Paytaxtda bərbad bağça, valideynlər narahatdır - MERİYADAN CAVAB - FOTO

Redaksiyamıza Sabunçu rayonu, Pirşağı qəsəbəsi 2-ci Sovxoz ərazisində yerləşən 283 saylı körpələr evi uşaq bağçasının binasının bərbad vəziyyətdə olması ilə bağlı məlumat daxil olub və bildirilib ki, bağçaya təxminən hər gün 20-30 uşaq gedir.

Həmçinin qeyd edilib ki, bununla bağlı sakinlər illərdir ki, rəsmi qurumlara müraciət etsələr də, bağça təmir edilmir, valideynlər isə məcburiyyətdən uşaqlarını sözügedən bağçaya qoyurlar.

Mövzu ilə bağlı Lent.az -a açıqlama verən Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib ki, həqiqətən də sözügedən bağçanın təmirə ehtiyacı var:
“Bununla əlaqədar bağçanın sökülməsi və yerində yeni, daha böyük bağçanın tikintisi ilə bağlı müvafiq qaydada müraciət olunub. Müraciət proqrama salındıqdan sonra bağça ilə bağlı işlər görüləcək”.