyan "Qarabağ klanı”nı özünə qarşı maneə olaraq görür. Paşinyan bu klanı siyasətdən çıxara biləcəksə, onda o kresloda oturmağa davam edəcək. Böyük ehtimalla münaqişənin həlli üçün Azərbaycanla lazım olan müqaviləni bağlayacaq. Bu, ərazilərin Azərbaycana qaytarılması deməkdir. Faktiki olaraq, Paşinyanın addımları onun Qarabağı qaytarmaq niyyətinin olduğunun göstəricisidir. Məhz bu səbəbdən qondarma rejimin separatçı başçısı Saakyan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə səfər edərək həmin ölkələrə münaqişə ilə bağlı öz mövqeyini bildirirdi. Xüsusilə, Saakyan Rusiyaya səfər edərək Paşinyan ilə bağlı narahatlığını ifadə etmiş oldu”.
Ekspert bildirib ki, separatçı rejimlə Paşinyan arasında yaşanan gərginlik hazırda Ermənistanda böyük narahatlığa səbəb olub:
"Ermənistan Milli Assambleyasının xarici əlaqələr komissiyasının keçmiş sədri, keçmiş təhsil naziri, hazırda isə Serj Sarkisyanın Ermənistan Respublikaçılar Partiyasının liderlərindən olan Armen Aşotyan keçirdiyi brifinqdə "Bu hakimiyyət Ermənistanın maraqlarını müdafiə etmək qabiliyyətində deyil. Nikol Paşinyanı Qarabağ və onun problemlərindən kilometrlərlə aralı tutmaq lazımdır” açıqlaması ilə çıxış edib. Həmçinin, Ermənistanın sabiq müdafiə naziri, qarşıdakı parlament seçkilərində Ermənistan Respublikaçılar Partiyasının siyahısına başçılıq edən Vigen Sarkisyan "Mən hamını, o cümlədən baş naziri, Qarabağdakı qardaşlarımızı və ordu rəhbərliyini seçkiqabağı mübarizəni bir anlıq unutmağa çağırıram. O, 12 gün sonra bitəcək və biz rəqibimizlə (- red. burada Azərbaycanı nəzərdə tutur), onun çox güclü 100 minlik ordusu ilə üz-üzə qalacağıq.
Biz cavab vermək üçün hazır olmalıyıq. Daxili qurdumuz bizi yeyəcək” deyib. Hətta Ermənistan Respublikaçılar Partiyasının seçki siyahısında üçüncü olan David Şahnazaryan jurnalistlərlə söhbəti zamanı Paşinyanı Qarabağ məsələsi üzrə debata çağırdığını bildirib. Digər tərəfdən, qondarma rejimin tərkibində də parçalanma müşahidə olunur. Güc strukturları qondarma qurumun "milli təhlükəsizlik şurası”nın sədri Vitali Balasanyan, "milli təhlükəsizlik xidməti”nin sabiq direktoru Arşavir Qaramyan, digər tərəfdən isə Qarabağın sabiq "baş naziri”, hazırda Saakyanın "müşaviri” vəzifəsini tutan Arayik Harutyunyan qarşı-qarşıya gəlib. 2020-ci ilin payızında Saakyan Qarabağın rəhbəri seçilməyəcək. Ona görə də hər iki tərəf indidən seçkilərdəki mübarizəyə hazırlaşırlar. Arayik Harutyunyan özünün keçmiş fəaliyyəti və son bəyanatı ilə göstərdi ki, baş nazir Paşinyanın və Qarabağdakı demokratik islahatlar xəttinin tərəfdarıdır.
Ancaq güc strukturlarının təmsilçiləri əksinə olaraq Paşinyanın əleyhinə çıxmaqla, Ermənistandakı hakimiyyətə qarşı durmaq istəyirlər. Bununla da onlar başa salırlar ki, Qarabağı diktatorluq və hərbi xuntanın yaradılması yolu ilə idarə edəcəklər. Bütün bu proseslər baş verərkən mövqeyinin zəiflədiyini görən Paşinyan növbəti bir gediş edərək "Mən Qarabağın "rəhbərliyinə” bütün danışıqlar prosesi haqqında məlumat vermişəm” şəklində açıqlama verməklə erməni ictimaiyyəti qarşısında özünü təmizə çıxarır. Bütün bunlar onu göstərir ki, dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri öncəsində vəziyyət başqa məcraya yönələ bilər”.
İsmayıl