Paşinyana müvəqqəti fiqur kimi baxırlar

Ona görə də Dağlıq Qarabağ separatçıları baş nazirə “etibar” etmirlər




"Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanın rəqiblərinə simpatiya bəsləyir”. 

Bunu "Şərq”ə açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Ermənistandakı siyasi qarşıdurmanı şərh edən analitik bildirib ki, Paşinyan reallığın fərqindədir, ancaq mövcud vəziyyəti dəyişmək gücündə deyil: 

"Dağlıq Qarabağ separatçıları əvvəlki kimi Paşinyana problem yaradırlar. Misal üçün, Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan Paşinyanla görüşəndə onun fikirlərinə etiraz etmir, hətta razılaşdığını bildirir. 

Ancaq daha sonra Qarabağ separatçıları xəbər yayırlar ki, Paşinyan guya torpaqları Azərbaycana qaytarmaq istəyir. Baş nazir hətta Saakyanı onda ittiham edir ki, separatçıların lideri öz müşavirlərinə Ermənistanın baş naziri əleyhinə statuslar yazmağı tapşırır. Məncə, bu, ciddi ittihamdır. 

Paşinyan etiraf edir ki, bağlı qapılar arasında Qarabağla bağlı aparılan danışıqların bütün təfərrüatlarını Bako Saakyana təqdim edib. Halbuki, Paşinyanın iddiasına görə, Ermənistanın ondan əvvəlki liderləri separatçıların rəhbərinə heç bir məlumat verməyiblər. Başqa sözlə, keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyan Qarabağdakı tərəfdarlarına yuxarıdan aşağı baxıblar”.

Siyasi şərhçinin sözlərinə görə, Qarabağ separatçıları eks-prezidentlər - Koçaryan və Sarkisyandan hesabat istəmirdilər. Çünki bu adamların hər ikisi Azərbaycan torpaqlarının işğalına bilavasitə rəhbərlik ediblər: 

"Yəni Bako Saakyandan biri idilər. Paşinyan isə onlardan deyil. Ona görə də Dağlıq Qarabağ separatçıları baş nazirə "etibar” etmirlər. Paşinyan Azərbaycan dövlət başçısı İlham Əliyevlə qapalı görüşlərdə danışdıqlarını yazılı şəkildə nöqtə-vergülünə qədər Bako Saakyana çatdırsa da, heç bir xeyri yoxdur. Çünki separatçılar Paşinyana müvəqqəti fiqur kimi baxırlar və inanırlar ki, "Qarabağ klanı” Moskvanın dəstəyi ilə onu hakimiyyətdən uzaqlaşdıracaq”.

İsmayıl